KÖŞƏ

Əmrah Fəqanoğlu

Torpaq ətri-dünyanin ən gözəl qoxusu...

01 oktyabr 2019 20:11
3507

yaxud “əbədi mövcudluğ”un sirri...

Payız gələr-gəlməz aramsız yağışlar yağmağa başlayıb... Səs-səmirləri gəlmir, çox güman ki, nəğməkar-köçəri quşlar da isti diyarlara, qərib ölkələrə uçub gediblər. Qalan qara-boz qarğalardı, hər gün vay-şivən qoparıb, haray- həşir salıb, öz mövcudluqlarını bəlli edirlər. Arada lap insan kimi səslər də çıxarıb təəccübləndirirlər. Qalan bir də boz sərçələrdi - hansı ki, həmişə deyirlər e, sərçədən bərk yapış, qaranquş gəldi-gedərdi, bax həmin sərçələr – civildəşə-civildəşə yem axtarır, tapan kimi də o yem üstündə bir-birləri ilə qırğına çıxırlar. Saralan yarpaqlarsa, güclü küləklə demirəm, xəfif mehlə belə öz saplaqlarından üzülüb, uçuşa-uçuşa ətrafa səpələnir. Asfalta qonanları da olur, bəxti gətirib torpağa düşənlər də... Torpağa tuş gələnlərin bəxti gətirir ona görə deyirəm ki, gec-tez torpağa qarışıb, əbədi həyat qazanacaqlar. Axı bütün canlıların əvvəli də, axırı da və yenidən “doğuluşu” da torpaqla bağlıdı. Reinkarnasiya barədə demirəm ha... Uca Yaradan müqəddəs kitablarda, o cümlədən də “Quran”da bəyan edir: “Biz sizi təmiz gildən (torpaqdan) yaratdıq və yenidən torpağa qaytaracağıq”. Bəli, cicmani olaraq topraqdan yaranmışıq hər birimiz və sonumuz da torpaqdır. Torpağa dönən cismimiz davamlı olaraq bir bitki, bir ağac yetişdirəcəksə, bu bizim üçün əbədi həyat anlamına gəlir. Yəqin bu səbəbdən qədim tenqrilikdə cismani ölüm inkar edilirdi, “gecəsi, zülməti  gələn insanın səhəri, işığı mütləq gələcək” inancı təlqin olunurdu. Dünyasını dəyişən insan üçün “gecəsi gəldi” - deyə, üzərinə qara örtük salıb, o örtüyün üstünə qızılı rəngdə ulduz tabaqlar səpilirdi. İnanırdılar ki, onun səhəri mütləq açlacaq, nə zamansa yenidən diriləcək. Qədim türklərin inancına görə, əgər günəş hər batandan sonra səhər yenidən doğurdusa, qışdan sonra həmişə yaz gəlirdisə,  insan da öləndən sonra mütləq dirilməli və yaşamağa davam etməli idi...

Payız ovqatlı söhbətimə yağışla, torpaqla başlamışdım axı. Bu gün səhər işə gələndə də narın yağış damlaları üz-gözümü islatdı ... Gödəkçəmin papağını  qəsdən qaldırmadım, dedim qoy islatmağa davam eləsin...  Yol kənarındakı otluqlardan torpaq qoxusu-dünyanın ən gözəl ətri gəldi burnuma. Bir anda sanki sehrləndim, nastogiyaya, xatirə duyğularına kökləndim, kövrəldim bir az da.. Gözlərim yaşardı, amma onsuz da heç kəs kirpiklərimdəki nəmin səbəbini bilməyəcəkdi, çox diqqət yetirən, zəndlə gözlərimə baxan olsa, onların uzaqbaşı yağışdan islandığını zənn edəcəkdi... Uşaq vaxtı hər dəfə yaz və payız yağışları ara verəndən sonra atamla traktora minib kəndimizin aşağısındakı göz işlədikcə uzanan üzüm plantasiyalarına ot biçməyə gedərdik.. Elə həvəs, elə sevinc sarardı ki, iç dünyamı, indi sözlə təsvir etməkdə çox acizəm... Dəryazla asta-asta ot biçə-biçə yağışın yenicə islatdığı otların, ən əsas da toprağın ətrindən necə bihuş olurdumsa, arzularımın, xəyallarımın ən üst qatında qanadlanıb uçurdum. Mənə görə, yağışdan islanmış torpaq ətri həm də nəsillərdən-nəsillərə ötürülən və bu günümüzə gəlib çatan kodlaşdırılmış, möcüzəvi bir iskir idi. İndi də bu qənaətdəyəm. Axı torpaq “əcdadadlarımzın məskəni”, “övladlarımızın mədfəni” (A.Səhhət) olmaqla bərabər, həm də onların cismini və ruhunu bu günümüzə daşıyan, sabahımıza ötürən ən müqəddəs, ən əvəzedilməz istinadgahdır. Həm sadiq yardır adama (“mənim sadiq yarım qara torpaqdır”-Aşıq Veysəl), həm ana, həm də ən etibarlı dost. Ən əsası isə, yükümüzü çəkir hər mənada: yaşadır, yedirir, geyindirir, bəsləyir, sevməyi, sevilməyi öyrədir. Amma gərək biz də torpağa sevimli yar, doğma ana, sədaqətli dost kimi davranaq. Düşmənlərdən qoruya bilək, vaxtlı-vaxtında əkib-becərə bilək, sabahkı nəsilə ən qiymətli əmanət olaraq ötürməyimizdən ötrü təəssübünü layiqincə çəkək, qədrini bilək. Unutmayaq ki, ətri də, özü də əsl cənnət olan torpağımıza  vəfada, etibarda, güvəndə heç nə, heç kim çata bilməz.  Aşıq Veysəlin vəsfində daha möhtəşəm səslənir bu güvən, bu etibar:

...Qarnın yardım qazma ilə, bel ilə,

Üzün yırtdım dırnaq ilə, əl ilə.

Yenə məni qarşıladı gül ilə,

Mənim sadiq yarım qara torpaqdır...