KÖŞƏ

Sevinc Azadi

Zəif ordu, ac əsgər...

15 avqust 2018 22:59
5349

İqtisadi böhran bataqlığında boğulan Ermənistanda korrupsiya və rüşvətxorluğun total şəkil alması, kənd təsərrüfatının iflic vəziyyətinə düşməsi, digər tərəfdən, sürətli inflyasiya ölkəni məhvə sürükləyir. Davamlı olaraq artan qiymətlərlə hökumətin açıqladığı rəqəmlər arasında böyük ziddiyyət var. Bunun ən bariz nümunəsi aclıq və səfalət içərisində yaşayan erməni xalqıdır. Son vaxtlar Ermənistanın müdafiə sistemindəki vəziyyət daha da acınacaqlı hal alıb. Belə ki, Ermənistanın milli təhlükəsizlik nazirliyi erməni general Manvel Qriqoryanın evində və istirahət zonasında keçirdiyi xüsusi əməliyyatın görüntülərini yayıb. Həmin görüntülərdə axtarış zamanı külli miqdarda silah-sursatın, həmçinin əsgərlər üçün nəzərdə tutulan azuqələrin mənimsənildiyi üzə çıxıb. General bağ evini silah-sursat anbarına və onlarla klassik və müasir avtomobildən ibarət qaraja çevirib. Bundan əlavə, bağdan, əsgərlərin azuqə paylarının, hərbi geyimlərinin və dərmanlarının anbarı kimi istifadə olunub. İstirahət evinin ərazisində, eyni zamanda, generalın pələnglər, ayılar, tovuzquşları, dəvəquşularından ibarət şəxsi zooparkı olub. İddiaya görə, aprel döyüşləri zamanı erməni əsgərləri üçün nəzərdə tutulan ərzaq paylarını Manvel Qriqoryan öz zooparkındakı heyvanlara yedirdib.

Bu gün Ermənistan ordusunun şəxsi heyəti arasında mənəvi-psixoloji durum və nizam-intizam yox dərəcəsindədir. Orduda fərarilik halları gündən-günə artmaqdadır. Bu, ordunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində daha qabarıq şəkildə nəzərə çarpır.  Ermənistanın nüfuzlu “Jamanak” qəzeti yazır ki, hazırda bu ölkənin Milli Təhlükəsizlik Xidməti müdafiə və ümumilikdə hərbi sahədə hökm sürən özbaşınalıq, korrupsiya, rüşvətxorluq, xüsusilə gənclərin saxta sənədlərlə ordudan yayınması hallarının araşdırılması və ictimailəşdirilməsi məsələləri ilə məşğul olur. Qəzet öz etibarlı mənbələrinə istinadən xəbər verir ki, Noyemberyan ərazisində yerləşən hərbi hissələrdə əsgərlər hər dəfə postlara döyüş mövqelərinə getməzdən öncə evləri ilə əlaqə saxlayaraq valideynlərindən onlara ərzaq almaları üçün pul göndərmələrini xahiş edirdilər. “Hər dəfə hər əsgərdən 7-10 min dram (25-35 manat) məbləğində pul toplayırdılar. Məsələ bundadır ki, mövqelərdə yerləşdirilən və döyüş növbəsi üçün postlara qalxan əsgərlərə yemək verilmir. Bu səbəbdən ərzaq və siqaret almaları üçün əsgərlər evlərinə, öz valideynlərinə müraciət etmək məcburiyyətində qalırlar”, - deyə qəzet yazır.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın orduda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan etməsi vəziyyəti daha da ağırlaşdırıb. Belə ki, bu qadağadan sonra Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı da kəsməyə başlayıb. Bu barədə “Sputnik Ermənistan” agentliyi hərbi hissələrdəki mənbəyə əsasən məlumat yayıb. Adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib ki, artıq bir neçə gündür müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər və nəticədə aclıqdan əziyyət çəkməmək üçün özləri ilə qida gətirməkdən başqa çıxış yolları qalmır. Agentliyə məlumat ötürən mənbə deyib ki, hərbi hissə komandanlıqları döyüş yox, sadəcə texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə, yemək verilməməsi ilə bağlı “yuxarıdan” əmr alıblar. Bu mənada “Sputnik Ermənistan” qeyd edir ki, orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır.  Agentliyin mənbəyinin məlumatına görə, başlıca problemlərdən biri də hərbçilərin özləri ilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. Yay aylarında isə bu problem daha da aktuallaşır. Həmçinin hərbçilərin hər dəfə özləri ilə yemək daşıması çətinlik yaradır. Məsələni araşdıran agentlik Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. Nazirlik bütün ittihamları rədd edərək bildirib ki, qida təminatları üçün müqaviləli hərbi qulluqçulara aldıqları maaşlardan əlavə 10 min dram (20 ABŞ dolları) pul verirlər. Hərbi qulluqçular isə indiyədək həmin pulu “görmədiklərini” deyirlər.  Qeyd olunur ki, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər. Gənclərin ölkəni tərk etməsi səbəbindən onsuz da orduda xidmət etməyə əsgər tapmayan rəsmi İrəvan bu gedişlə, muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər.