KÖŞƏ

Sevinc Azadi

Pandemiya dövründə uğurun əsas şərti:  Məsuliyyətli olmaq

18 may 2020 10:49
1808

Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Bir sıra məsələlərdə əksər ölkələrdən öndə olan Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən işlərdə də dünyaya nümunə göstərilir. Bu da səbəbsiz deyil. Belə ki, ölkəmizdə yeni növ koronavirus infeksiyasının qeydə alındığı ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edən dövlətimiz infeksiyanın geniş yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımları atıb.

Xatırladaq ki, aprelin 27-dən etibarən karantin qaydaları yumşaldıldı. Amma yumşalma tədbirləri başlayan kimi yoluxanların sayı da artmağa başladı. Prezident İlham Əliyev bu vəziyyətlə bağlı qeyd edir: “Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar.”

Etiraf edək ki, sosial izolyasiya tədbirləri üçün dövlət indiyədək əlindən gələni edib və etməkdədir. Prezident ilk gündən koronavirusun Azərbaycanda pandemiyaya çevrilməsinin qarşısını almaq üçün istənilən tədbirləri gördü, lazım olan vəsaitlər ayrıldı. Əslində elə məhz bu tədbirlər nəticəsində virusun geniş yayılmasının qarşısı alındı və birinci mərhələdə böyük qələbə çaldıq. Amma sosial izolyasiya ilə bağlı böyük bir problem var. Bəziləri baş verənləri qeyri-ciddiyə alır, maska və qoruyucu vasitələrdən istifadə etmirlər. Amma bir məqamı unutmaq lazım deyil ki, dünyanın hegemon dövlətlərinin əlində aciz qaldığı və planet əhalisinin yarısından çoxunu əsir edib karantinə aldığı koronavirusa barmaqarası yanaşmaq olmaz. Təsəvvür edin, dünya əhalisinin sayı 7 milyard 8 yüz milyonu keçib. Ümumi yoluxanların sayı isə 4 357 791 nəfərdir. Bu isə o deməkdir ki, dünya əhlisinin təxminən hər 1800 nəfərindən biri koronavirusa yoluxub. Azərbaycanda isə bu göstərici iki dəfə yaxşıdır. Çünki Azərbaycan əhalisinin sayının 10 milyon olduğunu nəzərə alsaq, hər 3700 nəfərdən birinin bu virusa yoluxduğunu görərik.

Düşmən Ermənistanda isə Azərbaycanla müqayisədə vəziyyət çox gərgindir. Əhalisi təxminən 3 milyon nəfər olan Ermənistanda bu günədək 4000-dən çox yoluxma halı qeydə alınıb. Bu isə o deməkdir ki, ölkədə təxminən hər 800 nəfərdən biri artıq virusa yoluxub. Rəqəmlərdən də göründüyü kimi, müqayisədə yaxşı vəziyyətdəyik. Amma çalışmaq lazımdır ki, bundan sonra səhv buraxmayaq.

Artıq ölkə daxilində tibbi maska istehsalına başlanılıb, apteklərdə də maska qıtlığı aradan qalxıb. Yəni heç bir bəhanə üçün əsas yoxdur. Ölkə başçısı haqlı olaraq qeyd edir ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyətli olmasıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq: “Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik.” Bütün bunların baş verməməsi üçün Azərbaycan insanından bircə şey tələb olunur: Karantin qaydalarına əməl et, özünü, ailəni, Vətəni qoru!