KÖŞƏ

Zahid Rza

01 avqust 2018 17:14
1647

Paşinyanın “monotamaşası”

Yaxud “bir aktyorun oyunu” Ermənistanı hara aparır?

Ermənistanda “məxməri  inqilab” bitsə də, inqilabdan əvvəlki köhnə problemlərinin üstünə indi də inqilabdan sonrakı  yeni müşküllər əlavə olunub. Hazırda işğalçı ölkə uzun illər hakimiyyətdə olmuş cinayətkar rejimin ifşası və həbslər dalğasının tüğyan etməsindən başqa, indi həm də hakimiyyətdaxili çəkişmələr, klanlararası qovğalar səngimək bilmir. Ermənistanın  “böyüklərini” hazırda səfalətə sürüklənən ölkənin durumundansa,  “Ermənistanı kim idarə edəcək?”, daha doğrusu, “Ermənistanı kim idarə etməlidir?” sualı deyəsən daha çox düşündürür.

Bu günlərdə Ermənistanın ilk baş naziri, Respublika İctimai Şurasının başçısı Vazgen Manukyanın bəyanatında da bu məsələ öz əksini tapıb: “Ermənistanın “bir aktyorun oyun teatrına” çevrilməsi narahatlıq doğurur. Demək olar ki, müxalifət partiyaları, ictimai təşkilatlar, mətbuat və s. ilə  tarazlıq gözlənilmir. Sanki hamı qorxu içində nəsə gözləyir. Bu yol 37-ci illərə, müharibəyə və Ermənistanın beynəlxalq aləmdən təcrid olunmasına aparıb çıxara bilər”.

Təcavüzkar ölkənin “lragir.am” saytında yer alan müəllif yazısında  Manukyanın bu bəyanatına istinadən Ermənistanı gözləyən fəlakətlərlə bağlı təşviş ifadə olunub. Yazıda qeyd olunur: “Əlbəttə, problem var və  bu yeni reallıqların bir nəticəsidir. Məsələ ondadır ki, mətbuat və ictimai təşkilatlar  bir neçə onilliklər ərzində əvvəlki hakimiyyət orqanlarının qanunsuzluğundan yazırdılar, onlarla mübarizə aparırdılar və indi də heç kəs qorxmur. İndi nəyə qarşı mübarizə aparmaq lazımdır? Korrupsiya və qanunsuzluqlara qarşı? Yeni hökumət artıq bütün bu nöqsanlarla və boşluqlarla mübarizə aparır.  Mətbuat və QHT-lər isə bunun rezonansı ilə məşğuldur. Amma müxalifət partiyaları ilə bağlı məsələ aydın deyil, Vazgen Manukyan kimi nəzərdə tutur? Keçmiş müxalifət də bu hadisələrlə mübarizə aparırdı və onların bir hissəsi indi hakimiyyətdədir. Ümumiyyətlə, “bir aktyorun teatrı”na qədər Ermənistan kriminallaşmış - oliqarxik sistemin fonunda bir sirki xatırladırdı. İndi bu sistem məhv olub, yeni situasiya yaranıb və bunu hamı, o cümlədən yeni hökumət də  başa düşməlidir. Qeyri-müəyyənlik, yaxud Vazgen Manukyanın dediyi kimi, qorxu və gözlənti bundan irəli gəlir.  Qeyd etmək lazımdır ki, əvvəlki sistemin izi hələ qalır, yeni situasiyaya adekvatlıq problemi ilə də hamı qarşılaşır”.

Yazıda dərin narahatlıqla vurğulanır ki, “Bir aktyorun teatrı”nın-yaxud Paşinyanın “monotamaşasının” hara aparacağı isə sistem dəyişikliyindən və ictimaiyyətin yeni situasiyaya adekvatlığından asılıdır: “Bu istiqamətdə yeni hökumətin sistemli siyasəti isə gözə çarpmır,  qarşıdan gələn seçkilər kontekstində indi daha çox operativ qərarlar qəbul edilir”.

Görünən budur ki, işğalçı ölkə yağışdan çıxıb yağmura düşüb: Əvvəlki problemlərin öhdəsindən gəlməmiş, yeni çətinliklərlə üzləşib.  Anlaşılır ki, yeni yola çıxdığını güman edən Ermənistanın köhnə çığırından azmağı azmış kimi, “yeni yolunun” aparacağı ünvan da qeyri-müəyyən, qorxulu və qaranlıq  istiqamətə imiş. Bunu isə biz demirik, artıq özləri etiraf edirlər...

Sevinc Abdullayeva,

“İki sahil”