11 yanvar 2019 10:54
6692

Dünyanı əhatəyə alan süni peyklər aləmində Azərbaycan faktoru

Peyklər haqqında müasir insanlarda müəyyən informasiya olsa da, onlarla bağlı əlavə məlumatın verilməsi yerinə düşərdi. Hər şeydən öncə qeyd etmək lazımdır ki, planetlərin ətrafında dönən göy cisimlərinə peyk adı verilir. Süni və təbii peyklər mövcuddur. Süni peyk yerin ətrafında pilotsuz uçan kosmik aparatdır. Yer ətrafında insan əli ilə hazırlanan çox sayda süni peyk orbital fəaliyyətdədir. Deməli, süni peykin dairəvi hərəkət marşrutu orbitdir. Dünyanın tək təbii peyki Aydır. Ümumiyyətlə, “peyk” sözü kosmosa atılan və kosmosda dünya ya da başqa bir cisim ətrafında hərəkət edən bir maşını ifadə edir. Peyklər fərqli növ və ölçülərdə olur, müxtəlif vəzifələri yerinə yetirir. Meteoroloji peyklər meteoroloqlara hava durumunu proqnozlaşdırmağa və ya bu anda baş verənləri görməyə imkan verir. Geostasionar ekoloji istismar peyki (GEİP) yaxşı bir nümunədir. Bu peyklərin tərkibinə adətən Yerin havasını göstərən kameralar da daxil edilir. Rabitə peykləri telefon danışıqlarının peyk vasitəsilə ötürülməsinə imkan verir. Rabitə peykinin ən vacib xüsusiyyəti transponderə malik olmasındadır. Transponder bir tezlikdə danışığı qəbul edir, onu gücləndirir və sonra siqnalları başqa tezlikdə Yerə qaytarır. Bir peyk adətən yüzlərlə və ya minlərlə transponderdən ibarət olur. Rabitə peykləri adətən geosinxron (bu barədə daha sonra) olur. Televiziya peykləri isə (rabitə peykləri ilə təxminən eyni funksiyadır) televiziya siqnallarını bir nöqtədən digərinə ötürür. Elmi peyklər, məsələn Edvin Habblın şərəfinə “Hubble Space Telescope” adlandırılan peyk kimi, bütün növ elmi missiyaları yerinə yetirir. Bu peyklər günəş ləkələrindən qamma şüalarına qədər hər şeyi seyr edir. Naviqasiya peykləri təyyarələrə uçmağa və gəmilərə üzməyə kömək edir. GPS NAVSTAR və GLONASS peykləri naviqasiyanın parlaq nümayəndələridir. Xilasetmə peykləri həyəcan və SOS siqnallarına reaksiya verir. Yerin müşahidə peykləri planetdəki temperaturdan buz örtüklərinə qədər dəyişiklikləri qeyd edir. Bu sinifin ən məşhur peyki “Landsat” seriyasıdır.

Hərbi peyklər də kosmosda fəaliyyət göstərir, lakin onların çoxunun funksiyası gizli qalır. Onlar şifrəli məlumatları ötürə bilir, nüvə silahlarını, düşmən hərəkətlərini izləyə bilir, raket buraxılışları barədə xəbərdarlıqlar edə bilir, yerüstü radiostansiyaları dinləyə bilir, radiolokasiya və xəritə görüntülərini əldə edə bilir.

Milli kosmik sənayenin yaranmasından danışarkən isə qeyd edilməli əhəmiyyətli məqam odur ki, ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu 70-ci illərdə respublikamızda kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı işlərinə başlanılmışdır. Həmin dövrdə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış, “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” və getdikcə inkişaf edən elmi infrastruktur əsasında hazırlanmış kosmik cihazlarımız uzun müddət “Salyut-7” və “Mir” orbital komplekslərində uğurla fəaliyyət göstərmişdir. Lakin müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi-iqtisadi qeyri-sabitlik və idarəetmə sistemindəki səriştəsizlik digər sahələrdə olduğu kimi, kosmik sahədə də formalaşmış infrastruktur və ənənələrin dağılmasına, xüsusilə də dəyərli insan kapitalının ölkədən getməsinə - “beyin axını”na səbəb olmuşdur.

Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması üzrə yeni səhifə Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə açılmışdır. Məhz bu illərdə sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlamışdır. Belə bir əlverişli şəraitdə, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunmuş, növbəti 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına əlverişli şərait yaradılması və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək, ölkənin beynəlxalq imicinin daha da yüksəldilməsi olmuşdur.

Xüsusi vurğulayaq ki, dövlətlərin kosmik missiyaları müxtəlif səviyyələrdə ola bilər, lakin əksər böyük və uğurlu kosmik layihələr məhz beynəlxalq əməkdaşlıq, güclərin birləşdirilməsi sayəsində ərsəyə gəlir. Bu baxımdan, artıq peyk xidmətləri sahəsində müəyyən təcrübəyə və insan potensialına malik Azərbaycan da beynəlxalq kosmik layihələr çərçivəsində əməkdaşlığa töhfələr verir. Bu istiqamətdə “Azərkosmos”un əməkdaşlıq coğrafiyasını Rusiya, Fransa, ABŞ, Malayziya, Hindistan, Türkiyə, Belarus və regionun, habelə dünyanın digər ölkələri təşkil edir. Beləliklə, durmadan inkişaf edən peyk dövründə Azərbaycan da yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sevinc Azadi, “İki sahil”