![]() |
Zahid Rza |
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin olunub, sənayeləşmə iqtisadiyyatın əsas prioritetlərindən birinə çevrilib, Azərbaycan iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuz sahibinə çevrilib. Ötən illər ərzində ölkəmizdə qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilmiş, sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.
Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi , xüsusilə Bakıda və paytaxtətrafı zonalarda aparılan işlərin intensivləşməsi, sahibkarlığın inkişafına diqqətin artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin həllinə yönəlmiş islahatlardandır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının reallaşması nəticəsində digər sahələr kimi, sənayenin inkişafına da diqqət artırılmış, sənayeləşmə siyasəti bölgələri də əhatə etmişdir. Son üç ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları tikilmiş, emal müəssisələrinin sayı artırılmışdır. Perspektivlər isə düşünülmüş və əhatəlidir.
Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədə polad istehsalı, neft-qaz emalı və neft-kimya kompleksləri, gəmiqayırma və sement zavodlarının inşası, alüminium sənayesinin inkişafı önəmli sahələr kimi daim diqqətdə saxlanılır.
2015-ci ildə emal sənayesinin bütün istiqamətlərində dinamik inkişaf müşahidə olunub. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 26,2 milyard manatlıq, və ya əvvəlki illə müqayisədə 2,4 faiz şox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı məlumatına görə, mədənçıxarma sektorunda məhsul istehsalı 2,0 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 5,5 faiz artıb. Emal sektorunda qida məhsullarının istehsalı 2,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 67,3 faiz, kağız və karton istehsalı 7,5 faiz, poliqrafiya məhsullarının istehsalı 86,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 43,2 faiz, tikinti materiallarının istehsalı 6,3 faiz, hazır metal məhsullarının istehsalı 54,1 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 1,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,6 faiz, mebel istehsalı 10,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,7 dəfə artıb. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,8 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,4 faiz artıb, neft sektorunda isə ötən ilin səviyyəsində qalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2016-cı il vəziyyətinə 317,5 milyon manatlıq hazır məhsul olub.
Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasına uyğun olaraq respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, sənayenin modernləşdirilməsi, regionlarda ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması bundan sonra da iqtisadiyyatın dinamik inkişafını təmin edəcək, əhalinin rifah halını yaxşılaşdıracaq, məşğulluq səviyyəsini yüksəldəcəkdir.