KÖŞƏ

Elçin Zaman

Nikol Paşinyanın gerizəkalılıq sindromu və özünüifşa avanturası

21 iyun 2019 18:43
3266

Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar və ümumilikdə əndrabadi siyasi “manevrləri” onun çox gerizəkalı olduğunun göstəricisidir və bununla ölkəsinə, onun işğalçılıq siyasətinə qarşı hər gün daha çox qınaq yaradır. Məsələn, onun ATƏT-in Minsk qrupunun mövcud formatından imtina etmək və yeni variantların axtarılmasına dair fikirləri həm Azərbaycanda, həm də ATƏT-də ciddi etirazla qarşılandı. Ona görə ki, bu format münaqişənin həllində  beynəlxalq hüquqa söyəkənir.

Xüsusilə1975-ci ilin avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsində imzalanan Yekun Aktda 10 əsas prinsipi rəhbər tutulub. Bunlardan ən əsasları suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı prinsipi və sairədir. Ölkəmiz bu Aktı 1992-ci ildə imzalamışdır. Yekun Aktına görə, İkinci Dünya Müharibəsindən sonrakı ərazi münaqişələrinin həlli ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğunlaşdırılır.

Bundan başqa, münaqişələrin həllini beynəlxalq hüquq çərçivəsində  gündəmə gətirən ən nüfuzlu beynəlxalq təşkilat BMT-nin də işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunmasına dair məlum dörd qətnaməsi mövcuddur. Bunlar bir daha aydın şəkildə göstərir ki, Ermənistan işğalçıdır və Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək qaçılmazdır.

Nikol Paşinyan isə iddia edir ki, Azərbaycan Ermənistanla deyil, guya qondarma “DQR” xalqı ilə müharibə aparır. Ona görə də o, danışıqlarda daha çox qondarma “DQR”in əhalisinin tərəf kimi iştirak etməsini irəli sürür. Əgər onun dedikləri həqiqətdirsə, bəs bu debil “siyasətçi”başqa bir dövlətin rəhbəri olduğu halda, niyə beynəlxalq aləmin də Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağa tez-tez səfər edir? Onun bir ay əvvəl  Şuşaya gəlib burada “Yallı” getməsi isə Ermənistanın işğalçı simasını dünyaya bir daha göstərmiş oldu.

Ən dəhşətlisi isə onun oğlunun Ermənistan vətəndaşı olduğu halda Azərbaycanın ərazisində, Dağlıq Qarabağda əsgəri xidmətini davam etdirməsidir. Bu, heç bir ciddi siyasətçiyə, dövlət başçısına müsbət şeylər vəd etmir. Bununla Paşinyan erməni xalqı qarşısında bəlkə də müsbət imic qazana bilər, ancaq bütün dünyada bunu  avantürist bir siyasi fəaliyyət kimi dəyərləndirirlər.

Bu arada ölkəmiz üçün bir önəmli faktı da qeyd etmək lazımdır. Avropa İttifaqının yüksək rəsmiləri bildiriblər ki, Paşinyanın iddia etdiyi kimi, yeni formatın yaradılmasına ehtiyac yoxdur və razılaşdırılmış variantlara alternativ axtarmaq mənasızdır. Bu, əslində Nikol Paşinyana ciddi mesajdır ki, artıq bu münaqişənin həlli istiqamətində imitasiya ilə məşğul olmaq deyil, əksinə ciddi addımların atılmasının zamanı çatıb. 

Nikol Paşinyan hakimiyyəti bir çox hallarda özünü Avropaya meyilli siyasətçi kimi göstərməyə çalışır. Hətta onun bir müddət əvvəl ölkəsindəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına yönəlik fikirlərini də hökumətindəki bir çox məmurlar dəstəkləyiblər. Xüsusilə Ermənistanın müdafiə naziri David Tonoyan da bu istəyi açıq şəkildə dilə gətirərək  102-ci hərbi bazanın statusunun dəyişdirilməsini sətiraltı ifadə edib. Ötən ilin payızında Ermənistanın Panik kəndində rus hərbçilərinin təlimləri belə Ermənistan rəhbərliyinin sərt reaksiyası ilə qarşılaşmışdı və rəsmi şəkildə Rusiyanın əleyhinə çoxsaylı bəyanatlar səslənmişdi. Hətta baş nazir Nikol Paşinyan Moskvanı məsələyə rəsmi münasibət bildirməyə çağırmışdı. Lakin sonradan fikirlərində bəzi dəyişikliklər etdi.

Bəs görəsən Ermənistan müdafiə nazirinin  səsləndirdiyi antirusiya bəyanatlarının arxasında nə gizlənir? Rusiyalı politoloqlar hesab edirlər ki, Paşinyan hökuməti Avropadan pul qopartmaq üçün ikili oyun oynayır. Eyni zamanda, göstərmək istəyir ki, onun hakimiyyəti ölkəsini Rusiyanın orbitindən çıxarmağa çalışır.

Ermənistan mətbuatı yazır ki, Moskva Ermənistanı sözəbaxan, Rusiyanın sözü ilə oturub-duran ölkə kimi görmək istəyir: “Lakin Rusiya bir dəfə də olsun Ermənistanı xilas etməyib, əksinə, onu yalan vədlərlə doyuzdurub, Azərbaycanla münasibətləri qabardıb. İndi isə biz Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq istəyirik.”

Məhz ötən il Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsi  Rusiyanın hakim dairələrində birmənalı qarşılanmadı. Ruslar bunu Qərbin əlinə oynayan Paşinyan hakimiyyətinin Rusiyaya  təzyiq vasitəsi kimi yozdular. Çünki həm Koçaryan, həm də Sarkisyan Rusiyanın ən sadiq köpəkləri olublar.

Təbii ki, Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi heç də göründüyü kimi sadə deyil. Çünki Avropa Birliyi ərazilərində münaqişə olan dövlətləri öz sıralarına qəbul etmək niyyətində deyil. Bu səbəbdən də ilk növbədə Ermənistandan Dağlıq Qarabağ münaqişəsini birdəfəlik həll etməyi tələb edirlər. Bütün beynəlxalq normativlərə əsasən isə problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun digər variantı isə sadəcə mümkün deyil.

Bir sözlə, bu gün Avropada Ermənistana qarşı mənfi münasibət dəyişməyib. Bu, özünü Nikol Paşinyanın son bir neçə ayda  ianələr üçün Avropaya etdiyi səfərlərin uğursuzluğunda da göstərdi. Əliboş qayıdan Paşinyan ölkəsinin geosiyasi mövqelərinin hələ də zəif olduğunu bir daha anladı.