KÖŞƏ

Elçin Zaman

Paşinyanın reytinqi niyə sürətlə düşür?

04 iyul 2019 10:35
3112

Küçə demokratiyasından saray antidemokratiyasına doğru

Ötən yazılarımızda Ermənistanın baş naziri Nikol  Paşinyanın avantürist addımları və populist çıxışları ilə bağlı yazmışdıq. Xüsusilə qeyd etmişdik ki, onun oğlunun Azərbaycanın işğal altındakı torpaqlarında hərbi xidmət keçməsi erməni ictimaiyyətinə hesablansa da, beynəlxalq ictimaiyyət üçün bu, qəbuledilməzdir və beynəlxalq hüquqda presedent yaradır. Axı, Azərbaycan tərəfinin iddiasının əksinə olaraq Paşinyan bildirir ki, Qarabağdakı hərbi qüvvələr guya qondarma “Dağlıq Qarabağ Respublikası”na aiddir.

Eyni zamanda getdikcə o da məlum olur ki, Nikol Paşinyan küçə mitinqlərində Ermənistana demokratiya vəd etsə də, ermənilər reallıqda bunun əksini görürlər. Xüsusilə son bir neçə aydır ki, Paşinyan ona müxalif olan qüvvələrə qarşı repressiv siyasətini davam etdirir. Belə ki,  bir müddət öncə o, müxalifət mətbuatını  yerləşdiyi binadan çıxardı, daha sonra onun siyasətini tənqid edənlərə qarşı ciddi şəkildə hücuma keçdi.

Ən başlıcası isə Nikol Paşinyan özünə ciddi rəqib gördüyü qüvvələri ya həbsə atdırmağa başladı, ya da onların maliyyə qaynaqlarını bağlatdırmağa cəhd etdi. Belə ki,  eks-prezident Robert Koçaryana yaxınlığı ilə seçilən “Adekvat” partiyasının rəhbəri Artur Danielyan Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib və ona orada ciddi təzyiqlər edilib.

O da məlumdur ki, “Adekvat” partiyası Ermənistanda Rusiyayönümlü siyasi təşkilat kimi xarakterizə olunur və Paşinyanın da iddia etdiyi kimi guya Rusiyadan maliyyələşir. Xatırladaq ki, “Adekvat” üzvləri dəfələrlə Koçaryanın həbsi, eləcə də Paşinyanın tərəfdarlarının məhkəmə binalarını tutmasına etiraz olaraq aksiya təşkil etməklə gündəmə gəlmişdi.

Bu arada erməni mətbuatı yazır ki, Koçaryanın yenidən həbsi onun reytinqini bir az da yüksəldib. Beləliklə də Paşinyanın siyasi gedişləri, Koçaryan əleyhinə apardığı  qara piar kampaniyası əks effekt verərək  onun siyasi fiqur kimi dirçəlməsinə səbəb olub.

Əslində Koçaryanın reytinqinin yüksəlməsinə səbəb isə Nikol Paşinyanın özünü siyasətçi kimi deyil, daha çox artist kimi aparmasıdır. Yalan vədlər, sərsəm açıqlamalar, düşük iddialar onun siyasi reytinqini sürətlə sıfıra endirir.

Nikol Paşinyanın siyasi nüfuzunun erməni cəmiyyətində  və erməni diasporu arasında aşağı düşməsinin bariz nümunəsi isə hakim “Vətəndaş müqaviləsi” partiyasından olan namizəd Qriqor Qulyanın Abovyan meri uğrunda keçirilən seçkilərdə hazırkı mer Vaaqn Gevorkyana uduzmasıdır.

Bu gün onun rəhbərlik etdiyi Ermənistanda sosial və iqtisadi vəziyyət durmadan cətinləşir. Nikol Paşinyan isə ölkə büdcəsini doldurmaq üçün əcaib variantlara əl atır. Boş və talan edilən ölkədə baş nazir çıxış yolunu Serj Sarkisyan dövründə çalışmış məmurların var-dövlətini ələ keçirməkdə görür.

Belə ki, ötən aylarda Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan və kənd təsərrüfatı naziri Serqo Karapetyan dövlətə ziyan vurmaqda ittiham olunublar və barələrində cinayət işi açılıb. Onlar dövlət subsidiyası ilə fermerlərə güzəştli qiymətlərlə verilən gübrələr bağlı maxinasiyada ittiham ediliblər. Nəticədə keçmiş maliyyə naziri Qaqik Xaçatryan öz yerinə və nazir həmkarı Serqo Karapetyanın yerinə büdcəyə 2 milyon dollardan artıq vəsaiti geri qaytarıb. 

Ermənistanın dövlət büdcəsinin zəifliyi bir daha özünü onda göstərir ki, Paşinyan hökuməti Dağlıq Qarabağ separatçılarının maliyyə yardımı barədə xahişlərini rədd edib. Bu sensasion məlumatı erməni mediası yayıb. Məlumatda, həmçinin bildirilir ki, maliyyə yardımı barədə xahişlər artıq üçüncü aydır Ermənistan hökuməti tərəfindən rədd edilir. 

Bu arada Ovik Karapetyan adlı bir jurnalist isə Nikol Paşinyanı sərt tənqid edərək  Ermənistanın Azərbaycana iqtisadi cəhətdən həmişə açıq şəkildə uduzduğunu yazıb: “Ermənistanda hökumətin nəzarətində olan medianın Azərbaycanla bağlı yazdıqları reallığı əks etdirmir. Orada problemli kreditlərlə bağlı verilən fərman, minimum əməkhaqlarının bir ildə iki dəfə artırılması birbaşa və dolayısı ilə bütün insanlara təsir edir. Bu da insanlarda dövlətə olan güvəni daha da möhkəmləndirir. Niyə bizdə də belə nümunələr yoxdur? Niyə bizdə də vətəndaş hər zaman dövlətinin onun yanında olduğunu hiss etmir? Ona görə də ölkəni tərk edənlərin sayı durmadan artır. Hökumət bu barədə fikirləşməlidir”.

Qeyd edək ki, onun bu yazısı  erməni ictimaiyyəti tərəfindən də rəğbətlə qarşılanıb və böyük rezonans doğurub. Paşinyan isə bu məqaləyə görə jurnalistlərə təzyiqlərini artırıb.