Vəli İlyasov |
Yazıçı-jurnalist Qvami Məhəbbətoğlu. Bu adı və soyadı mətbuatda tez-tez görmək olar. Hər dəfə də onu tanıyanlar imzanı görən kimi üzlərində təbəssüm yaranır. Özü qaradinməz təsiri bağışlasa da yazılarında incə və güclü yumor hiss olunur. Saysız-hesabsız məqalələrin və bir neçə kitabın müəllifi olan Qvami Məhəbbətoğlu sözün təsir gücündən ustalıqla istifadə etməyi, onu yerli-yerində, zərgər dəqiqliyi ilə işlətməyi bacarır.
Qələm yoldaşımızın üçüncü kitabı - “Bibimin madonna servizi”ni vərəqlədikcə novellaların, hekayələrin, satirik şeirlərin, lətifələrin sərlövhələri diqqəti cəlb edir. Maraqlı olduğu üçün oxucu kitabı əlindən yerə qoymadan oxuyub başa çatmaq istəyir. “Çıxhaçıxlar”, “Zarafat eləmirəm”, “Ekrana çıxmaq azarı”, “CV verəndə cavan idim”, “Bizim ölçü vahidimiz”, “Bibimin madonna servizi” və digər novellalarında yazıçı müasir dövrdə də davam edən köhnəliklərin qalıqlarını, avamlığı, digər neqativ halları tənqid atəşinə tutur.
Artıq yazı-pozuda püxtələşmiş Qvaminin iti müşahidə qabiliyyəti, həyatı dərindən bilməsi, gördüklərini və eşitdiklərini ümumiləşdirməsi, öz yazıçı fantaziyasından yerində istifadə etməsinin nəticəsidir ki, ortaya oxunaqlı, mənalı və ibrətverici əsərlər çıxarır. Qvami ətrafındakılardan eşitdiyi hadisələri özünün yazıçı süzgəcindən keçirməkdə, onları “duzlayıb” mənalı gülməcə şəklinə salmağın ustasıdır desək, səhv olmaz. “Bibimin madonna servizi”ndə kənddə ömür sürən ixtiyar Gülçəmən bibi illərlə alıb saxladığı bahalı servizin fincanından bir dəfə də istifadə etmir, servizi bəzək əşyası kimi qoruyub saxlayır. Son nəfəsində toxtamaq üçün ona həmin fincanlardan birində bir qurtum su verirlər, amma bibi o bir qurtum suyu da içə bilmir, canını tapşırır.
Burada müəllif mənzərəni sanki rəssam fırçası ilə çəkərək onu elə təqdim edir ki, oxucuda ikili təəssürat yaranır: bilmir ki, gülsün, ya heyfsilənsin.
“CV verəndə cavan idim” novellası isə müasir mövzuya həsr olunub. Cavan, təhsilli, bacarıqlı, bir neçə dil bilən oğlan məşhur müəssisədə işə düzəlmək üçün “CV” verir, yəni özü haqqında ətraflı məlumat. Günlər, aylar keçir, oğlan onu çağırmadıqlarını görüb ayda bir dəfə həmin müəssisəyə gedib nəticəni öyrənmək istəyəndə hər dəfə ona deyirlər: Tələsməyin, özləri dəvət edəcəklər. Bu minvalla illər keçir. Nəhayət, illərin birində müəssisənin müdiri oğlanı qəbul edir. Oğlan bütün suallara qaneedici cavab verir. Amma sonda müdir bildirir ki, yaşı iyirmi beşi keçdiyinə görə onu işə götürə bilməzlər. Oğlan bildirir ki, axı mən bura “CV” verəndə iyirmi beş yaşım yox idi. Amma müdirin üzü daşa dönür və çiyinlərini çəkərək, yəni “mən heç nə edə bilmərəm” işarəsini verir və qapını göstərir. Zəmanəmizin antipodlarını satira atəşinə tutaraq ifşa etmək, onların bürokratçılığına, yekəbaşlığına incə yumorla gülmək Məhəbbətoğlu yaradıcılığının leytmotivini təşkil edir.
Qvami Məhəbbətoğlu uzun illərdir ki, həm jurnalist, həm də yazıçı kimi məhsuldar işləyir. Tanınmış ədəbiyyatçılar, ədəbi tənqidçilər və sadə oxucular onun qələmindən çıxan əsərlərə böyük dəyər verirlər. Qələm dostumuz altmışıncı - yubiley yaşını yenicə qeyd edib, necə deyərlər, qocalığın cavanlığına, cavanlığın qocalığına qədəm qoyub. 60 yaşı və yeni kitabı münasibətilə Qvamini təbrik edir, ona ədəbi yaradıcılığında yeni uğurlar arzulayırıq!