KÖŞƏ

Röya Rasimqızı

Mənəvi dəyərlərimizin qorunasına dövlət qayğısı

24 dekabr 2019 20:31
2838

Bu fakt da daim önə çəkilir ki, çoxəsrlik tariximizdə  xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımızdır.  Azərbaycan xalqı bəşər tarixinə böyük, dəyərli, dahi simalar bəxş etmiş, onların əsərləri, yaradıcılığı dünya elmini, mədəniyyətini zənginləşdirmiş, insanları maarifləndirmişdir. Qeyd etdiyimiz kimi, mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti vardır. Muğam həm ədəbiyyat, həm musiqi, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək  Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışdır.  Əbəs yerə deyilmir ki, keçmişini sevən,  bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlərlə baxan xalq hər zaman tarixin sərt sınaqlarından üzüağ çıxar, milli varlığını, mövcudluğunu qoruyar.         

Dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın bu  il UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində  də   milli-mənəvi dəyərlərinə,  tarixi-mədəni irsinə bağlılığı əsas yer tutur. Bu mühüm qərar, həmçinin  beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyanın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə yaradılan  UNESCO ilə Azərbaycan arasında  tərəfdaşlıq münasibətlərinin təhlilində də əhəmiyyətli rol oynadı. Tarixə söykənərək, inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,  milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev  daim bu  çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı,  tariximizi, ədəbiyyatımızı, ana dilimizi bilməli və qorumalıdır. Bir əsas məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsiri nəzərə alınaraq  Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır.

Son 16 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan davamlı addımlardan daha aydın görünür. Təkcə son iki ilə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı,  2019-cu ilin “Nəsimi İli” elan edilməsi və s. kimi biri-birindən önəmli addımlar  zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib olmağımızdan irəli gəlir.

Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin  qorunub saxlanılmasında, həmçinin Azərbaycan-UNESCO əlaqələrinin inkişafında   böyük xidmətləri olan Heydər Əliyev Fondunun da  proqram və layihələri   diqqəti cəlb edir.  Beynəlxalq səviyyəli dialoqlarda iştirakı ilə  bəşəri dəyərlərə  sadiqliyini,  Azərbaycanın dünya mədəniyyətinin bir parçası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki,  Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də  çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma-istər dövlət, istər qeyri -dövlət qurumuna, -bizimlə birgə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram” söyləyərək,  hər bir uğurun əsasında yüksək məsuliyyət hissinin dayandığını bildirmişdir.       

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı,   xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqlayır. Bu mühüm addımın  ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcəyini bildirən elmi ictimaiyyət bu mühüm məqamı da önə çəkirlər ki,  Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi örnək olaraq bütün xalqımıza, xüsusilə   gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bir sözlə,  bu kimi mühüm qərarlar  ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür.