KÖŞƏ

Vəli İlyasov

Əli Kərimlinin şəhadət barmağı...

27 iyul 2020 10:56
6506

Azərbaycanda dağıdıcı siyasətin başında AXCP sədri Əli Kərimlinin dayandığını bilməyən yoxdur. Özünü “ana müxalifət” adlandıran və “ata müxalifət” axtarışında olan qurumun rəhbəri Əli Kərimli özünü bu mövqedə şəriksiz hesab etsə də, şərəfsiz fəaliyyətində şərikləri çoxdur. Artıq hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxması, pusquda yatıb fürsət gözləməsi, istənilən situasiyada ölkədə süni sosial gərginlik yaratmağa çalışması dəfələrlə sübut olunub. Yəni bu onun “siyasətinin” əsas tərkib hissəsidir. Bütün fəaliyyətini buna istiqamətləndirib. Hətta ötən ilin oktyabrında ölkə Prezidenti köklü kadr siyasətini aparanda bu adam icazəsiz aksiya keçirməyə cəhd etdi. Mitinq mövzusu olmadığı halda o, oyunbazlıq edərək guya vəzifədən uzaqlaşdırılan şəxslərin maraqlarına uyğun ssenari qurdu ki, ölkədə sabitlik pozulsun. Partiya üzvlərini icazəsiz mitinq keçirməyə təhrik etdi və paytaxtın küçələrində ictimai asayişi pozdu. Qanunsuz əməllərini davam etdirdiyinə görə hüquq mühafizə orqanları onun bu hüquqazidd əməlinin qarşısını aldılar.

Bu ilin 14 iyul hadisəsində Əli Kərimlinin “barmaq izləri” açıq şəkildə görünür. İğtişaş törədənlər arasında onun müşavirləri, partiyasının Rəyasət Heyətinin üzvləri də olublar. Məlumdur ki, hər hansı bir aksiyada partiya sədrinin icazəsi olmadan partiya üzvləri ora qatıla bilməz. Siyasətdə olan hər kəs bilir ki, partiyada vəzifəli şəxslər, sədrin müşaviri, Rəyasət Heyətinin üzvləri və digərləri sədrin icazəsi olmadan addım atmırlar. Bu da onu deməyə əsas verir ki, Əli Kərimli razılıq verib ki, partiya mənsubları o mitinqə qatılsınlar və təxribat törətsinlər.

Şübhə yoxdur ki, orduya dəstək aksiyası zamanı cəbhəçilər təxribatçılarla birgə addımlayıblar və onlar təxribatçılıq missiyasını həyata keçiriblər.

Soydaşlarımızın sayıqlığını dişinə vurub yoxlamaq istəyən AXCP başbiləni gördü ki, Azərbaycan dövləti çox güclüdür, onun hüquq mühafizə orqanları, xüsusi xidmət orqanları təxribatın qarşısını qətiyyətlə aldılar. Belə vəziyyətdə “priyom” işlədən Əli Kərimli çıxıb bəyanat verdi ki, biz ordunun arxasındayıq, biz dövlətin yanındayıq. Yəni bizdən arxayın olun. Bu da özünü sığortalamaq məqsədi ilə edildi. Bu müraciət qorxudan irəli gəldi. O bilirdi ki, xalqın qınağına düçar olacaqlar, dövlət bu vəziyyətdə bütün təxribatçıları zərərsizləşdirəcək və pozuculuq fəaliyyətlərinə imkan verməyəcək. Hər kəs də şahidi olacaq ki, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın rəhbərliyində olan bir sıra şəxslər həmin gün Milli Məclisə hücum təxribatında iştirak ediblər, videobağlantı yaradıblar, hansı addımlar atdıqlarını nümayiş etdiriblər.

Artıq təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onların arasında Əli Kərimlinin müşaviri Asif Yusifli də var.

 Təxribat işlərini araşdırmaq hüquq mühafizə orqanlarının üzərinə düşür. Onlar bu təxribat əməllərini bütün detallarına qədər araşdıracaqlar və bu məsələdə kimin məsuliyyəti varsa, qanun qarşısında cavab verəcəkdir. Cənab Prezident də xüsusi qeyd etdi ki, təxribat törədənlər qanun qarşısında cavab verməlidirlər. Şübhə yoxdur ki, o təxribatın başında bir əli xaricilərin cibində olan dağıdıcı müxalifətin rəhbərləri durur. O da həqiqətdir ki, xalqın düşmənə qarşı qəzəb selinə qarşı çıxmaq birbaşa düşmənə kömək etməkdir və bundan böyük cinayət yoxdur.