![]() |
Zahid Rza |
Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi siyasət ölkəmizin iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə transferini uğurla təmin edib. Ölkə başçısı 2014-2018-ci illər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qarşıya qoyulan vəzifələri göstərərək bildirdi ki, bundan sonra əsas diqqət qeyri-neft sektoruna, xüsusilə aqrar sahənin sürətli inkişafına yönəldilməlidir. Dövlət başçısı postneft dövründə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, vergi yükünün azaldılması üçün qısa müddətdə bir sıra fərmanlar, sərəncamlar imzalamışdır.
Aqrar sektorda həyata keçirilən islahatların tərkib hissələrindən biri də kənd təsərrüfatı kooperasiyalarının yaradılmasıdır. Kənd təsərrüfatı kooperasiyası kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə həyata keçirilən könüllü birgə fəaliyyətdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kooperasiya iştirakçılarının iqtisadi, sosial maraqlarını qorumaqdır. İştirakçıların səy və resurslarının könüllü birləşməsinin nəticəsində yaranan kooperasiyalar fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəməklə yanaşı, öz fəaliyyətlərini əlaqələndirmək, hüquqlarının müdafiə edilməsini təmin etmək, ümumi mənafelərini dövlət orqanlarında, habelə beynəlxalq təşkilatlarda təmsil etmək baxımından müstəsna əhəmiyyətə malikdir.
Digər bir maraqlı məqam ondan ibarətdir ki, torpağını əkib-becərə bilməyən insanlar payçı kimi öz torpaqlarını həmin kooperasiyalara verərək oradan müəyyən faiz əldə edə biləcəklər. Bu qanuna əsasən, istehsalçılar öz mallarını daha asan tanıda biləcək, fəaliyyətlərini genişləndirmək üçün dövlətdən kreditlər götürəcək, texnika və torpaqdan daha səmərəli istifadə edəcək, yerli və mərkəzi dövlət qurumları ilə daha sıx əlaqələr yaradaraq mövcud problemlərin həllinə asanlıqla nail ola biləcəklər. Kənd təsərrüfatı kooperasiyaları bu sahəyə əlavə sərmayələr cəlb etməklə yanaşı, ixracyönümlü məhsul istehsalında daha böyük imkanlar əldə edəcəklər.
Ekspertlər, bu sahə üzrə mütəxəssislər qeyd edirlər ki, kənd təsərrüfatı kooperasiyaların yaradılması sərmayənin birləşdirilməsi, investisiya və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Onların fikrincə, burada fermerlərin stimullaşdırılması baxımından yaradılacaq kooperasiyalar üçün təşviqedici metodlar kimi vergi güzəştləri, subsidiya mexanizminin tətbiqini həyata keçirmək də mümkün olacaqdır.
Kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən bütün tədbirlərə verilən güclü dövlət dəstəyini kooperasiyalar öz üzərlərində daha əhəmiyyətli şəkildə hiss edəcəklər. Kooperativlərin və onların üzvlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin və inkişafının dəstəklənməsini, onların fəaliyyətinin effektivliyinin artırılmasını, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək, istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması da bu sahəyə veriləcək dövlət dəstəyinin başlıca vəzifələrindəndir.
Yerli və beynəlxalq təcrübələr göstərir ki, respublikamızın müxtəlif regionlarında yaradılan kollektiv istehsalat təssərrüfatları aqrar sektorda istehsalın intensivliyini təmin edəcək, ixrac potensialını artıracaq, əhalinin məşğulluq səviyyəsini yüksəldəcək, yeni iş yerləri açılmasına güclü təkan verəcək, insanlarınmaddi rifah halını daha da yaxşılaşdıracaqdır.