KÖŞƏ

Sevinc Azadi

Qlobal pandemiya ilə mübarizə davam edir

14 avqust 2020 16:17
4403

Növbəti həftədən Azərbaycanda seroloji testlərin keçirilməsinə başlanılacaq

Bu gün ölkədə qlobal pandemiyaya qarşı həyata keçirilən tədbirlər, əldə edilən müsbət dinamika onu deməyə əsas verir ki, Azərbaycan COVID-19-la mübarizədə uğurlu nəticələr əldə edir. Həm virusa yoluxma sayının getdikcə azalması, sağalanların sayının artması bunu təsdiqləyən reallıqdır.

Ümumdünya Səhiyyə Təşkilatının rəyinə əsasən, COVID-19 pandemiyası ilə mübarizədə ən vacib şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Yoluxma sürəti yüksək olan bu virusla mübarizənin effektiv nəticəsi məhz qabaqlayıcı, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından asılıdır. Bu baxımdan virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib zamanında aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Ona görə də testlərin keçirilməsinə xüsusi diqqət yetirilməsi olduqca vacibdir. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək, ünsiyyətdə olduqları şəxsləri müəyyənləşdirmək və nəticədə yeni yoluxmaların qarşısını almaq mümkündür.

Növbəti həftədən isə ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılacaq. Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə mühüm addımlar atılır. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayını müəyyən etmək mümkün olur. Seroloji testlər vasitəsilə əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verir. Bəs seroloji test nədir?

e-tibb.az saytına istinadən bildirək ki, COVID-19-un diaqnostikasında bir sıra testlərdən istifadə olunur. Bu testlər SARS-CoV-2 virusunun mövcudluğu  və ya keçmiş mövcudluğunu qiymətləndirmək üçün nümunələrin təhlilini əhatə edir. Bunlar seroloji və PZR testləri olmaqla ikiyə ayrılır. PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır. Seroloji test isə qanda igG (immunoglobulin G) aşkarlanması üzərinə qurulub. COVID-19-un aşkarlanmasında istifadə olunan PZR testləri-PZR, RT- PZR, Real-time PCR (qPCR) - Real zaman PZR testi. Son test ən mütəşəkkil və sürətli olandır və bu səbəblə Real-time PCR (qPCR)  dünyada ən çox tərcih olunan PZR metoduna çevrildi. Aparılan PZR testləri hazırkı xəstəliyi göstərdiyi halda, qanda immunoglobulin təyini isə daha çox artıq keçirilmiş olan infeksiyasını göstərir.

Tez-tez yaranan suallardan biri də hansı testi etdirməyin daha düzgün olması ilə bağlıdır. Əgər şübhəli xəstəlik əlamətləri varsa, PZR (burundan yaxma sürüntü) üsulu ilə yoxlanılma düzgün hesab edilir. Əgər heç bir simptom yoxdursa və sadəcə, xəstəliyə indiyə qədər yoluxub-yoluxmamanı bilmək istəyiriksə, o zaman qanda İgG testi olunması daha məqsədəuyğundur. Lakin qeyd olunmalıdır ki, qanda İgG testi yalançı neqativ cavab göstərə bilər. Səbəbin izahı belədir- İg, yəni immunoglobulin istənilən xəstəliyə orqanizm tərəfindən verilən immun cavabıdır. Xəstəliyin ilk saatlarından etibarən öncə İgM formalaşır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM – İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır- yəni immun cavab yaranır. Bir şəxsdə qanda igG-ni yalnız əgər o bu virusla öncədən qarşılaşıbsa, aşkarlamaq olur. Yəni simptomu olan və aktiv dövrdəki bir xəstədə İgG-nin qanda pozitiv olması (yəni qanda tapılması) elə də mümkün deyil. Bu səbəbdən simptomu olmayan lakin kontaktda olduğu üçün yoluxma şübhəsi olan (və ya yenicə yoluxmuş) bir şəxs qanda İgG testi yoxladarsa, neqativ göstərəcəkdir. Bu zaman bu, aldadıcı olacaqdır. Məhz bu səbəbdən yoluxma şübhəsi olan şəxslər İgG testi neqativ çıxdığı təqdirdə PZR testini də etdirməlidirlər. İgG testi daha çox bir şəxsin öncədən COVID-i keçirib-keçirməməsini yoxlamaq üçündür. Yəni asimptomatik olaraq (əlamətlərsiz) xəstəliyi keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır.