KÖŞƏ

Taleh Bağırov

Azərbaycan üçün proqnozlar daha nikbindir  

17 avqust 2020 18:03
3883

Beynəlxalq maliyyə qurumları pandemiya dövründə ölkələrin ÜDM-ni yenidən təhlil ediblər

 

Səkkiz aya yaxın müddətdə Çindən dünyaya sürətlə yayılmağa başlayan yeni növ koronavirus (COVID-19) pandemiyası nəticəsində ən inkişaf etmiş ölkələrdə belə yoluxma və qurbanların sayı artmaqla yanaşı, ümumi daxili məhsulun (ÜDM) həcmində azalma gedir. Müxtəlif beynəlxalq hesablama qurumlarının yenilənən hesabatlarından göründüyü kimi, qlobal maliyyə böhranı durmadan sürətlə artır, işsizlərin sayı çoxalır, xidmət sahəsi karantin rejiminin uzadılması nəticəsində daha da çıxılmaz vəziyyətə doğru irəliləyir və sair.

Məsələ ondadır ki, beynəlxalq maliyyə qurumlarının yenilənmiş hesabatlarına əsasən koronavirus pandemiyası ilə əlaqədar ilin sonuna qədər bir sıra ölkələrdə, o cümlədən, inkişaf etmiş ölkələrdə ümumdaxili məhsulun daha çox azalacağı proqnozlaşdırılır. Konkret olaraq pandemiya dövründə Avropa İttifaqında ÜDM 12 faiz azalıb, ilin sonuna kimi isə 15 faizə yaxın azalmanın olacağı ön görülür.

Sevindirici haldır ki, Azərbaycan üçün proqnozlar daha nikbindir. Belə ki, ilin sonuna qədər Azərbaycanda ÜDM-in 5 faiz azalacağı ehtimal olunur. Hansı ki, bu, digər inkişaf etmiş ölkələrlə müqayisədə elə də böyük rəqəm deyil. Yenilənmiş proqnozlara əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 5 faiz azalacağı gözlənilir. May ayında İqtisadiyyat Nazirliyi 2020-ci ilin yekunları üzrə ÜDM-in 3,8 faiz azalacağını proqnozlaşdırsa da iyul ayında proqnoz yeniləndi və hazırda iqtisadiyyatın ilin sonuna təxminən 5 faiz azalacağı ehtimalı üzərində dayanıldı. Azərbaycan hökuməti pandemiyaya qədər isə 2020-ci il üçün ÜDM-nin artımını 3 faiz səviyyəsində proqnozlaşdırmışdı. Ötən il isə Azərbaycanda ÜDM-də 2,2 faiz artım qeydə alınıb.

Göründüyü kimi, əksər ölkələrdə vəziyyət daha mürəkkəb olduğu halda Azərbaycan bu ağır sınaqdan minimum zərərlə çıxmaqdadır. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, şaxələndirilmiş kənd təsərrüfatı, dövlət səviyyəsində qəbul edilən operativ qərarlar ölkəmizə bu qlobal böhrandan ən az zərərlə çıxmağa imkan verir. Pandemiya dövründə də əhalinin sağlamlığının qorunması üçün kompleks tədbirlərlə yanaşı, çevik və genişmiqyaslı əlavə sosial dəstək proqramları hazırlanaraq həyata keçirilir. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və bütün siyasətini onun sosial rifahının daha yüksək olmasına səfərbər edib.