KÖŞƏ

Taleh Bağırov

Ermənistan iqtisadiyyatı çökür

23 noyabr 2020 18:27
3490

Azərbaycan Ordusunun 30 il işğal altında qalan tarixi torpaqlarımızı azad etməsindən sonra  Ermənistanda hərbi vəziyyətlə yanaşı, siyasi, sosial-iqtisadi durum da hər ötən gün iflasa doğru getməkdədir. Bunu təkcə beynəlxalq iqtisadçılar deyil, Ermənistandakı mütəxəssislərin özləri də etiraf edirlər.

Belə ki, Ermənistan mətbuatında bu ölkəni gözləyən kədərli iqtisadi perspektivlər barədə tanınmış iqtisadçı, “Alternativ” Araşdırma Mərkəzinin rəhbəri Tatul Manaseryanın fikirləri dərc edilib. Erməni iqtisadçı həyəcan təbili çalaraq, bu gedişlə Ermənistanın onsuz da aşağı olan kredit reytinqinin kəskin şəkildə enəcəyini və ölkənin xaricdən borc ala bilməyəcəyini bildirib. Bu isə Ermənistan iqtisadiyyatı üçün ölümə bərabərdir: “İqtisadi geriləmə obyektiv səbəblərlə bağlı idi. Lakin buna siyasi qeyri-sabitlik də əlavə olunduqda ölkənin kredit reytinqi daha da bərbad olacaq.” Ekspert qeyd edib ki, hazırda “Fitch” və “Moodys” kimi beynəlxalq agentliklər regiondakı vəziyyəti təhlil edirlər. Ermənistanda baş verənlərin fonunda həmin təşkilatların ölkənin kredit reytinqini endirəcəyi qaçılmaz görünür. Bu isə o deməkdir ki, Ermənistan xaricdən kredit cəlb etməkdə olduqca böyük çətinliklərlə üzləşəcək. Kredit veriləcəyi təqdirdə isə bunun çox ağır şərtlərlə olacağı bildirilir.

T. Manaseryan vurğulayıb ki, ölkə iqtisadiyyatının çöküşünün ilk indikatoru artıq özünü büruzə verməkdədir. Söhbət ermənilərin pul vahidi olan dramın günbəgün ucuzlaşmasından, dəyər itirməsindən gedir. Qeyd edək ki, son günlərdə erməni dramı ABŞ dolları qarşısında 5 faizədək ucuzlaşıb. Ekspert bildirib ki, hələ müharibədən öncə, cari ilin sentyabr ayında “Fitch” Beynəlxalq Reytinq Agentliyi Ermənistanın kredit reytinqini “B+” səviyyəsinə endirib. Agentlik həm də pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-ə nisbətinin isə 63,9 faizə yüksələcəyini proqnozlaşdırıb. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda bu göstərici cəmi 18 faizə yaxındır və ölkəmizin valyuta ehtiyatları xarici borcu heç bir çətinlik çəkmədən bağlamağa imkan verir.

Onsuz da vəziyyəti bərbad olan ölkədə müharibədən sonra yaranmış qeyri-stabil siyasi vəziyyət, hökumətin istefası tələbləri, artıq bir neçə nazirin istefaya göndərilməsi, qaçqınlar probleminin kəskinləşməsi, müharibədən sonra məlum səbəblərdən tibbi və sosial xərclərin kəskin artımı, qarşıdan qış fəslinin gəlməsi, pandemiya ilə bağlı ağır vəziyyət və digər amilləri də gələndə vəziyyətin dramatikliyi tam çılpaqlığı ilə üzə çıxır. Təbii ki, bu, hələ başlanğıcdır, işğalçı ölkə vəziyyətin nə qədər qorxunc olduğunu, regionda sülhün bərqərar olunması üçün heç bir səy göstərməməsinin ağır nəticələrini qarşıdakı aylarda daha dərindən hiss edəcək.