KÖŞƏ

Taleh Bağırov

Tərəqqipərvər dünya: Ermənistan işğala son qoymalıdır...

14 oktyabr 2020 18:21
2805

“Düz əyrini kəsər.” Bu deyimi yəqin ki, eşitməyən yoxdur. Sadəcə, yaradılan maneələrdən asılı olaraq bunun geci və tezi ola bilər. Bu gün Azərbaycan öz haqq davasını aparır. Hansı ki, bu, daha əvvəl olmalı idi, lakin qan tökülməsin deyə, dinc əhaliyə ziyan gəlməsin deyə cənab Prezident İlham Əliyev maksimum dərəcədə çalışırdı ki, tarixi torpaqlarımızı erməni işğalından sülh yolu ilə geri alsın. Amma nə Ermənistan rəhbərliyi, nə də ki, münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu sülh üçün səy göstərdilər, onlar sülhü müxtəlif bəhanələrlə yubatdılar. O qədər yubatdılar ki, sonda bıçaq sümüyə dirəndi. Azərbaycan tərəfi sentyabrın 27-də erməni işğalçıların növbəti dəfə atəşkəsi pozması nəticəsində əks-hücuma keçərək torpaqlarını işğaldan hərbi yolla azad etməyə başladı. 30 ildir gözlədiyimiz ədaləti bizə beynəlxalq qanunlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı, eləcə də beynəlxalq münasibətlərdə ən ümdə prioritet olan ərazi bütövlüyü prinsipi verir. Bundan əlavə, Vətən davasında nə qədər haqlı olduğumuzu dünyada hər kəs tərəfindən qəbul edilən 206 ölkədən 120-nin açıq-aşkar verdikləri bəyanatlar da göstərir.

Sözsüz ki, bu siyahıda ilk yerdə qanımız və canımız olan Türkiyədir. Qardaş ölkə erməni hərbi birləşmələrinin təxribat hücumuna başladığı ilk gündən qardaşının yanında oldu. Bu mənəvi dəstək davam edir və Türkiyə rəhbərliyi işğala son qoyulana qədər Azərbaqycanın yanında olacağını dəfələrlə, hər fürsətdə, ən yüksək tribunalardan açıq-açıq bəyan edir. “Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. “Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Eyni dəstək Türkiyə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər rəsmi qurumlarla yanaşı, Türkiyə mətbuatı və vətəndaşları tərəfindən də verilir. 

“Bir millət, iki dövlət” Azərbaycanla-Türkiyə qardaşlığının sloqanı olsa da, bizlər Vətən müharibəsində “Bir millət, üç dövlət” kəlamını da eşitdik. Bu, Pakistan İslam Respublikasıdır. Bu günə kimi Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı dövlət kimi tanımayan tək ölkə. Pakistanın Baş naziri İmran Xan sona qədər Azərbaycanın yanında olacaqlarını bəyan edib. Xarici İşlər Nazirliyi isə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə qarşı bəyanatlar verib, ordunun hər an döyüşə hazır olduğunu bildirib. Pakistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, xalqı da Azərbaycan xalqının yanındadır.

Azərbaycan-İsrail münasibətləri təkcə bu günün hərbi-siyasi əməkdaşlığına yox, tarixi köklərə söykənir. Azərbaycanda yaşayan yəhudi icmasının Vətənimizin bütövlüyü uğrunda mübarizə aparması da tarixi bağlılıqdan irəli gəlir. İsrail dövləti yəhudilərin Azərbaycanı ikinci Vətən olaraq qəbul etməsini unutmur.

Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir və Dağlıq Qarabağ münaqişəsində daim bizimlə olub. İşğalçı Ermənistana silah daşınmasında tranzit olmaqdan imtina edən Gürcüstan hərbi əməliyyatlarda tərəfləri atəşkəsə çağırsa da, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan edib.

Rəsmi Kiyev hərbi əməliyyatların ilk günündən Azərbaycana dəstəyini ifadə edib. Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib. Ölkə XİN-i bəyan edib: “Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.

Bosniya və Herseqovina hökuməti bəyanat verərək bildirib ki, işğala son qoyulmalıdır.

Azərbaycanın ərazi bütövlüyünə Əfqanıstandan da dəstək ifadə olunub. Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib.

Okeanın o tayındakı Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası oktyabrın 1-də qəbul etdiyi bəyanatda sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülki əhali arasında itkilərə səbəb olan hücumları, təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini ifadə edib.