KÖŞƏ

Taleh Bağırov

PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində

02 oktyabr 2020 17:45
2777

Azərbaycanın tarixi torpaqları olan Qarabağı erməni işğalçılarından azad etmək uğrunda həyata keçirdiyi genişmiqyaslı haqq döyüşünə dünyanın əksər ölkələri, beynəlxalq təşkilat və media qurumları böyük diqqət ayırmaqda davam edirlər. Bir çox ölkə rəsmiləri müxtəlif bəyanatlar səsləndirdikləri halda nüfuzlu mətbuat orqanları Azərbaycanın Vətən müharibəsi apardığını, Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü, Qarabağa terrorçular yerləşdirdiyini yazır. Buna ən son nümunə kimi isə Almaniyanın nüfuzlu “freitag.de” informasiya-analitik portalında məşhur siyasi icmalçı Mark Lambsdorfun “PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqaləsini qeyd edə bilərik.

Sözügedən yazıda Ermənistan tərəfindən Suriya və İraqdan Kürd İşçi Partiyasının (PKK) terrorçularının Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qarabağ regionuna gətirilməsindən bəhs olunur.

İcmalçı yazısında bildirir ki, Yerevanın Yaxın Şərqdən olan etnik ermənilərin işğal edilmiş ərazilərdə məskunlaşdırılması siyasəti Azərbaycan torpaqlarının ermənilər tərəfindən 30 ilə yaxın müddətdə işğalının sabitləşdirilməsinə və bu regionda demoqrafiyanın süni şəkildə dəyişdirilməsinə yönəlib. Lambsdorfun qeyd edir ki, bu beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının pozulması deməkdir. Terrorçu muzdluların Qarabağa gəlməsi həmin insanları hərbi canilərə çevirir və 1949-cu il Cenevrə konvensiyalarında nəzərdə tutulan təhlükəsizliyə zəmanətlər onlara şamil edilmir.

Məqalədə vurğulanır ki, Ermənistan PKK-nın İraqdakı dayaq nöqtəsi olan Süleymaniyyə şəhərindən yüzlərlə silahlı terrorçunun işğal edilmiş Dağlıq Qarabağ regionuna göndərilməsini təmin edə bilib. PKK-nın Suriya cinahı hesab edilən YPG qrupunun silahlıları Suriyanın Qamışlı regionundan Dağlıq Qarabağa göndərilib, İraqın Ərbil şəhərinin cənubunda yerləşən Məxmur bazasında dislokasiya edilmiş PKK/YPG qrupu isə əvvəlcə Hizbullahın Bağdaddakı qərargahına aparılıb, sonra isə oradan Dağlıq Qarabağa gətirilib. M. Lambsdorf əminliklə ifadə edir ki, Ermənistanın şübhəli məsələləri həll etmək üçün terrorçuları cəlb etməsi birinci dəfə deyil. 1990-cı illərdə Dağlıq Qarabağda müharibə dövründə də belə olub. Ermənistan kürdlərdən hələ sovet dövründə istifadə edirdi. Ermənistanın indiki hökuməti isə Azərbaycana münasibətdə özünü daha təcavüzkar aparır və daxili siyasi mülahizələri əsas götürərək danışıqlar prosesini pozur. Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun “Madrid prinsipləri” adlanan və tərəflər arasında razılaşdırılmış çərçivə sazişinə etinasızlıq nümayiş etdirib. Müəllif xüsusilə bildirir ki, Azərbaycanın BMT tərəfindən tanınmış ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon 30 ilə yaxındır Ermənistan tərəfindən işğal altındadır. Hərçənd, BMT-nin dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bu regiondan dərhal çıxarılmasına çağırılır.

Alman şərhçi yazısının sonunda qeyd edir ki, Ermənistanın məsuliyyətsizliyi üzündən Dağlıq Qarabağda hərbiləşmənin genişlənməsi və Yaxın Şərqdən muzdluların buraya gətirilməsi münaqişənin beynəlxalq miqyas alması ilə nəticələnə bilər. Hansı ki, bu da Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə ciddi təhdid yaradır.