KÖŞƏ

Taleh Bağırov

Ermənilər Azərbaycanın rəhbərliyi altında yaxşı yaşayacaqlar

18 noyabr 2020 19:45
889

Sentyabrın 27-də Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə başlanan İkinci Qarabağ müharibəsi noyabrın 10-da qələbəmizlə başa çatdı. Şanlı Azərbaycan Ordusu bir neçə rayonu, o cümlədən Qarabağın incisi Şuşa şəhərini silah gücü ilə işğaldan azad etdikdən sonra ordusunun müqavimət göstərə bilməyəcəyini görən Ermənistan hakimiyyəti könüllü surətdə işğalda saxladığı digər rayonlardan çıxmağa razılıq verdi. Hazırda Ali Baş Komandan İlham Əliyevin hazırladığı təqvimə əsasən ermənilər Kəlbəcər, Laçın və Ağdam rayonlarından köç etməyə başlayıblar. Bununla belə Cəbrayıl və Füzuli rayonlarına səfər edən Ali Baş Komandan İlham Əliyev bildirib ki, erməni xalqı Azərbaycan rəhbərliyi altında yaxşı yaşayacaqlar.

44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, ünvanlardan təzyiq, təhdid və mesajlar göndərildiyini deyən Ali Baş Komandan bildirib ki, bütün bunlara baxmayaraq, heç kim bizi haqlı davamızdan döndərə bilmədi: “Mən demişdim ki, heç kim bizim qarşımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımızın, igid oğullarımızın və dövlətimizin gücünü göstərdi”.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini deyən Ali Baş Komandan ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini və heç bir status barədə söhbətin müzakirə mövzusu olmayacağını bildirib. Erməni xalqının Qarabağda yaşaması məsələsinə də toxunan cənab Prezident vahid Azərbaycan dövlətinin olduğunu, ermənilərin istəyərlərsə bu dövlətin çətiri altında rahat yaşaya biləcəklərini qeyd edib:  “Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar”.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?