KÖŞƏ

Röya Rasimqızı

Məqsəd müsbət dinamikanı müsbət səviyyədə saxlamaqdır

18 sentyabr 2020 17:23
2679

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizənin ilk günündən  ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri öz nəticəsini verir. Sərt  karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi,  ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələdi. Lakin xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb.

Bunun başlıca səbəbi bəzi vətəndaşlarımızın məsələyə qeyri-ciddi yanaşmasındadır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də  karantin rejimi qaydalarına riayət edilməsindən birbaşa asılıdır.

Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi öz növbəsində səhiyyə sisteminin təkmilləşdirilməsini də bir tələb kimi qarşıya qoyur.  Bu gün Azərbaycan səhiyyəsi zamanın tələbi ilə tam uzlaşır, koronavirus xəstələrinin müalicəsi üçün zəruri olan bütün şərait yaradılır. Bu addımlardan yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsini, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2000 çarpayılıq 10 modul tipli xəstəxananın istifadəyə verilməsinin nəzərdə tutulmasını və hazırda 9-nun xəstələrin ixtiyarına verilməsini, laboratoriyaların sayının artırılmasını, xaricdən həkim heyətinin ölkəmizə dəvət olunmasını  və sairi qeyd edə bilərik. Məqsəd insanların sağlamlığının qorunması, müsbət dinamikanı lazımi səviyyədə saxlamaqdır. Azərbaycanın ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq əsasında irəli sürülən tövsiyələrə riayət olunması, ən əsası mübarizə tədbirlərini düzgün müəyyənləşdirməsi bu bəladan  az itki ilə çıxacağına əsas yaradır.   

COVID-19 peyvənd və müalicə üsulları tapılana qədər  bizimlə birlikdə olacaq. Ən səmərəli müalicə forması sosial izolyasiya, karantin qaydalarına lazımi səviyyədə əməl etməkdir.  Ən başlıcası isə bu qaydaları gündəlik  həyat tərzimizin əsas tərkibinə çevirməkdir.  Təkcə COVID-19 deyil, ümumən digər  infeksiyalar dünyada həmişə problem olub, mübarizə daim birgə səylərin göstərilməsinə çağırış edib. Azərbaycan COVID-19-la mübarizə başlandığı andan türk dünyasına, bütün dünya dövlətlərin bu çağırışı etdi ki, koronavirus infeksiyası ilə mübarizədə birlikdəyik. Ölkəmizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi də deyilənlərin təsdiqidir.

Bütün hallarda ümumi səslənən fikir özünütəcrid qaydalarına yüksək səviyyədə riayət etməkdir.