Röya Rasimqızı |
Məlumdur ki, bu gün dünya pandemiya ilə mübarizə aparır. Güclü iqtisadiyyatı ilə öndə olan inkişaf etmiş dövlətlər belə bu gözəgörünməz bəla qarşısında artıq öz acizliyini etiraf edirlər. Bütün cəmiyyətin həyat tərzinin dəyişməsinə gətirib çıxaran virus artıq sərhəd tanımır. Dünya üzrə yoluxma, ölüm halları və sağalan sayındakı göstəricilər hər gün dəyişir. Sevindirici haldır ki, Azərbaycanda digər ölkələrlə müqayisədə virusa yoluxanların sayı və onların sağalma göstəricisinə görə müsbət dinamika var. Koronovirusla mübarizədə əldə olunan uğurların səbəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlərdir.
2020-ci il fevral ayında ölkədə ilk yoluxma halı qeydə alındıqdan sonra virusun törədə biləcəyi fəsadların qarşısının alınması, virusa yoluxanların vaxtında aşkarlanması, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ölkə başçısının dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda problemə çevik münasibəti, qətiyyətli mövqeyi, diqqətəlayiq addımları, risklərin zamanında dəyərləndirilməsinə yönələn uğurlu qərarları , xalqa “Biz birlikdə güclüyük!” sosial çağırışı pandemiyanın yayılmasında sipər oldu, görülən tədbirlər xalq-dövlət birliyinin virusla mübarizədə gücünü bir daha göstərdi. Bu isə hökumət və cəmiyyətin birgə fəaliyyətin olmasından irəli gəlir.
2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu dünyada ilk dəfə Azərbaycanda təsis edildi. İlkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrıldı. Xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda 100 milyon manatdan atrıq vəsait toplandı. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva 1 illik əmək haqlarını fonda ianə etdilər. Pandemiya nəticəsində işsiz qalan vətəndaşlara birdəfəlik yadımlar edildi. Xarici ölkələrdə müvəqqəti yaşayan 15 mindən çox vətəndaşların ölkəyə təxliyəsi təmin olundu. Azərbaycan Respublikasında COVID-19 pandemiyasının geniş yayılması və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində zəruri tədbirlərin icrasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Cənab Prezidentin dediyi kimi həyata keçirilən bütün tədbirlərin əsasında iqtisadi amildən də vacib əsas insan amili dayanır. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızın bütün şəhər və rayonlarında yaşayan aztəminatlı, yaşı 65-dən yuxarı tənha və kimsəsiz yaşlılara, əlillərə sosial xidmətlər göstərildi, humanitar aksiyalar,qanvermə aksiyaları həyata keçirildi.
Bütün bu qabaqlayıcı tədbirlərin yaratdığı effektiv nəticələrə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidentinə ünvanlanmış məktubUNda pandemiyanın təsir gücünü minimallaşdırılması və virusun yayılma miqyasının məhdudlaşdırılması istiqamətində yürütdüyü siyasəti təqdir etdiyini bildirmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb,30-dan artıq dövlətə humanitar yardım göstərib. ÜST-ün Baş direktoru Azərbaycan hökumətinə və xalqına quruma göstərdiyi maliyyə dəstəyinə görə minnətdarlığını bildirmişdir.
Ölkə Prezidenti koronavirusla (COVID-19) mübarizədə dünya birliyini daim vahid mövqedən çıxış etməyə səsləyir. Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi bu Hərəkata və Ümumdünya Səhiyyə Təşkilatına üzv olan yardıma ehtiyacı olan dövlətlərə maddi yardım göstərilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir. Cənab Prezident videokonfransda ümumbəşəri bəlaya çevrilən bu virusa qarşı mübarizədə insanların sağlamlığının və sosial müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulamış, bütün üzv dövlətləri birgə əməkdaşlığa, qarşılıqlı dəstəyə çağırmışdır.
Təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq müqayisəli təhlillər pandemiya ilə mübarizədə vəziyyəti qiymətləndirməyə əsas verir. İyun ayının 9-da Azərbaycan Prezidenti İlham Əl*iyev, birinci xanım Mehriban Əliyevanın birgə iştirak etdiyi 3 modul tipli xəstəxananın açılışında demişdir: “Dünyada baş verən hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib.Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm.Ancaq dünyada hər şey müqayisə ilə deyilir. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərə görə birinci yerdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən bu gün də yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.
Pandemiya qarşı mübarizədə bir sıra məhdudiyyətlərin yumşalmasına baxmayaraq, , hər bir Azərbaycan vətəndaşı sosial məsuliyyətini dərk etməli, tətbiq edilən qaydalara riayət etməli, Prezidentin “Biz birlikdə güclüyük!” şüarı ilə xalq-dövlət tandemini daim yaşatmalıdır.