KÖŞƏ

Sevinc Azadi

Artan koronavirus bəlası: Günah kimdədir?

24 noyabr 2020 17:14
1886

Bu gün xəstəxanalarda ağır vəziyyətdə olanların əksəriyyəti zamanında koronavirusa inanmayanlardır

Dünyada koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, o cümlədən ölkəmizdən də yan keçməyib. Bu gün Ermənistanda 125 mindən, Gürcüstanda 98 mindən, Azərbaycanda isə 95 mindən çox insan koronavirusa yoluxub. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları daha ağır ola bilər. Ona görə də xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər. Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər.

İndiyə qədər yoluxanların mühüm qisminin məhz ictimai nəqliyyat, iri ticarət mərkəzləri, supermarketlərin, yas mərasimlərinin payına düşdüyünü TƏBİB dəfələrlə açıqlayıb. Bütün bunların qarşılığında bu gün yenə bu mənzərə yaşanırsa, deməli, cəmiyyətimizdə məsuliyyətsiz insanların sayı həddindən çoxdur. Özü maska taxmadığı halda maska taxan azsaylı insanlara açıq formada ironiyalı münasibət göstərən bəzilərinin davranışı isə əslində məsuliyyətsizlikdən daha çox tərbiyəsizlikdir. Axı bu gün demək olar ki, elə bir insan yoxdur ki, qonşuluğunda tanıdıqları arasında koronavirusa yoluxan olmasın. Bir qisminin isə yaxın qohumları arasında yoluxanlar var. Bu insanların məsuliyyətsizliyinin cəzasını tək özləri çəkmir. Tək yaşlı ata-anası, həyat yoldaşı, bacı-qardaşı, övladları ilə də məsələ yekunlaşmır. Onlar avtobusda, supermarketlərdə onlarla insanın sağlamlığını, həyatını real təhlükə altında qoyurlar.

Bir insan üçün sağlamlığından qiymətli heç nə olmadığı üçün artıq ümumən cəmiyyətin belə insanlara qarşı açıq qınağına ehtiyac var. Avtobusa maskasız daxil olan insana öncə sürücü, daha sonra sərnişinlər etirazı bildirməli, həmin şəxsin məsuliyyətsizliyinin hər kəsin həyatının təhlükə altında qoyduğunu nəzərə çatdırmalı, onun maskasız avtobusa minməsinə imkan verilməməlidir. Supermarket sahiblərinin məsuliyyətlərini dərk etməsinin vaxtı çatıb. Maskasız insanların bu obyektlərə buraxılmaması üçün mühafizə xidmətlərinə, satıcılara qəti tapşırıq verilməli, maska ilə mağazaya daxil olan müştərilər maskasız hərəkət edən müştərilərə etirazlarını bildirməlidirlər. O sürücü də, market sahibi də, mühafizəçi də, maska taxmayanlar da anlamalıdır ki, bu əmələ yol verməklə sevdikləri, yaxınları, ümumiyyətlə, cəmiyyət üçün real təhlükə mənbəyi rolunu oynayırlar.

Bu gün ictimai nəqliyyatda və qapalı məkanlarda maska taxılması və sosial məsafənin qorunması üçün polisin daha qətiyyətli və prinsipial davranış ortaya qoymasına ehtiyac var. Bunun üçün isə həm də ümumən cəmiyyətin dəstəyi önəmlidir. Bu gün qanunvericilik avtobusda maska taxmayan sürücünü və sərnişini, supermarketə müştərilərin maskasız daxil olmasına şərait yaradan supermarket sahibi və əməkdaşlarını cərimələməyə imkan verir. Ancaq polis bu gün bir avtobusda maska taxmayanı cərimələyən zaman münaqişə yarananda cəmiyyətin davranışı necə olmalıdır və necə olacaq? Cəmiyyət olaraq belə halda maska taxmayanı qınayıb, polisə açıq dəstək verməliyik. Supermarketlərdə də o cümlədən.

Yeri gəlmişkən, bu gün sorğu aparılsa, pandemiya xəstəxanalarında ağır, orta ağır vəziyyətdə olanların da əksəriyyətinin zamanında koronavirusa inanmayanlar olduğu üzə çıxar...

Bir sözlə, tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bu məhdudiyyətlərin tətbiqi bizləri, xalqımızı qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Allah xalqımızı və dövlətimizi qorusun!