KÖŞƏ

Sevinc Azadi

Makronsayağı “demokratiya”nın təzahürləri

01 dekabr 2020 17:38
2019

Zaman-zaman müxtəlif ölkələrin, xüsusilə də, türk-müsəlman dövlətlərinin daxili işlərinə müdaxilə etməklə özünü "demokratiya" carçısı kimi təqdim etməyə çalışan və ermənipərəst mövqeyi ilə tanınan Fransada vətəndaş narazılıqları pik həddə çatıb. Bu ölkənin 130 mindən çox vətəndaşı “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı müxtəlif şəhərlərdə kütləvi etiraz aksiyaları keçirir. Parisdə polis əməkdaşları aksiyanı dağıtmaq üçün zorakılığa əl atırlar. Belə ki, polislər xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edirlər. Nəticədə etirazçılarla polislər arasında qarşıdurmalar yaşanır. Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 100-dən artıq polis yaralanıb. Onlardan 23-ü paytaxt Parisdə, digərləri isə Fransanın bölgələrindəki aksiyalarda xəsarət alıblar. Lakin hələ də kütləvi aksiyalar keçirən etirazçılara qarşı Fransa polisinin həyata keçirdiyi zorakılıq halları ilə bağlı beynəlxalq təşkilatlar hər hansı bir bəyanatla çıxış etməyiblər, onlar sanki Fransada baş verən zorakılıq hallarını “görmürlər”. “Demokratiya”dan, “insan haqları”ndan dəm vuran və bunu başqa dövlətlərə qarşı xüsusi təzyiq vasitəsi kimi istifadə edən Fransanın özündə vətəndaşlar kütləvi olaraq polis zorakılığına məruz qalırlar. İnsan haqları təşkilatları isə susur, reaksiya vermir.

Ötən gün Fransa polisi Parisin mərkəzində toplaşmış qaçqınları qovub və baş verənləri çəkməyə çalışan jurnalistlərə hücum edib. Nəticədə media nümayəndələrinin avadanlıqları sındırılıb, onların bəziləri həkimə müraciət etməli olublar.

Qeyd edək ki, Fransada yeni qanun layihəsinə görə, jurnalistlərə işini yerinə yetirən polisləri videoya çəkmək qadağandır. Ancaq sözügedən qanun hələ qəbul edilməyib. Onu da vurğulayaq ki, Fransada keçirilən etiraz aksiyasını işıqlandıran jurnalistlərə edilən hücumla bağlı beynəlxalq təşkilatlar hər hansı bir reaksiya verməyiblər. Bəs görəsən beynəlxalq təşkilatlar dinc fransızların səsini niyə eşitmək istəmirlər? Bütün bunlar səbəbsiz deyil, bu, həmin beynəlxalq təşkilatların ikiüzlülüyünün və ikili yanaşmasının göstəricisidir.

Maraqlıdır, müsəlman ölkələrində xaos yaratmaq istəyən, ictimai asayişi kobud şəkildə pozan, cinayətlər törədən şəxslər həbs ediləndən sonra Fransa dövləti qondarma hesabatlar hazırlayaraq, həmin şəxslərə azadlıq tələb edirlər. Bəs Fransa dövləti nə üçün öz vətəndaşlarına divan tutur? İnsan hüquq və azadlıqlarının "qorunması" üçün gecə-gündüz çağırışlar edən, saxta iddialarla çıxış edən Fransa həm də islamofobiyanın ən çox vüsət aldığı ölkələrdəndir. Burada mütəmadi olaraq İslam dininə qarşı aqressiya müşahidə olunur. Əsassız yerə Azərbaycanı, Türkiyəni və digər ölkələri ittiham edən bu Qərb təşkilatları xristian dünyasında baş verənləri hesaba almırlar, Fransaya qarşı hər hansı bir təzyiq metodundan istifadə etmirlər. Çünki bu onların şəxsi maraqlarına uyğun deyil. Fransa Avropa Birliyinin aparıcı dövlətidir və həmin təşkilatlar da birbaşa bu birliyə tabedirlər. Qərb dünyası heç vaxt özündə baş verən qanunsuzluqları öz adı ilə çağırmır, əksinə, ona “qanun” donu geydirirlər. Bir müddət əvvəl Qarabağdan obyektiv reportaj hazırlayan fransalı jurnalistin başına bu ölkədə hansı oyunlar açıldığını hər kəs yaxşı bilir. Lakin bu məsələlərlə məşğul olan heç bir təşkilatın, qurumun səsi çıxmadı. Bircə “Sərhədsiz reportyorlar” səthi bəyanat qəbul etdi və sonra isə ümumiyyətlə, səsini çıxarmadı. Ermənistanda baş verən son hadisələr zamanı da beynəlxalq təşkilatlar susdular, çünki onlar erməni lobbisinin təsiri altında olduqları üçün heç nə etmədilər. Aydındır ki, həmin beynəlxalq təşkilatlar sənədlərində göstərildiyi kimi, müstəqil qurumlar yox, hansısa ölkələrin, qurumların, qüvvələrin əlaltısıdırlar.

Bu gün “demokratiyanın beşiyi” adlandırılan Fransada demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqı dəhşət doğurur. Necə olur ki, F1 kanalını, beynəlxalq hüququ dəstəkləyən deputatları terrorizmlə və ASALA ilə hədələyirlər, Fransada söz azadlığına və demokratik prinsiplərə qarşı gedə bilirlər. Fransada fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitəsinə və siyasətçilərə qarşı erməni lobbisinin göstərdiyi təzyiqlərə söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar öz münasibətini bildirməlidir. Təəssüf ki, beynəlxalq ictimaiyyətin təzyiqini və təpkisini görməyən erməni terrorizmi bu hadisələrə lazımi qiymət verilməməsi ucbatından getdikcə daha geniş miqyas alır.