KÖŞƏ

Sevinc Azadi

28 illik həsrət bitdi: Laçına qovuşduq

02 dekabr 2020 16:26
1873

Artıq Laçın rayonu da işğaldan azad edildi. Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəhayət ki, sona çatdı. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Burada Azərbaycanın Dövlət Bayrağı qaldırıldı. Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli oldu.

Laçını tərk edən erməni əhalisi isə 1992-ci ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla çıxdılar. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaratdı. Bunun müqabilində isə Laçından və digər azad edilən rayonlardan çıxan ermənilər öz murdar xislətlərinə sadiq qalaraq yaşadıqları evləri yandırır, vandallıq edərək meşələrə od vurur, suları çirkləndirərək ekoloji fəlakət törətdilər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulmuşdu. Onların bir çoxu qırğına məruz qalmış, atəşə tutulmuş, meyitləri belə təhqir edilmişdi. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu.

Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir. İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın diametri 210 sm, hündürlüyü 26 metr, yaşı isə 400 il təşkil edib. Rayon ərazisində ümumi sahəsi 1 092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Burdakı ağacların yaşı 100-150 ilə çatır.Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir. Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 m hündürlükdə, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Gölün dərinliyi 5-6 metr olmaqla vulkanik mənşəlidir. Qaragölün əsas biokütləsində Gammarus lacustris şirinsu xərçəngi mühüm yer tutmaqla qiymətli balıq növü olan Qızılxallı balıq (forel) üçün yem bazası hesab olunub. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib. Ətraf çəmənliklər sistemsiz olaraq intensiv otarılmaqla bitki örtüyü korlanıb.

Laçın Dövlət Təbiət Yasaqlığı: 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), Şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), su balp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Sahəsinin 7 369 ha və ya 34,5 %-i meşə sahəsi, 1 448 və ya 6,8 %-i alp çəmənliyi, 7 400 ha və ya 34,8 %-i subalp çəmənliyi, 4 257 ha və ya 20 % otlaqlar, 862 və ya 4 % qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycan Respublikasında ancaq həmin yasaqlıqda yayılıb.

Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 1180 km2, uzunluğu 113 km, çoxillik orta su sərfi 10,8 m3/san, illik axımın həcmi 341 mln.m3-dir. Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəri çayına tökülür. Axımı əsasən qar və yeraltı sulardan qidalanır. Çayın sutoplayıcı sahəsi 88 km2, uzunluğu 25 km-dir.

Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir. Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri (xalq daş heykəltəraşlıq) abidələridir. Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.