KÖŞƏ

Mənsumə Babayeva

Beynəlxalq aləmdə reytinq göstəricilərimiz ildən-ilə artır

21 dekabr 2020 18:45
2126

Dünya Bankının “Doing Business” hesabatı 10 indikator üzrə ölkələrin qiymətləndirilməsi məqsədini daşıyır. Bu da biznes mühitinin asanlığının dəyərləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. “Doing Business” komandası hər il ölkələr üzrə aparılan islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən, habelə məşhur konsaltinq şirkətlərindən toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir.

Hətta “Doing Business” hesabatı xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda “Qlobal Rəqabətlilik Hesabatı”, “Qlobal İnnovasiyalar İndeksi”, “İqtisadi Azadlıq İndeksi”, “Qlobal İmkanlar İndeksi” və s. baza rolunu oynayır.

Bu il avqustun 27-də Dünya Bankı tərəfindən yayımlanmış məlumatda bildirilmişdi ki, bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb və onların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacaq. Müstəqil araşdırmanın nəticələrinə əsasən, Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşıb və ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub. Hətta bu ilin dekabrın 16-da Dünya Bankının daxili audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatının metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib və göstəricilərlə bağlı məlumatlar yenilənib. Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda aparılmış islahatların “Elektrik təchizatı şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası” və “Sərhəddə ticarət” indikatorları üzrə “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub.

Düzəlişlərdən sonra isə “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7-dən 78,5-ə qədər artırılıb. Nəticədə Azərbaycanın qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Beləliklə, ölkəmiz dünyanın “Ən islahatçı on ölkəsi” sırasındakı mövqeyini qoruyub saxlamışdır. Bütün bunlar isə bir daha təsdiq edir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Eyni zamanda, 2015-ci ilin sonlarından başlayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda aparılan islahatlar daha da dərinləşib, nəticədə ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Bu irəliləyişləri  keçən illərdə olan hesabatlara diqqətlə nəzər yetirsək aydın şəkildə görə bilərik. Azərbaycan “Doing Business 2012” reytinqində mövqeyini üç pillə yaxşılaşdıraraq, 2011-ci ildə  tutduğu 69-cu yerdən 66-cı yerə yüksəlib. 2013-cü ildə Azərbaycan 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Dünya maliyyə böhranının davam etdiyi 2014-cü ildə Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında 70-ci yerdə olub. 2017-ci ildə isə Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business” hesabatında 65-ci pillədə qərarlaşmışdı. Bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxıb. Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Xüsusilə vurğulamağa dəyər ki, həmin hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilmişdi. Bir il sonra “Doing Business 2019” hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yeri tutub. Bu hesabatlarda 4 il müddətində Azərbaycanın biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu, islahatların aparılması istiqamətləri üzrə inkişaf tempi aydın şəkildə ifadə edilib. Əgər 2017-ci ildən 2018-ci ilə irəliləyiş 8 pillə olubsa, 2018-ci ildən 2019-cu ilə 32 pillə təşkil edib. 2019-cu ildən 2020-ci ilə isə ölkəmizin bu hesabatda daha 6 pillə irəliləməsi ölkədə siyasətin düzgün aparılmasının nəticəsidir.