KÖŞƏ

Nurəddin Muğanlı

“Könüllülər ili”nin  könüllü əsgərləri

30 dekabr 2020 23:26
4099

Üç gün davam edən Tovuz döyüşləri və 44 günlük İkinci Qarabağ müharibəsi ilə yaddaşımızda silinməz izlər  qoyan 2020-ci il  həm də  Azərbaycan tarixində “Könüllülər ili” kimi qaldı

Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxmışdı. O dövrdə  könüllülük  ifadəsi yalnız hərbi kontekstdə istifadə olunurdu. Müasir dövrdə insanın  fərdi xüsusiyyətlərini qabardan bu termin cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş və gəlir əldə etmək məqsədi daşımayan ictimai faydalı fəaliyyəti özündə ehtiva edir. Son illərdə respublikamızın davamlı inkişafının təmin olunmasında Vətənə, dövlətə, milli-mənəvi dəyərlərə bağlı olan  könüllülük hərəkatının əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ili  Azərbaycanda “Könüllülər ili” elan etmişdi.

...İlin əvvəli nisbətən sakit başlasa da, Qarabağ ətrafında hadisələr gərginləşəndən, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasından sonra dövlət başçısı sentyabrın 27-də  ölkəmizdə “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman və sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncam imzaladı.  Onminlərlə  gənclərimiz  dövlətimiz, ordumuz və Ali Baş Komandanımızla həmrəylik ifadə edərək torpaqlarımızı işğaldan azad etmək üçün  könüllü əsgər kimi ordumuzun sıralarına yazıldı, bir çoxları cəbhəyə düşmənə çoxdan layiq olduğu cavabı verməyə yollandı. “Könüllülər ili”ndə  ölkəmizin bütün bölgələrindən vətənpərvər oğulların  könüllü cəbhəyə yollanması da,  Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna  könüllü dəstək kampaniyası da  xalqımızın tarixində,  adət-ənənələrində  mövcud olan  təmənnasız köməyin  və xeyirxahlığın  təntənəsinin bariz nümunəsi idi.  Vətən naminə döyüşə könüllü yazılanlar o qədər çox idi ki, dövlətin ümumi səfərbərlik elan etməsinə ehtiyac belə qalmamışdı. Heç şübhəsiz ki, ordumuzun sıralarına qatılan könüllü  əsgər və  ehtiyatda olan zabitlərin ruh yüksəkliyinin, eləcə də xalq və dövlət vəhdətinin ərsəyə gəlməsinin əsas səbəbi  2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğunda həyata keçirilən uğurlu siyasət idi. Ölkəmizdə müdafiə sənayesinin müasir texnologiyalar əsasında durmadan inkişafı,  müxtəlif təyinatlı silah-sursatların, zirehli texnikaların istehsalı, müasir hərbi şəhərciklərin tikilib istifadəyə verilməsi, hərbi qulluqçuların  sosial-məişət şəraitinin günü-gündən yaxşılaşdırılması təbii  ki, Vətən müdafiəçilərinin ruh yüksəkliyinin artırılmasına xidmət edirdi.    Ordumuzun gücü  təkcə müasir silah və texnikada deyildi. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyi, Vətən sevgisi idi.

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribatının   qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun  bütün cəbhəboyu  başladığı əks-hücum əməliyyatının uğuru da Vətənə sevgisi, qələbəyə inam hissi ilə silaha sarılan Azərbaycan əsgərinin döyüşkənliyinin,  cəsarətinin  yüksək səviyyədə olmasında idi.  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi “Zəfər bizimdir, biz qələbə çalacağıq!” sözləri qələbəyə inam çağırışı oldu.   Ali Baş Komandanın çıxışlarında düşmənin başını əzmək üçün   göstərdiyi  yumruq  isə  xalqımızın birlik və güc simvoluna çevrildi. Dövlət  başçısı oktyabrın əvvəllərindən başlayaraq hər gün cəbhədən, döyüş meydanından gələn xoş xəbərlərlə xalqımızı sevindirdi. Ön cəbhədə əsgər və zabitlərimiz necə qeyrət, şücaət göstərirdilərsə, arxada bütün xalqımız da elə səbir, təmkin, qələbəyə inam nümayiş etdirirdi. 

Doğma Azərbaycanı candan sevən, sözün əsl mənasında,  Vətən sevgisi ilə dolu olan  könüllü əsgərlərimiz də döyüşlərdə qələbə əhval- ruhiyyəsi ilə  qəhrəmanlıq  nümunələri göstərərək düşmənin canlı  qüvvəsini məhv edirdilər. 44  günlük Vətən müharibəsi müasir döyüş tarixinə, dünya hərb tarixinə yenilik gətirdi. Şuşa  əməliyyatı isə Azərbaycan Ordusunun dünya hərb sənətində  misilsiz qüdrətini göstərdi.

Vətən uğrunda canlarından keçməyi gözə alaraq, torpaqlarımızı mənfur düşməndən azad etməyə könüllü yollanaraq şəhid olan igid oğullarımızın qanı yerdə qalmadı. Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Azğın, məkrli düşmən həm döyüş meydanında, həm də siyasi arenada diz çökdü.  Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi, həm də bu birlikdən qaynaqlanan Milli Ordumuzun gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya göstərdi. Bu Qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü və haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirdi. Şanlı Qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.”

Azərbaycan xalqı üçün 2020-ci il torpaqlarımızın işğaldan azad edilməsi, qazandığımız Zəfərlə əlamətdar oldu.  2021 –ci ildə  ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ilk növbədə  işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasıdır. Təbii ki, bundan sonra da ordumuzun maddi-texniki bazasının, döyüş hazırlığının, sosial şəraitin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı  tərəfindən prinsipial addımlar atılacaq.  Ali  Baş Komandan hospitalda yaralı əsgərlərlə söhbət zamanı vurğuladı ki, hər bir əsgərin yanındadır. Yəni hər bir əsgər ordu deməkdir və dövlət başçısı ordunun yanında olduğunu bu sahədə lazımi işlərin bundan sonra da aparılmasına diqqət yetiriləcəyini vurğuladı. Yeri gəlmişkən,  Azərbaycan  xalqının əsrlərin sınağından  çıxmış  “Qarı düşmən dost olmaz”  atalar sözünü heç  vaxt  unutmaq olmaz.  Bu  müdrik kəlamda sıradan bir düşmən deyil,  olduqca zalım, qansız, vicdansız, bir sözlə, bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli  erməni  kimi düşmən nəzərdə tutulub. Daim  özünə güclü  havadarlar axtaran bu  hiyləgər düşmən hər zaman  bilməlidir ki,  onun  qarşısında duracaq müzəffər və günü-gündən güclənən Azərbaycan Ordusu var. Bütün dünya, hətta Ermənistanı  himayə edən  dövlətlər bildilər ki, Azərbaycan bu Qələbəyə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub. Bəli,  zaman ötdükcə biz də  dövlətimizin və ordumuzun bu tarixi Qələbəsinin cəmiyyətimizin həyatını, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq...

 Silahlı Qüvvələrimiz xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın Milli Ordumuza olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.  Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir.

    Uca Tanrı müzəffər ordumuzun əsgər və zabitlərini qorusun!