Nurəddin Muğanlı |
Dünya ermənilərin bu yalançı sindromunun mənşəyini bilsə…
Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra məğlub Ermənistanın ilk işi işğaldan əvvəlki sərhədlərinin mühafizəsini təşkil etmək idi. Lakin ermənilər öz saxtakarlıqlarından əl çəkmir, Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi ərazilərdə təxribatlar törətməyə can atırlar. 200 il bundan əvvəl olduğu kimi, bu gün də ermənilik siyasətinin ən böyük silahı yalan və böhtandır.
Tarix elmləri doktoru , professor Həsənbala Sadıqov “Emənistanın uğursuz 6 diversantı hərbi əsirə cevirmək sindromu” sərlövhəli məqaləsində çox haqlı olaraq yazır ki, biz talehsizlikdən, yaxın keçmişdəki məqsədli müdaxilə nəticəsində Ermənistan adlı dövlətlə qonşuyuq. “Tarix bir daha təsdiq etmişdir ki, Ermənistanla qonşuluq elə Şəristanla qonşu olmaq deməkdir...”
Təbii ki, 30 il işğal altında saxladığı o ərazilərdə fəaliyyət göstərən erməni separatçıları bu torpaqlarda nəyin harada olduğunu çox yaxşı bilirlər. Elə bu səbəbdən də 44 günlük müharibədə məğlub olandan sonra da öz murdar niyyətlərini terrorçuluq, diversantlıq üsulları ilə davam etdirməyə cəhd göstərirlər.
Bütün vasitələrlə Azərbaycana azad olunan ərazilərdə quruculuq işləri həyata keçirməyə imkan verməmək üçün Ermənistan rəhbərliyi ölkə daxilindəki iqdisadi-siyasi gərginliyi və vətəndaş qarşıdurmasını aradan qaldırmaq əvəzinə “qonşu” qanı tökməkdən sanki həzz alır, nəşələnir. Professor H. Sadıqovun dediyi kimi, dünyada insanlar dəyişdiyi kimi, mübarizə vasitələri də sürətlə dəyişir. Torpaq verib dövlət etdiyimiz ermənilər Dağlıq Qarabağı ələ keçirmək üçün uzun illər, necə deyərlər, saman altından su yeritmişdilər: “Əslində, 30 il rəmzidir, uzun illər davam edəcək faciəmizin əsası 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti qurulanda qoyuldu.Beləliklə, ermənilərə yalan və böhtanın əl ayaq açması üçün hər cür şərait yaradıldı.”
1930-cu illərdən başlayaraq ermənilər Kreml qarşısında dəfələrlə məsələ qaldırdılar ki, azərbaycanlılar bizə Qarabağı versinlər... Çox təəssüf ki, Moskava erməni həyasızlığına son qoymaq üçün bir dəfə də demədi ki, Azərbaycanın qədim torpağında torpağında oturub utanmadan yenə də Azərbaycandan torpaq istəyirsinz...
1960-cı ildə SSRİ-nin rəhbəri Nikita Xruşşov əvvəlcə Azərbaycana, sonra Ermənistana səfər edir. Orada yeyib-içib sərxoş olsa da, ermənilər Qarabağ məsələsi gündəmə gətirəndə, belə deyir: “Əgər siz Qarabağda yaşayan erməniləri belə çox istəyirsinizsə mən Sovet ordusundan 27 min əsgər və çoxlu texnika ayırıb, orada yaşayan erməniləri Ermənistana köçürməyə hazıram. Amma torpaq məsələsinə qarışmaq olmaz.”
Bədnam Mixail Qorbaçovun razılığını alan ermənilər isə SSRİ-nin dağılmasında Qarabağ məsələsindən “erməni sindromu” kimi də istifadə etdilər.
Bəs saxta erməni sindromunu necə dəf etmək olar?
Ermənilərin xaç atası Stepan Şaumyan bolşevik qiyafəsi geymiş daşnak törəmələrinə vaxtilə türklər barədə belə tövsiyə etmişdi: ”Türklər qalib gələ bilərlər. Lakin bizdən xarabazarlıqdan başqa bir şey ala bilməzlər.” Reallıq göz qabağındadır. Bu gün bütün dünya son 30 ildə ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandalizmin şahidi olur. Amma əfsuslar olsun ki, yenə də onların yalanlarını gerçək kimi “qəbul edir.” İndi də Ernənistan Azərbaycan ərazisinə dversiya törətməyə gələn 6 terrorçunu erməni ordusunun əsgərləri olaraq dünyaya təqdim edir.
Ermənistanı müdafiə edən xarici dövlətlər də bütün zamanlarda real faktı deyil, görmək istədiklərini görür, eşitmək istədiklərini eşidirlər. “The Moscow Post”un müxbiri 6 erməni əsgərinin Azərbaycanla sərhəddə əsir götürüldüyü barədə məlumatı yoxlamadan təkrar olduğu kimi “dövrüyyəyə buraxır.”
Ermənistan Müdafiə Nazirliyi utanmadan onu da bildirir ki, erməni əsgəri adı ilə dünyaya təqdim etdikləri “terrorçuların” azad edilməsi ilə əlaqədar vacib tədbirlər görülür. Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 28-də Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında bildirib ki, onlar bizim ərazini minalayırdılar. “Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı?”
Həbs olunan terrorçuları Ermənistan Müdafiə Nazirliyi əsassız olaraq dünyaya hərbi əsir olaraq bəyan edir. Hər halda, gecə saat üçdə Azərbaycan sərhədini gizli olaraq keçənlərin xeyirxahlığından söhbət gedə bilməz. Məsələnin mahiyyəti ortadadır. Terrorçular dünyaya erməni hərbi əsirləri olaraq təqdim edilir. Azərbaycan sərhəddini gizli keçən erməni əsgər deyil, terrorçudur, diversantdır. Əməlləri isə göz qabağındadır.
Erməni iddiaları sadəcə siyasi məqsədlərə əsaslanan uydurma və böhtanlardan ibarətdir. Bu da Ermənistanın özü ilə bərabər qonşu olduğu dövlətlərə böyük ziyanlar bahasına başa gəlir. Ona görə də dünyaya yaydıqları saxtakarlıq sindromunu aradan qaldırmaq üçün ilk addımı ermənilər özləri atmalıdırlar. İlk növbədə qonşu dövlətlərə ərazi iddalarından əl çəkib Tanrının onlara nəsib etdiyi nemətə şükür etməlidirlər. Çünki bu dövlət 30 il Azərbaycan torpaqlarını işğal etsə də, yenə əvvəlki kimi kasıb, yoxsul, dilənçi kimi yaşayıb.
Ermənilər eyniz zamanda, bu gün Azərbaycan xalqının əsrlər boyu qazandığı nailiyyətləri sıfıra endirmək, qədim Qarabağ xalçalarını öz adına çıxmaq əvəzinə onları Azərbaycanın milli ruhunun daşıyıcısı kimi qəbul etməyə və bu həqiqətdən bacararlarsa qonşu kimi zövq almağa başlamalıdırlar.