KÖŞƏ

Nurəddin Muğanlı

Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir

10 sentyabr 2021 23:16
3892

Son zamanlar sosial şəbəkələrin geniş kütlələrə çıxış imkanından süi-istifadə halları əxlaqsız səviyyəyə çatıb. Abır-həya  hissindən məhrum olan adamlar saxta profillərlə tanış olduqları  evli qadın və  ya kişi istifadəçiləri tora salmaq məqsədi ilə  əvvəlcə onların etibarını qazanır, sonra  virtual ünsiyyət zamanı əldə edikləri intim görüntülərini internet səhifələrində yaymaqla hədələyib  onlardan pul tələb edirlər.  

Sosial şəbəkənin imkanlarından  öz tərbiyələrinə uyğun “qazanc” kimi  istifadə edən belələri cəmiyyət həyatının  mənəvi ekologiyasını korlayırlar.  Cəmiyyətin faciəsi o zaman başlayar ki, insan insanlığını, ləyaqətini, abır-həyasını itirir. Həya -  öz  inancına sahib çıxan insanın libasıdır deyirlər.  İslam dünyasının ən görkəmli şəxsiyyətlərindən biri olan Əli ibn Əbu Talib  hikmətli kəlamlarının birində  buyurur: “Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir."

Dədə-babalarımızdan  bizə miras qalan milli-mənəvi dəyərlərin çoxu  da  öz mənbəyini İslamdan  götürüb. Bu gün cəmiyyətimizdə  baş  verən  xoşagəlməz hallara,  sosial şəbəkələrdə əxlaqsız hərəkətlərə  “mənə nə?” deyib  laqeydlik ediriksə,  onda  sabahımızın necə  olacağını düşünmürük.  Qədim müdrik kəlamların birində deyilir: "Biz bu gün öz sabahımız ilə məşğul olmasaq, bu işi bizim yerimizə zaman görəcək. Zaman isə bizim xeyrimizə işləyəcəkmi?"

Son günlər  ən tanınmış adamlar  belə  sosial şəbəkələrdə  “ağ atlı şahzadə” axtaran xanımların ucbatından çox  asanlıqla  öz karyerasını  qoruya bilməyəcək duruma  düşürlər. Əlbəttə,  sosial şəbəkələrdə şəxsi məlumat və şəkillərin paylaşılmasının saxta profillərin sahibi tərəfindən  arzuolunmaz şəkildə istifadə oluna biləcəyi barədə  bu sahənin mütəxəssisləri  dəfələrlə SOS siqnalları veriblər.

Ötən illərdə Azərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb edən kişi şantjaçılar üstünlük təşkil edirdilərsə, indi sosial şəbəkə hesabına cəlbedici və açıq-saçıq fotolarını qoymaqla əvvəlcədən seçdikləri kişilərə dostluq göndərən  qadınlar  da  bu “metoddan” istifadə edirlər.

Mütəxəssislərin   bildirdiyinə  görə,  belə  şantajçılar qabaqcadan  telefonda ekran görüntüsünü videoya çəkən proqramı aktivləşdirdikdən sonra həmin şəxslərə görüntülü zəng edirlər. Zəngə cavab verilən andan proqram aktivləşir və erotik hərəkətlər edən “qadın” qarşı tərəfin diqqətini cəlb etməyə və onu mümkün qədər daha uzun müddətdə videozəngdə saxlamağa çalışır. Artıq bu günədək bir neçə tanınmış şəxsin bu formada videosu sosial şəbəkələrdə yayılıb.

Zəng edilən kişinin erotik hərəkətlər edən gənc qıza reaksiya verib-verməməsindən asılı olmayaraq, zəngin əvvəlindəki bir neçə saniyə həmin şəxslərin artıq “tora düşməsi” üçün bəs edir. Çünki qarşılaşdığı görüntünü anlamağa çalışan, yaxud elə buna maraq göstərən şəxs bir neçə saniyə də olsa, videoya baxmağa məcbur olur. Əgər zəng edilən kişi həmin gənc qıza maraq göstərib daha da irəli gedərsə, onun sonrakı taleyi sosial şəbəkələrdə, xəbər saytlarında manşet olur. Amma burada maraq göstərməmək də kişiləri xilas etmir. Daha sonra saxta hesab arxasında olan şəxslər zəng etdikləri kişinin qeydə alınan videosunu özünə göndərib yayacaqları ilə hədələyib böyük məbləğlərdə pullar tələb edirlər.

Buradaca  çox  düşündürücü  sual yaranır. Adədən,  “tələyə”  düşən tərəf  -  yəni  “ov” bu və ya digər şəkildə cəzalandırılır. Amma  “tələ sahibi” – yəni  “ovçu” cəzasız qalır. Belə  olan halda  getdikcə  zəncirvari halqa yaradan  və  “kadr arxasında” qalan insanlar əxlaqsız əməllərini silsilə şəklində davam etdirirlər. 

Qanunla bu tipli videoları və şəkilləri internet üzərindən yayan şantajçılar aşkarlanmalı və onlara qanun çərçivəsində cəza tətbiq edilməlidir. Bəzən günahkarların  cəzasız qalması  günahsız  insanlarda da  qanunlara qarşı məsuliyyətsizlik hissi yaradır.

Fikrmizcə,  müasir dövrdə demək olar ki, hər kəsin yararlandığı   sosial şəbəkələr qanunla tənzimlənərsə, bir çox  problemlərin qarşısını almaq mümkün olar.