KÖŞƏ

Nurəddin Muğanlı

Tarixi Qələbəmizə  sevinməyən “köhnə qvardiya”

15 fevral 2021 17:55
4310

“Cəmiyyət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.”

Ulu öndər Heydər Əliyev

Dədə Qorqudun dediyi “bu gəlimli gedimli, son ucu ölümlü dünya”da insanın həyatı çox qəribə, həm də güzəştsiz qurulub, göz açıb yumunca ömür-gün başa çatır. Amma yer üzündəki insanların ömrünü gödəldən, qayçılayan, hətta qamçılayan amillər də çoxdur. Onlardan bəlkə də ən birincisi, adamın yaşadığı cəmiyyətdə görüb, duyub, dərk etdiyi, eyni zamanda, üzləşdiyi ədalətsizliklərdir.

Hər bir cəmiyyətin mənəvi varlığı və inkişafı üçün əsas prinsiplərdən biri də haqq-ədalətin bərqərar olmasıdır. Təbii ki, indiki cəmiyyətdə insanlar real həyatda baş verən haqsızlıqların miqyası barədə tez-tez  virtual “məkanda” xəbər tuturlar. Son günlərdə  Milli Məclisin vitse-spikeri Adil Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev, nazir kürsüsündə olduğu vaxtlarda Səlim Müslümova “uçuruma gedirsən, özünə dur deməyi bacar!” deyən keçmiş maliyyə naziri Fikrət Yusifovun keçmiş nazirlər Heydər Əsədov və Səfər Əbiyev barədə açıqlamaları,  AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin Ramiz Mehdiyevi məhkəməyə verməsi və başqa “sensasiya” xarakterli faktlar sadə Azərbaycan vətəndaşını və oxucusunu artıq təəccübləndirmir. Ona görə ki, hələ torpaqlarımızın düşmən işğalı altında olduğu vaxtlarda “sabiq” dövlət məmurlarının Bakı və Bakıətrafı kəndlərdə, İsmayıllıda, Qəbələdə və Azərbaycanın digər dilbər güşələrində  hündür hasarlarla  “çərçivəyə” aldıqları  dəbdəbəli villaları,  mal-mülkləri, biznes şəbəkələri onların yalnız öz mənfəətlərini güddüyünü, cəmiyyətin xeyrinə çalışmadıqlarını bəlli edirdi.

                                “Oyatma,  mürgülü  xatirələri…”

Ramiz Mehdiyevlə bağlı açıqlamasında Adil Əliyev 83 yaşlı akademikin mərhum prezident Heydər Əliyevə və hazırkı ölkə başçıcı İlham Əliyevə sədaqətinin mübahisəli olduğunu bildirir: “Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə desək, Ramiz Mehdiyevə “mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.”

A.Əliyev  çox  haqlı olaraq  bildirir ki,  uzun illər hakimiyyətin ən yüksək pillələrində təmsil olunmaq insana əlavə imtiyaz vermir, əksinə onun qanunlara tabeçilikdə mənəvi məsuliyyət yükünü artırır: “Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan. Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik salmaq istəyir.”

 Vitse-spikerin sensasiya sayılacaq fikirlərindən biri  məşhur “mandat alveri” qalmaqalına görə Ramiz Mehdiyevi təqsirkar bilməsidir. Onun fikrincə, akademik bu qalmaqalın əsas fiqurantlarından olan keçmiş deputat Gülər Əhmədova və onun rəfiqəsi Sevinc Babayevanı güdaza verib: “Cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir.”

 

          Yaxşı ad qazanmaq istəyirsənsə, acgöz və həris olma!

 

 Ramiz Mehdiyevin susmaq əvəzinə, “döyüşdüyünü”, tez-tez aldığı orden və medallarla qürrələndiyini vurğulayan Adil Əliyev  onun   

AMEA -nı şəxsi obyektinə çevirdiyini də qeyd edib: “Dövlət qurumunun rəsmi saytını şəxsi bloqu kimi idarə edir. Bu ixtiyarı ona kim verib? Saytda elmi məqalələrdən çox Ramiz Mehdiyevin deputatlara və digər şəxslərə cavabları dərc olunub. Görün ölkənin elm ocağına kim rəhbərlik edir.  Azərbaycan 44 gün düşmənlə müharibə apardı və misilsiz qələbə qazandı. Vətən müharibəsində hamımız dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdik... Ramiz Mehdiyevin isə həm müharibə, həm də müharibədən sonrakı mərhələdə aktivliyini görmədik. Qələbəmizə sevinməyən iki nəfərdən biri olan Ramiz Mehdiyev sevinsəydi, o boyda AMEA adından təbrik yayardı. Onun hansı qüvvələrə arxalandığı bəllidir!”, - deyə  vitse-spiker  AMEA-da mütəmadi yoxlamalar aparılmasını, nöqsanlar üzə çıxarılaraq tədbir görülməsini təklif edib.

 

                             Mübarizə bu gün də var, yarın da…

 

Bəli, biz 44 günlük  Vətən müharibəsində düşmənə qalib gəldik. Xalqımıza bu qələbə sevincini bəxş edən  igid cəngavərlərin timsalında cəsarət, rəşadət, mətanət deyliən dədə-baba əmanətləri ilə yanaşı, Vətənə sədaqətin, torpaq uğrunda misilsiz fədakarlıqlarının  şahidi olduq. Fəqət düşmənlə müharibə bitsə də, özümüzün özümüzlə, öz nəfsimizlə savaşımız hələ də davam edir. Cəmiyyətimiz hələ də tamaha məğlub olan məmurların törətdikləri əməllərin əziyyətini çəkir.

U.Çörçill özünün məşhur nitqlərinin birində deyirdi: “Demokratiya heç də ən ideal siyasi sistem deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını tapmayıb…” Biz də  demokratik cəmiyyətdə yaşayırıq, çox təəssüf ki, dövlətin etimadını doğrultmayan bir çox səlahiyyət sahibləri özlərini xüsusi imtiyazlı şəxs kimi xalqdan üstün tutub, vəzifəsindən, siyasi mövqeyindən sui-istifadə ediblər. Axı Ulu Tanrı  xalqımızdan heç nəyi əsirgəməyib, Odlar yurdumuza zəngin sərvətlər bəxş edib. Şübəsiz ki, “mənim olsun” ehtirası ilə ölkənin sərvətini  talayan məmurlar nə şəhid ailəsini, nə yaralı əsgəri, nə də problemlər içində çabalayan yurdun ziyalısını özünə doğma biliblər. Şəxsi maraq hissi ilə milli hədəflərimizi, hətta qələbimizi ləngidənlər də az olmayıblar. Elə Fikrət Yusifovun "Səfər Əbiyev tacirlik etdiyi qədər ordu quruculuğu ilə məşğul olsaydı, Azərbaycan ordusu dünyanın ən güclü ordularından biri olardı" fikri də belə amillər silsiləsindəndir.

 

               Yazmaq, özü də gerçəyi yazmaq  ikiqat işgəncədir

 

Bu, bir həqiqətdir ki, sabiq müdafiə nazirinin “xaricə” gedişindən sonra Azərbaycan Silahlı Qüvvəlləri surətlə dirçəldi. S. Əbiyev  Azərbaycanın müstəqillik dövründə Milli Ordumuzun əsgər və zabitləri ilə “rus dilində” danışan yeganə müdafiə nazir olub. Üstəlik  onun dövründə atəşkəsi pozan erməni silahlıları tərəfə atəşlə cavab verən  əsgər və zabitlərlərimiz sorğu-sual  edilirdi.  Onun  kimi bəzi generallar və yüksək statuslu  “köhnə qvardiya” mənsubları  belə fikirlər aşlayırdılar ki, güya təxribatçı ermənilərin “toyuğuna” kiş desək, qarşımızda rus ordusunu görəcəyik!  Bəs nə oldu?  Niyə onların bir çoxu vəzifə kürsüsündən uzaqlaşdırılan kimi  qələbəyə gedən yolarımız birdən-birə hamarlaşdı?!

Adama hərdən elə gəlir ki, “təbliğat” mexanizmiləri getdikcə toz basan keçmiş məmurların çoxu Azərbaycanda mövsümi işdə çalışıblar, məqsədləri də ancaq sərvət yığıb “aradan çıxmaq”, “inzivaya” çəkilmək olub. Amma varidatı  milyardlarla qiymətləndirilən bəzi sabiqlər  mətbuata elə açıqlamalar verirlər ki, sanki qələbəmizdən məmnun deyillər…

                                    Qarabağımızı dirçəltmək üçün...

 

Yaxşı  olardı ki, “sabiqlər alayı” yüksək vəzifə başında qazandıqları,  xalqdan, dövlət büdcəsindən oğurladıqları milyardları  Qarabağda bərpa proseslrinə yönəltmək barədə açıqlamalar verəydilər. Bununla onlar qismən də olsa həm öz vicdanlarının, həm də xalqın tənəsindən qurtular, ədalət məhkəməsi qarşısında “cəzalarını” yüngülləşdirmiş olarlar. Bu “fantastik”, “gözlənilməz” addım sabiqlərin çörəyini yediyi, suyunu içdiyi yurda sadiqliyin, “özünəqayıdışın”təntənəsi kimi də örnəyə çevrilərdi.  Müdrik kəlamların birində deyilir: “Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir.” Siz də özünüzü  belə ləzzətdən mərhum etməyin, cənab sabiq məmurlar!..

Ali Baş Komandanın rəhbəriliyi ilə düşmən üzərində tarixi Qələbəmiz isə bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin də zəfər qazanacağına əsas verir. Elə Prezidentin poeziya dünyasının dahisi  Nizmi Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ili  “Nizami  Gəncəvi ili” və Qarabağın incisi Şuşanı Azərbaycanın mədəniyyət  paytaxtı  elan etməsinin bir hikməti budur. Azərbaycanın böyük mütəfəkkirinin dediyi kimi:

Qoy ədalət zəfər çalsın,

Zülm məhv olub alçalsın.

Şərəflənsin qoy səxavət,

Mərdlərə halaldır şöhrət.

Qoy  millətimiz zaval görməsin, dövlətimiz əbədi olsun, bayrağımız ən uca zirvələrdə dalğalasın!