Nurəddin Muğanlı |
Millətçilik dalğası və faşizm ideyaları üzərində XX əsrdə İtaliyada Almaniyada, Portuqaliyada, İspaniyada dövlət quran adamların aqibəti dünya tarixinə yaxşı məlumdur. Lakin Avropada faşizm dövrü iflasa uğrasa da əsrin sonunda - 1991-ci ilin sentyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan bir qrup erməni millətçisinin dünyaya səpələnmiş daşnak tör-töküntülərinin fitnəsi ilə bir araya gəlib əvvəlcə "dqr", sonra isə "Artsax" adlı qondarma dövlətçilik elan etməsi Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoydu.
Ötən 30 ərzində 3 müharibədə (1991-1994, 2016, 2020) və dəfələrlə atəşkəsin pozulması nəticəsində xeyli sayda insan həlak oldu. Çox təəssüf ki, 44 günlük müharibədə Azərbaycan Ordusunun tarixi Qələbəsindən sonra Rusiya sülhməramlı (?!) qüvvələrinin labüd ölümün pəncəsindən qurtardığı erməni faşizmi yenə Xankəndidə odu sönmüş qondarma rejimin külü ilə oynayır.
Elə sentyabrın 1-də “Artsax Respublikasının parlamenti”nin sədri Artur Tovmasyanın sədrliyi ilə qondarma dqr-in müstəqilliyinin elan edilməsinin 30 illiyinə həsr olunmuş xüsusi iclası da əslində, Xankəndidə gözlərindən məyusluq yağan ermənilərin gözünə kül üfürməkdən başqa bir şey deyildi.
Nə qədər qəribə olsa da iclasda erməni apostol kilsəsinin artsax teminin rəhbəri Vrtanes yepiskop Abrahamyanın, Ermənistan Respublikası parlamentinin nümayəndə heyətinin iştirakı və çıxış edənlərin “arsax xalqının” 30 il əvvəl verdiyi qərarı “müdrik” hesab etmələri, eləcə də həmin qərarın “Artsaxı erməniləşdirməyin yeganə yolu adlandırmaları” 30 illik fazim "marafonunu" davam etdirmək cəhdi kimi diqqətləri cəlb etdi.
Çünki təbrik nitqi ilə çıxış edən qondarma respublikanın xarici işlər naziri Davit Babayanın “həyatını qurban verən ermənilərin sayəsində vətənə sahib olmuşuq” və “onların xatirəsi naminə hamımız Artsaxı gücləndirmək məcburiyyətindəyik, bu da Ermənistanı gücləndirmək deməkdir" ifadəsində bir növü qorxu faktoru özünü büruzə verdi.
Qorxu faktlarının nədən, kimdən, haradan qaynaqlandığını erməni siyasi ekspert Tevan Poqosyan açıqlamasında qeyd edir ki, sentyabrın 2-də "ilk dəfə olaraq "müstəqillik günü" münasibətilə Ermənistan rəhbərliyinin Qarabağa gəlməməsinin səbəbini adı çəkilən ölkə rəhbərliyinin “qorxu və narahatlığında axtarmaq lazımdır.”
Tevan Poqosyan öz açıqlamasında bildirib ki, ortada iki qorxu səbəbi var: “Necə deyərlər, iki qorxu - bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycan və İlham Əliyevin reaksiyasından qorxurlar.”
Bəzi erməni ekspertləri və siyasətçiləri sentyabrın 2-də Xankəndiyə getməmələrinə görə Ermənistanın birinci şəxslərini açıq şəkildə qınayırlar. Onların fikrincə, indiki çətin vaxtda Ermənistan hakimiyyəti "artsax"ı heç vaxt olmadığı kimi dəstəkləməli, yanında dayanmalı idi. Ancaq gördüyümüz kimi, prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyan qısamüddətli dincəlmək və məzuniyyət adı ilə aradan çıxıb Xankəndiyə gəlməkdən ermənisayağı bicliklə yayındılar.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Vahan Xaçatryan ölkə rəhbərliyinin qondarma “dqr”nın saxta müstəqilliyi gününə niyə getməmələrinə aid verilən sualı cavablayarkən onların aradan çıxmağına belə haqq qazandırmağa çalışıb: "Deməli belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Başqa heç nə axtarmayın, hər şey yaxşıdır. İnanıram ki, heç bir problem yoxdur”.
Erməni nazir Paşinyanın məzuniyyətə getməsinə isə belə münasibət bildirib: “Hesab edirəm ki, bunu problem etməyə ehtiyac yoxdur”.
Bu fikirlər adamda belə təəssürat yaradır ki, deyəsən, Ermənistanın rəhbərləri indi həqiqəti yavaş-yavaş dərk etməyə başlayırlar.
Fəqət çox yaxşı olardı ki, 30 ilə yaxın Azərbaycanın qədim torpaqlarında "böyüdüb bəslədikləri" bu qondarma, separatçı qurumun sentyabrın 2-də ortada tək qaldığını millətçi ermənilərin şər yuvası olan erməni apostol kilsəsinin rəhbərliyi dərk edəydi.
Axı, bu gün gerçəkdən də istər dünyada, istərsə də Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında ilk növbədə din xadimlərinin fəaliyyəti böyük rol oynaya bilər. Bəs 30 il əvvəl Xankəndidə başlanan və günahsız insanların əmin-amanlığını təhdid edən faşizm “marofonunu” dayandırmaq üçün niyə erməni din xadimləri etiraz səslərini qaldırmırlar?
Ötəni ilin noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə Bəyanatdan sonra istər Ermənistan dövlətinin, istərsə Xankəndidə rus sülhməramlılarının kölgəsində gizlənən ermənilər qonşulara qarşı quldur kimi, təcavüzkar kimi davrana bilməzlər. Armen Sarkisyanın və Nikol Paşinyanın sentyabrın 2-də Xankəndiyə gəlməkdən boyun qaçırmaları Qarabağdakı erməni separatçılarına ağır psixoloji travma yaşatdı. Onlar başa düşdülər ki, artıq yolun sonudur, "artsax"ın dövlət kimi yaşamaq, mövcud olmaq şansı yoxdur.
Ermənilər terror dəstələrini himayə edənlər də bu gerçəyi nə qədər tez anlasalar, onların nazı ilə oynamaqdan əl çəkib sülhməramlı missiyalarını yerinə doğru-dürüst yetirsələr daha faydalı olar. Çünki Qarabağda atəşkəsin məhz erməni təxribatı nəticəsində pozulması sülhməramlı qüvvələrin təmsil etdikləri dövlətin imicinə böyük zərbə vurur.
Rusiyanın dövlət başçısı V. Putin sentyabrın 1-də Uzaq Şərqdə məktəblilərə açıq dərs keçərkən ABŞ qoşunlarının 20 il ərzində əfqan xalqını öz diktəsi ilə idarə etməyin necə yalnış olduğunu bildirdi. Qeyd etdi ki, sülhməramı adı altında Əfqanıstanda fəaliyyət göstərən qoşunlar burada yaşayan yerli xalqların adət-ənənələrini heç nəzərə almayıblar. Nəticədə ABŞ-ın həmin ölkədə siyasəti iflasa uğrayıb.
Bax, elə buna görə də daha yaxşı olardı ki, Qarabağdakı rus sülhməramlıları da Azərbaycan xalqının sülh mövqeyini nəzərə alıb, 30 il əvvəl Xankəndidə yaşayan azərbaycanlı əhalinin öz doğma yurd-yuvalarına qayıtmaq arzusunu reallığa çevirəydilər.