Nurəddin Muğanlı |
44 günlük Vətən müharibəsində xalqla ordumuzun sarsılmaz birliyi şanlı Zəfərimizi təmin etdi. Bu müqəddəs və ədalətli savaşda ən mərfur düşmənə qalib gəldik. Neçə-neçə gənc əsgər və zabitlərimiz Vətən uğrunda canlarından keçdilər. Fəqət, bu gün qəhrəmanlıqları ilə qürur duyduğumuz şəhidlərimizin həmyaşıdı olan minlərlə gəncin “Ağ ölüm” adlandırdığımız düşmənə “könüllü” təslim olması cəmiyyətimizdə çox böyük təəssüf hissi doğurur. Axı bu günün gəncləri sabahın qurucuları, millətimizin gələcəyinin başlıca sütunlarıdırlar. Bəs görəsən, insanı zombiyə çevirən, beyinə zərər vuran, davranışı korlayan narkotik maddələrin aludəçisi olmağa gəncləri nə vadar edir?
On il əvvəl Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər olduğu halda 2021-ci ildə bu rəqəm 34 minə çatıb. Bu ilin birinci rübünə aid statistik məlumata görə, Respublika Narkoloji Mərkəzində 33 min 788 nəfər qeydiyyata düşüb. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlı yeniyetmələr olub. Bu rəsmi rəqəmlər ancaq Mərkəzdə qeydiyyatda olanlardır. Minlərlə narkotik istifadəçisi var ki, Narkoloji Mərkəzdə heç vaxt qeydiyyata düşməyib. Bir çox ailə var ki, övladlarını qeydiyyatdan kənar müalicə etdirməyə üstünlük verirlər. KİV-ə açıqlamasında narkotik istifadəçilərinin sayın çoxluğunu Respublika Narkoloji Mərkəzinin baş həkimi Araz Manuçəri də təsdiqləyir: “Qeyri-rəsmi rəqəmlər dəfələrlə çoxdur. Narkotik istifadəçilərinin 50 faizi heroin, sintetik heroin (kakos) və tiryəkdən istifadə edir. Son illərdə opioid istifadəçilərinin ümumi faizi azalıb, anfetamin və metamfetamin istifadəçilərinin sayı çoxalmağa başlayıb”.
Bəzən narkotik maddələrin əhalinin işsizlikdən əziyyət çəkdiyi regionlarda daha çox yayıldığı bildirilir. Bu fikrin nə dərəcədə doğru-dürüst olduğunu söyləmək çətindir. Çünki uyuşdurucu aludəçiləri arasında imkanlı ailələrin də övladlarına təsadüf edilir. Lakin bütün hallarda gəncləri narkotikə meyilli edən səbəbləri dərindən araşdırmaq, problemin ictimai, psixoloji və sosial tərəflərini müəyyən etmək gündəmdən düşməməlidir. Çünkü insanların narkotik vasitələrdən gündəlik yaşam tərzinin ayrılmaz vasitəsi kimi istifadəsi qorxunc faciələr törədir.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova mətbuata açıqlamasına görə narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Yəni bu bəlalar məhəlli, lokal məsələ deyil, bütün ölkə ərazisində, böyük şəhərlərdə, hətta ən ucqar kəndlərimizdə baş verir. Acınacaqlı faktlardan biri də budur ki, QİÇS xəstəliyinə yoluxan qadınlar da var.
M. Əmirhüseynova narkomaniyanı təkcə Azərbaycanın deyil, bütün dünyanın bəlası adlandırır: “Narkomaniya yaşaya-yaşaya ölmək deməkdir. Narkotikdən istifadə edənlər hər gün ölürlər. Belə insanların meyitlərdən fərqi yoxdur. Narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. Narkotik asılılığa düşənlərlə apardığımız profilaktiki söhbətlər zamanı məlum olur ki, burada ən birinci baiskar mühitdir. Gənclər nəzarətsiz mühitin təsirinə düşürlər və uzun müddət narkotik aludəçiliyinə düçar olanlar onları öz torlarına salırlar. İkinci səbəb işsizlik, savadsızlıqdır. Biz bu sahədə xeyli maarifləndirmə işləri həyata keçirmişik. Narkomandan üz döndərmək olmaz, onunla sona qədər iş aparmaq, müalicələrə cəlb etmək vacibdir”.
Möhkəm ailə tellərinə malik bölgələrimizdə indi ailələr əksərən bu səbəblərdən dağılır. Cənub zonasındakı rayonlarımızın İranla həmsərhəd olması da bu problemi gücləndirib. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikin daşınması zamanı ilk növbədə Azərbaycanın dövlət sərhədləri pozulur, bunun da ağır fəsadları ilə üz-üzə qalmış oluruq. Bütün bunlar cəmiyyətimiz üçün çox təhlükəli və ağır bir məsələdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığım məlumata görə, 6 ay 11 gün ərzində 2 ton 213 kq narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb. Bunun 1 ton 20 kq heroin, 184 kq metamfetamin, 764 kq marixunana, 144 kq isə tiryəkdir.
Mütəxəssislərin fikrincə narkotik maddə alverçiləri heroin və kokainə yuyucu toz, yaxud şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkərli diabet tez inkişaf edir. “Əgər heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar.”
Son vaxtlar artan narahatlıq “patı” və ya “şüşə” adlandırılan metamfetaminin geniş yayılması ilə bağlıdır. Araşdırmalara görə, patıdan istifadə edənlər arasında qadınlar da var. Qadınlar əsasən adıçəkilən metamfetamini arıqlamaq üçün istifadə edirlər. Bunun tam tərkibinin nədən ibarət olması haqqında məlumatsız olduqları üçün istifadə edirlər. Nəticədə patıdan istifadə edənlər arasında asılılıq yaranır və vəziyyət kafiyə doğru dəyişir.
Qaçaqmal yolu ilə ölkəmizə gətirilən bu narkotik vasitənin qiymətinin çox ucuz olduğu - təxminən 5-15 manata satıldığı bildirilir. Belə bir ucuz vasitənin geniş yayılması Azərbaycanda narkomaniyanın əhatə dairəsini daha da genişləndirir. Həkimlərin dediyinə görə, bu maddə aludəçilərində ölüm riski xeyli yüksəkdir. Həkim Asif Kəngərli bildirir ki, bu maddələrin istehsalı narkobaronlar tərəfindən maliyyələşdirilir. “Onların əsas məqsədi insanlarda sintetik maddələrə qarşı asılılıq yaratmaq və bu məhsulların satışını artırmaqdır. Təbii şəraitdə yetişdirilən narkotik maddələr 5-8 dəfə, sintetik uyuşdurucular isə 2-3 istifadədən sonra asılılıq yaradır. Sintetik uyuşdurucuların müalicəsi təbii olanlara nisbətən daha çətindir. Süni narkotik maddələrə qarşı uzunmüddətli müalicə aparılmalıdır ki, nəticə əldə etmək mümkün olsun” Həkimin fikrincə, bu maddə istifadəçiləri olan yeniyetmələrin müalicəsi nisbətən çətin olur. “Çünki onlar yenicə həyatı dərk etməyə başlayanda bu maddənin cənginə düşürlər və qurtulmaq o qədər də asan olmur.”
Aparılan mübarizə tədbirləri, təbliğat işləri hələ ki, tam səmərə vermir. Şübəhəziz, son vaxtlar Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar təqdirəlayiqdir. Ancaq təkcə DİN-lə bu məsələ həll olunmur. Bu ağır problemin öhdəsindən gəlmək üçün cəmiyyətin bütün təbəqələri daha da fəal olmalıdırlar.