10 yanvar 2021 14:12
13156

Qəhrəmanlarımızı tanıyaq: Polkovnik Tofiq Orucov/FOTO

"İki sahil" sosial şəbəkələrdə "Qəhrəmanlarımızı tanıyaq" rubrikası ilə paylaşımlar edir.

Rubrikaların birində polkovnik Tofiq Miryusif oğlu Orucovdan bəhs olunub.

Qarabağ müharibəsində şərəfli döyüş yolu keçmiş polkovnik və ailəsi!

Tofiq Miryusif oğlu Orucov 1975-ci il sentyabrın 4-də Laçın rayon Fərraş kəndində dünyaya göz açıb. 1993-cü ildə ali hərbi məktəbə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ixtisası üzrə Bakı ərazisində hərbi hissələrin birində bölük komandiri kimi xidmətə başlayıb. Sonralar uzun müddət hərbi hissə komandiri vəzifəsində işləmişdir. T.Orucov tanıyanlar bilir ki, çox vətənpərvər hərbçidir.

Onun tək bir sözü olub: "Laçın torpağına ayağım dəyməyincə, nə ölməyə, nə də tərxis olunmağıma haqqım yoxdur".

T.Orucov öz istəyi ilə nazirin əmrinə əsasən Ordu Korpusunda polkovnik rütbəsi ilə mühəndis xidməti rəisi vəzifəsində qüsursuz xidmət edir. T.Orucov Aprel, İyul döyüşlərində və Vətən müharibəsində çox böyük döyüş yolu keçib. Kəlbəcərin alınmasında mühəndis işlərini layiqincə yerinə yetirib. Bu da ordumuzun Kəlbəcərə asanlıqla daxil olmasına şərait yaradıb.

Hazırda polkovnik rütbəsində öz vəzifəsində şərərəflə vətənə xidmət edir. "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Babası Mehralıyev Kərim Oruc oğlu 1941-45-ci illər müharibəsində döyüşərək həlak olub.

Atası Miryusif Kərim oğlu Orucov 1989-cu ilin yayında keçmiş Əsgəran rayonunun Badara və Meşəli kəndləri arasında düşmən ermənilənən döyüşən zaman avqust ayının 6 da Şəhid olub. Qarabağın ilk şəhidlərindən biridir.

Qardaşı, leytenant rütbəli Rafiq Miryusif oğlu Orucov Neft Akademiyasında 2-ci kursda oxuyarkən səfərbərlik olunan zaman könüllü Qarabağa gedib. Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin müdafiəsində döyüşərək 1993-cü ilin fevralın 10-da qəhrəmancasına Şəhid olub və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

Böyük qardaşı baş leytenant Kərim Miryusif oğlu Orucov Laçın rayonunun müdafiəsində döyüş zamanı ağır yaralanıb, hal-hazırda birinci qrup Qarabağ əlilidir.

Belə igid ailələrimizlə qürur duyuruq! Qarabağ Azərbaycandır!