Günel Eyyubova |
Sərt karantin dövrlərində dünyada o cümlədən, ölkəmizdə insanlar “home office”edirdilər, yəni evdən işləyirdilər. İndi də iclaslar, videokonfranslar və s. onlayn şəkildə keçirilir. Belədə gözün yükü artır, o uzun müddət eyni məsafəyə baxır. 2020-ci ilin iyun ayında Böyük Britaniyadakı professional qurum olan Okulistlər kolleci (College of Optometrists) tərəfindən aparılan sorğuda iştirak edənlərin 22 faizi karantin zamanı gözlərinin zəiflədiyini bildirib.
Təhsil, iş, əksər hobbilər, bir çox məşğuliyyətlər onlayn platformaya keçib. Günümüzün üçdə birini monitor qarşısında keçiririk. Ona görə də bir müddət sonra boyunda, əzələlərdə və oynaqlarda ağrılar, görmədə problemlər yaşanmağa başlayır. Bu sağlamlıq problemlərinin ədəbiyyatdakı adı “Rəqəmsal göz yorğunluğu sindromu”dur. Sözügedən sindrom kompüter, telefon, planşet istifadəsi zamanı yaranır. Göz yorğunluğu sindromu (computer vision syndrome) daima yaxın məsafədən monitora baxan, saatlarla gözünü yaxın məsafədən müəyyən sahəyə dikən insanlarda rastlanır. Bir özünüzə sual edin, başınızda ağrı, gözlərinizdə quruluq, yanma və qızartı, rəngləri seçmə çətinliyi, bəzən boynunuzda və kürəyinizdə ağrılarınız olurmu?
Ümumiyyətlə, mütəxəssislər deyirlər ki, kompüter görmə sindromu - uzunmüddətli statik görmə gərginliyindən sonra görmənin pisləşməsi deməkdir. Floridanın Tampa şəhərindəki “Vision Service Plan” sığorta şirkətinin göz xəstəlikləri üzrə mütəxəssisi Nathan Bonillanın sözlərinə görə, son zamanlar uşaqlar da gözləri ilə bağlı problemlərin artdığı müşahidə olunur.
Həkimlər kompüter arxasında oturarkən gözləri tez-tez qırpmağı məsləhət görürlər. Yuxarıda da qeyd etdiyimiz kimi, monitor arxasında uzun müddətli oturmaq gözləri gərginləşdirdiyindən zərərlidir. İnsan gözü daha çox uzağa baxmaq üçün nəzərdə tutulub. Bundan başqa göz, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşdırılıb. Monitorlar isə işığı buraxır, əks etdirmir. Məsələn, iş üçün isə adi məsafə yarım metrə qədərdir. Bu da zamanla gözün itiliyinə mənfi təsir edir. Son araşdırmalara görə, kompüter qarşısında işləyən peşə sahiblərinin 88 faizində göz yorğunluğu şikayətləri görülməkdədir. Gözlərin yükünü azaltmaq məqsədilə kompüter eynəyinin istifadəsi tövsiyə olunur. Bu eynəklər optik eynəklərdən fərqlənir. Çünki kompyuter ekranı ilə göz arasındakı məsafə 45-70 sm-dirsə, normal oxuma məsafəsi 35-40 sm-dir. Monitor qarşısında işləyərkən ətrafdakı işıqlar da gözün qamaşmasına səbəb ola bilər ki, bu da nəticədə göz yorğunluğunu artıra bilər.
“Mənim monitorum zərərli deyil” deməyin! Çünki alimlər tərəfindən dəqiq müəyyən olunub ki, kompüter monitorlarının bütün növləri, hətta maye kristallı monitorlar gözlərə zərərli təsir göstərir. İstifadəçi kompüter arxasında oturaraq, daha az gözlərini qırpır və görüntülərin detallarını yaxşı görmək üçün insana gözlərini qıymaq lazım gəlir. İstifadəçi nə qədər çox gözlərini qıyırsa, bir o qədər az gözlərini qırpır.
Pandemiyanın mövcud reallığından savayı yəqin ki, peşəsindən asılı olmayaraq çoxları günə dünyada baş verən proseslərə nəzər yetirməklə başlayır. Planetin xəbərlə qaynadığı bir vaxtda zamanın nəbzini tutmaq, baş verənlərdən bixəbər qalmamaq üçün informasiya mütləqdir. Amma çoxlarımız hətta boş vaxtımızı da bu sözügedən müasir, portativ qurğuların qarşısında keçirməyi seçirik. Digər kəşflər kimi 1969-cu ildə internetin də yaranması sivilizasiyanın inkişafı tarixində yeni inqilabi proseslərə təkan verdi. Verdi... Bizi özünə bağladı və yaxşıları ilə yanaşı yuxarıda sadaladığımız nüansları da bərabərində gətirdi. Əslində, kompüter qarşısında 3-4 saatdan artıq əyləşməməliyik və hər bir saatdan sonra 20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur.
Qəlbimizin aynası olan gözlərimizi qoruyaq...