Meis Antalyanın Kaş rayonu sahillərində Yunanıstana tabe olan 520 nəfərin yaşadığı bir adadır.
“İki sahil” xəbər verir ki, Kastellorizo və ya Osmanlı dövründəki adı ilə Kızılhisar koronavirus epidemiyası zamanı pandemiyadan mənfi təsir alıb. Əsas gəlir mənbəyi turizm olan ada sakinləri, keçən mövsüm ümid etdiklərini həyata keçirə bilmədilər. Ancaq son günlərdə peyvəndləmə işi tamamlanan ada xalqı 2021 yay mövsümü üçün ümidlənib. Üstəlik, mart ayından bu yana Meis adasında heç bir koronavirusa yoluxma aşkar edilməyib.
Ada, təmiz dənizi, xarakterik memarlığı və təbiəti ilə ən çox da Türkiyədən turistlərin maraq göstərdiyi yerlərdən biridir. Bu marağın ən vacib səbəblərindən biri də Meis adasının Türkiyə sahillərindən cəmi bir neçə kilometr aralıda olmasıdır. Antaliyanın Kaş rayonuna 2 kilometr məsafədə yerləşən Meis adası gündəlik turların ən sevimli marşrutudur. Xüsusilə pandemiyadan əvvəlki dövrdə Kaşdan gündəlik və ya həftəsonunda qonaqları qarşılayan Meis adası keçən ildən bu yana tarixinin ən səssiz və sakit günlərini keçirir.
7.3 kvadrat kilometr ərazisi olan Meis adası təpələrindəki qırmızı qayalarla da məşhurdur. Belə ki, tarixdə ada bu bölgədə hakimiyyət quran Müqəddəs Jean cəngavərləri tərəfindən Chateau-Roux (Qırmızı Qala) olaraq adlandırılıb. Osmanlı hakimiyyətinin əsarəti altında qaldığı müddətdə adaya əsasən Qızılcahisar deyilirdi. 1512-ci ildə Osmanlı hakimiyyətinin əsarətinə düşən Meis adası 400 il İstanbuldan idarə edilib. İkinci Dünya Müharibəsindən sonra italyanlar tərəfindən yunanlara verilən Kastellorizo olaraq da bilinən Meis adası, bu tarixdən etibarən Yunanıstanın bir hissəsi olub. Meis adası, eyni zamandaYunanıstanın ən Şərqində yerləşən adasıdır. Rəngarəng kiçik evləri, kafeləri ilə Aralıq dənizində olmasına baxmayaraq, Egey atmosferini əks etdirən Kastelorrizonun ən böyük yeri Meis qəsəbəsidir. Günümüzdə ada əsasən bu adla tanınır. Adanın turizmlə yanaşı süngər ovu da ən vacib gəlir mənbəyidir.
Meisin dəniz sahilində adanın rəngi ilə bir bütünlük yaradan qırmızı günbəzli məscid, bölgədə Osmanlı dövründən qalan ən diqqət çəkən tikililərdən biridir. Ada 1991-ci ildə Oscar qazanan Akdeniz (Mediterraneo) filmi ilə böyük bir şöhrət qazanıb. Bura bu tarixdən sonra daha çox turist qəbul etməyə başlayıb. Filmdən sonra böyük marağa səbəb olan ada, xüsusilə yay aylarında əhalisinin sayından çox turist kütləsi qəbul etməyə başlayıb. Müxtəlif Avropa ölkələri ilə yanaşı, Türkiyədən də çox sayda turist bu adanı ziyarət etməyə başlayır. Ancaq kiçik bir ada olan Meisdə qonaqlamanın problem halına gəlməsi, xüsusilə Türkiyədən gələnlər üçün gündəlik tətil seçiminin reallaşmasına səbəb olub. Səhər Kaş limanından yola düşən gəmilər iki kilometr uzaqlıqdakı Meis adasına gələrək axşam geri dönürlər. Ada xüsusilə Kaş limanından gələn turizm fəaliyyəti ilə əhəmiyyətli bir gəlir əldə etməyi bacarıb. 2020-ci ilin yazından tətbiq olunan pandemiya qaydaları səbəbindən xaricdən qonaq qəbul etmədən keçinən Meis bu dövrdə əhəmiyyətli bir gəlirdən məhrum olub. Bununla bərabər, xüsusilə ilin əvvəlindən bu yana koronavirus epidemiyasına qarşı aparılan peyvənd işləri, 2021-ci ilin yayına daha ümidli baxmağa imkan verir. “Euronews”un xəbərinə görə, aparılan kampaniya nəticəsində, Meis adasının bütün sakinlərinin peyvəndləmə işləri mart ayında tamamlanıb. Bu baxımdan, ada indi Yunanıstanın ən təhlükəsiz bölgəsidir.
Çünki Meis ölkədə əhalisinin 100% peyvənd olduğu yeganə yerdir. Ən son yoluxmanın keçən ay görüldüyü Meis adasında son vaxtlar yoluxma olmayıb. Ən yüksək nöqtəsi 278 metr olan adadan Türkiyəni rahat görmək olur. Ancaq bu müddətdə Şengen bölgəsi ölkələri tərəfindən alınacaq qərarlar və peyvəndləmə işləri də böyük əhəmiyyət daşıyır. Ən böyük turist potensialı Türkiyə olan Meis adası sakinləri yaz mövsümü hazırlıqlarını davam etdirirlər.
Vüsal Cahanov, “İki sahil”