KÖŞƏ

Sevinc Azadi

Beynəlxalq reytinq agentliklərindən növbəti dəfə Azərbaycana yüksək qiymət

16 aprel 2021 22:53
2090

"Standard & Poor’s Global Ratings", “Moody’s Investors Service” (Moody’s) beynəlxalq reytinq agentlikləri Azərbaycanın maliyyə sektorundakı islahatları müsbət qiymətləndiriblər

 

Bu gün dünya birliyində böyük nüfuz sahibi olan beynəlxalq qurumların tərtib etdikləri reytinq cədvəllərində  ölkəmizin adını birincilər sırasında çəkirlər. Faktlara diqqət yetirsək, şahidi olarıq ki, Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. İqtisadiyyatın şaxələndirilməsi, irimiqyaslı infrastruktur layihələrinin icrası, özəl sektorun genişləndirilməsi, regionların inkişafı və digər sahələrdə mühüm uğurlar əldə edilmişdir. Bu uğurlara beynəlxalq aləmdə də yüksək qiymət verilməsinin növbəti bir ifadəsi olaraq nüfuzlu "Standard & Poor’s Global Ratings", “Moody’s Investors Service” (Moody’s) beynəlxalq reytinq agentliklərini göstərmək olar. Belə ki, "Standard & Poor’s Global Ratings" Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli reytinqini "BB+/В" səviyyəsinə yüksəldib. Xatırladaq ki, "BB" kateqoriyasına daxil olan müstəqil dövlətlər arasında Azərbaycanın büdcə və xarici fiskal mövqeyi ən güclülərdən biri hesab olunur. Bu mövqe koronavirusun səbəb olduğu zəif iqtisadiyyat dönəmində də qorunub saxlanılıb.

"Standard & Poor’s Global Ratings"in proqnozlarına görə, 2021-2024-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) orta illik artım göstəricisi 3,4 faiz təşkil edə bilər. Agentlik növbəti illərdə Azərbaycan iqtisadiyyatına investisiya həcminin artacağını, inflyasiya göstəricisinin dəyişəcəyini və işsizlik səviyyəsinin ortamüddətli period üzrə enəcəyini proqnozlaşdırır. Bundan əvvəl “Moody’s Investors Service” (Moody’s) beynəlxalq reytinq agentliyinin hesabatında da Azərbaycan iqtisadiyyatı ilə bağlı mühüm proqnozlar verilib. Qurum bildirir ki, pandemiya ilə əlaqəli məhdudiyyətlərin tədricən götürülməsi və dünya bazarında neft qiymətlərinin bərpası yaxın 12-18 ayda Azərbaycanın ümumi daxili məhsulunun artmasına, eləcə də bankların və borcalanların iş şəraitinin yaxşılaşmasına kömək edəcək. “Moody's” hesabatında həmçinin qeyd edilib ki, borcalanlar üçün dövlət dəstəyi 2020-ci ildə ÜDM-in 4,6 faizini təşkil edib və bu tədbirlər banklar tərəfindən verilmiş kreditlərin restrukturizasiyası ilə yanaşı, pandemiyanın mənfi təsirini və borcalanların üzərinə qoyulan məhdudiyyətləri yüngülləşdirib: “Hökumət 2020-ci ildə az gəlirli ailələrə maddi dəstək, işsizlik müavinətləri, müvəqqəti dövlət iş yerlərinin açılması, əmək haqqı və təhsil subsidiyaları və kommunal xərclərdə endirimlər vasitəsilə iqtisadiyyatı dəstəkləyib”.

“Moody's” 2021-ci ildə koronavirusla əlaqəli məhdudiyyətlərin yumşaldılması və neft və qaz hasilatının artması sayəsində real ÜDM-in 3,5 faiz artacağını gözləyir. Hesablamalara görə, yaxın 2-3 ildə iqtisadi artım orta hesabla 3 faiz təşkil edəcək: “Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyutada ifadə olunan və likvid bazarlara sərmayə kimi yatırılan aktivləri, pandemiyaya baxmayaraq, 2020-ci ildə artmağa davam edib və birbaşa dövlət borcunun, demək olar, 480 faizini ödəmək üçün kifayət qədər böyükdür. “Moody's”in ortamüddətli perspektivdə neftin bir barreli üçün 45-65 ABŞ dolları olan qiymətlər gözlədiyini nəzərə alsaq, hökumətə transfertlərdə kəskin artım olmayacağı təqdirdə ARDNF-in aktivlərinin yaxın bir neçə il ərzində artmağa davam edəcəyi ehtimalı var”.

Göründüyü kimi, beynəlxalq təşkilatlar Azərbaycanda aparılan iqtisadi və sosial islahatların bir qədər də dərinləşməsini, səmərəli olmasını təsdiqləyirlər. Ciddi iqtisadi beyin mərkəzlərinin açıqladığı rəylər Azərbaycana olan münasibəti bir qədər də sağlamlaşdırır və bu proses ölkəmizin iqtisadi cəlbediciliyini daha da artıracaq. Onu da nəzərə almaq lazımdır ki, beynəlxalq təşkilatların müsbət rəylərini investorlar nəzərə alırlar. Onların hər hansı bir ölkə, bank, şirkət, maliyyə qurumu haqqında səsləndirdiyi fikirlər investorlar, iqtisadi oyunçular üçün böyük önəm daşıyır.