Vəli İlyasov |
Və ya nədən fransızların başbilənlərinin işi fırıqdır?
Fransanın “Le Figaro” qəzeti prezident Emmanuel Makronun Azərbaycanla bağlı çağırışını şərh edib. Qəzetin şərhi oxucular arasında böyük rezonansa səbəb olub. Franızlar qəzetdə öz rəyləri ilə çıxış edərək Emmanuel Makrona əvvəlcə öz ölkəsində tüğyan edən sosial böhranın aradan qaldırılmalı olduğunu, xalqın etibarını və etimadını qazanmağın lazım gəldiyini xatırladıblar. Sadə fransızlar çox sadə üsulla “cızığından çıxmış” dövlət başçısına öz yerini göstəriblər.
“Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkənizdə etimad qazanmalısınız, əks halda bu, beynəlxalq ictimaiyyətdə gülüş doğura bilər”, – deyə rəy yazanlardan biri qeyd edib. Aydın görünür ki, Fransanın dövlət başçısı hələ də xalqın etimadını doğrulda bilmir. Ancaq sadə fransızların gözünə kül üfürməklə hakimiyyətdə qalmağa çalışır. Fransanı cənginə almış sosial ədalətsizliklər aradan qaldırılmır, vətəndaşlar hakimiyyət əleyhinə etiraz aksiyaları keçirirlər. Ölkədə yuva salmış ermənilər dövlətin xarici siyasətinə müdaxilə edərək onu ermənipərəst mövqelərə çəkir, Fransanı başqa dövlətlərlə düşmənçiliyə sövq edirlər. Yenidən prezident seçilmək iştahasında olan müsyö Makron isə qarşıdan gələn növbəti seçkilərdə ermənilərin dəstəyini qazanmaq üçün onların məkrli niyyətlərinin ifadəçisinə çevrilib. Senatda yer alan beş-altı nəfər ermənipərəst şəxs bu ölkəni barmaqlarının ucunda oynadır. İş o yerə çatıb ki, uydurma “erməni soyqırımı” burada dövlət səviyyəsində qəbul olunub. Özü də iyrənc və gülünc formada. On illərlə Əlcəzairdə, Ruandada və bir sıra Afrika ölkələrində müstəmləkəçilik siyasəti aparan və xalqların soyqırımını təşkil edən, milyonlarla günahsız insanın qanını tökən Fransa hakimiyyətinin indiki varisləri, başda Makron olmaqla işğalçı Ermənistana hər vasitə ilə dəstək verir, onu türklərə və azərbaycanlılara qarşı barışmaz olmağa təhrik edirlər. Hazırda Rusiya-Azərbaycan-Ermənistan 10 noyabr birgə Bəyanatının bəndlərinin yerinə yetirildiyi dövrdə Makron ermənilərdən də artıq ermənilik nümayiş etdirərək Ermənistanı əldə edilmiş razılaşmaları pozmağa çağırır, yeddi ay əvvəl gorbagor olmuş uydurma “dqr”in xortladılmasından danışır. Onun yersiz canfəşanlığından bezən sadə fransızlar belə artıq dilə gəlirlər. “Fransa çox uzaqdadır. Makronun Rusiyadan Ermənistanı qorumasını istəməsi lazımdır”, – deyə digər şərhçi vurğulayıb. Məqalə müəllifləri öz ölkələrində həllini gözləyən bir çox problemlərin uzun illər davam etməsindən ciddi narazlıqlarını da bildirirlər. Onlar istehza edərək yazırlar:
“Əgər bir insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, digər ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən də nalayiq, yersiz hala çevrilir”. Bu, o deməkdir ki, müsyö Makron burnunu Fransadan min kilometrlərlə uzaqda yerləşən dövlətlərin işinə soxmasın. Bu qəzet məqaləsi açıq göstərir ki, Fransanın dövlət başçısı öz ölkəsində reytinqini tamamilə itirib. Görünür, fransızlardan əlini üzən müsyö Makronun oradakı ermənilərə sığınması da buna dəlalət edir. Qısaca desək, indi ermənilərin “böyük bacıları”nın işi fırıqdır...
Vəli İlyasov, “İki sahil”