KÖŞƏ

Mahir Rəsuloğlu

Bizi birləşdirən dəyərlər, ayırmaq istəyən dəyərsizlər...

07 iyun 2021 23:16
868

Künc zərbəsi

Dəyərlərə sahib olmaq, o dəyərlərlə qürur duymağı, onu uğrunda canını fəda edə biləcək qədər qorumağı bacarmaq millətin “mən”inin, soykökünün, xalqın varlığının göstəricisidir. Azərbaycan fəxr ediləsi keçmişi, şanlı tarixi boyu mənəvi dəyərlərini yaşadıb, yaşadır və yaşadacaq. Ana qədər ülviləşdirdiyimiz müqəddəs Vətən, torpaq sevgisi bu dəyərlərin ən alisi olması naminə həmişə bir olduğumuzu, birlikdə olmağı bacardığımızı göstərib. Vətən sərhədi bizim “qırmızı xətt”imizdir və o “xətt”i keçməyə çalışan düşmən qarşısında bütöv Azərbaycanı görür - oyuncaq almaq üçüb yığdığı pulunu cəbhəyə göndərən böyük ürəkli kiçik uşağından tutmuş, yeganə gəliri olan təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən yaşlı babaya qədər hər kəsi...

Şanlı Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, xalq dövlətimizin, Prezidentimizin yanındadır, Ali Baş Komandanımızın əmrinə müntəzirdir, ətrafında yumruq kimi birləşərək müqəddəs amal uğrunda hər kəs əlindən gələni etməyə hazırdır. Müharibənin ilk günlərindən toya-bayrama gedirmiş kimi yüksək əhval-ruhiyyə ilə döyüşə könüllü getmək üçün müraciət edənlərin çoxluğu düşməni qorxuya, dünyanı heyrətə salmışdı. Bir anda onminlərlə mülki insan döyüşkən əsgərə, Azərbaycan onmilyonluq qüdrətli orduya çevrilmişdi.

Vətən üçün canından, qanından keçən şəhidlərimiz və qazilərimiz də hər zaman qorumalı olduğumuz milli dəyərimizdir. Şəhidimizin xatirəsinə hörmət, qazimizə qayğı qeydsiz-şərtsiz mənəvi borcumuzdur. Ali Baş Komandanımız həmişə əsgərinə dəyər verir, Onun xüsusi qayğısı sayəsində müqəddəs şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin adının uca tutulması, qazilərimizə diqqət və qayğı göstərilməsi, onların sağlamlığının bərpası üçün dövlət səviyyəsində bütün lazımi işlər görülür. Şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli, Vətən müharibəsi əlillərinin müalicəsinin ehtiyac yarandığı təqdirdə ölkə xaricində təşkil edilməsi, hər iki kateqoriyadan olanların mənzil şəraitlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar həmin diqqət və qayğının göstəricisidir.

Vətən müharibəsi başa çatsa da, fəsadlarının aradan qaldırılması üçün böyük qətiyyət, güc və həmişəki birlik lazımdır. Biz birlikdə, necə deyərlər, əl-ələ verib səbrlə, dəyanətlə işğaldan azad edilmiş torpaqlarımızda kəndlərimizi, şəhərlərimizi bərpa etməliyik, məğlub olması ilə barışmaq istəməyən mənfur düşmənin təxribatlarının qarşısını almalıyıq. Məhz həmişəki yumruq kimi birliyimizlə!

Qələbəmizi və inkişafımızı şərtləndirən xalq-dövlət birliyinin davamlı olması təbii ki, bunu istəməyənlərin, ölkəmizə düşmən kəsilmiş soysuzların, onların havadarlarının işinə yaramır. Həmin birliyə xələl gətirmək, sabitliyi pozmaq üçün bütün cəhdləri boşa çıxanlar indi də şəhid ailələrimizin, qazilərimizin adından istifadə edərək şərəfsizcəsinə oyunlar oynamağa, milli dəyərlərə əl uzatmağa çalışırlar. Bacarmazsınız, bacara bilməzsiniz, çünki yuxarıda da qeyd etdiyimiz kimi, biz xalq olaraq dəyərlərimizə sahib çıxmağı, onlara uzanan əlləri kəsib atmağı bilirik. Biz bizi Vətənimizin gələcəyi naminə birləşdirənin yanındayıq! Ayırmaq istəyənlərsə bizdən deyil, dəyərsizdirlər...

Nurəddin Muğanlı
Saxta erməni sindromu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?