İnqilabi texnologiyalar sürətli inkişafı ilə xarakterizə olunur. Onların yaradıcıları daim istifadəçilərə təkmilləşdirilmiş funksionallıq və bir çox alternativ model arasında seçim imkanı təklif edir. Modern texnologiyalar bir çox fərqli fəaliyyət sahələrinə, ayrı-ayrı şirkətlərin inkişafına və ümumi iqtisadi vəziyyətə də təsir göstərir. Məsələn, bu texnologiyanın yaxşı bir nümunəsi dünyaya yayılan və oyun, tətbiqetmə və hər növ xidmət sahiblərinə milyardlarla dollar qazandıran mobil internetdir.
Texnologiya dünyasında uğur qazanmaq, nəbzi tutmaq bacarığı, öz işlərinin müvəffəqiyyəti və inkişafını düşünənlər üçün vacib xüsusiyyətdir. Zəngin potensiala sahib olan texnologiyaları müəyyənləşdirərək və funksionallığını praktikada fəal şəkildə tətbiq etməklə siz nəinki işinizi inkişaf etdirir, həm də dünyanı daha yaxşı, funksional vəziyyətə gətirirsiniz.
2001-ci ildən etibarən Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology) hər il ən aparıcı texnoloji nailiyyətləri seçir. Lakin bir nüansa da diqqət çəkək ki, texnologiyalar elə sürətlə inkişaf edir ki, bu gün yeni dediyimiz sabah artıq köhnə nəsil texnologiyalar sıralamasında yer alır.
Bəhs etdiyimiz sahədə 12 ildən artıq təcrübəyə malik proqramçı Bəhram Həsənov “İki sahil” in suallarını cavablandırdı. Mütəxəssis bildirdi ki, texnologiyanın inkişafı qarşısıalınmaz, ancaq irəliləyən bir prosesidir: “İstənilən inkişaf prosesi kimi, texnoloji inkişaf da tələblə bağlıdır. Artan informasiyanın emal olunması texnologiya qarışısında yeni tələblər və çağırışlar qoyur. Texnoloji inkişafda belə bir özünəməxsus xüsusiyyət də var ki, digər sahələrdən əlavə, öz inkişafını da sürətləndirir. Hazırda cəmiyyətlər və şirkətlər qarşısında duran əsas məsələ, texnoloji inkişafın növbəti mərhələsini proqnozlaşdırıb, planlarını ona uyğun qurmaqdır. Yəni inkişaf nə qədər sürətlə gedirsə ondan bir addım öndə olmaq lazımdır”.
“Yeni texnologiyaların həyatımıza nə kimi təsirləri var” sualını cavablandıran B.Həsənov qeyd etdi ki, texnologiyalar, sadə hesablayıcıdan superkomputerlərə qədər, müəyyən bir məqsədə xidmət göstərən vasitələrdir, iş alətidir: “Yeni və daha güclü alət həyatımızı asanlaşdırır. Texnologiylar insanlara əlavə asudə vaxt yaradır, həmin vaxtın təşkili üçün də yeni variantlar təklif edir. Onlardan necə istifadə etmək və vaxtını nə ilə zənginləşdirmək və ya doldurmaq istifadəçinin öz seçimidir. Texnologiyanın getdikcə insanları əvəzləməsi və bəzi ixtisasların sıradan çıxması ilə bağlı miflər də mövcuddur. Bu məsələdə həqiqət payı olsa da bir məqam unudulur. Texnologiya bəzi işləri öz üzərinə götürməklə, daha effektiv istifadə edilə biləcək insan resursları yaradır. Təbii ki, bunun həmin şəxlərdən daha çox təcrübə və bacarıq tələb olunur. Bu, təbii bir prosesdir”.
Həmsöhbətimiz, yeni texnologiyaların işğaldan azad olunmuş ərazilərimizdə tətbiqi, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinə də toxundu və vurğuladı ki, Azərbaycan davamlı olaraq, xarici təcrübəni öyrənir və tətbiq edir: “Ağıllı infrastruktur da bunldardan biridir. Bu sistemlər, resursların limitli olduğu dünyamız üçün həm ekoloji həm də iqtisadi faydalarını göstərir. Eyni zamanda mərkəzləşdirilmiş idarəetməni asanlaşdırmaqla, insan resurslarını daha effektiv istifadə etmək şəraiti yaradır. Ağıllı infrastrukturun əsas xüsusiyyətlərindən biri də asan adaptasiya olunması və yeni çağırışlara hazır olmasıdır. Düşünürəm ki, gələcəkdə həmin ərazilərlə bağlı daha maraqlı layihələrin şahidi olacağıq. Hazırda qurulan “ağıllı kənd” və “ağıllı şəhər”lər sadəcə həmin layihələr üçün bir mühit, platforma rolunu oynayacaq”.
Günel Eyyubova, “İki sahil”