KÖŞƏ

Mahir Rəsuloğlu

AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi

17 avqust 2021 23:55
1198

Hakimiyyəti zəbt edərək ölkəni şəxsi maraqlarının qurbanına çevirən, fəlakətə sürükləyən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, satqınlığı xalqımızı çıxılmaz problemlərlə üz-üzə qoymaqla bərabər, düşmənlərimizə əzəli torpaqlarımızı ələ keçirmək fürsəti yaratdı. Kəndlərimiz, rayonlarımız getdikcə azğınlaşan erməni silahlı birləşmələri tərəfindən ard-arda işğal edilən zaman hakimiyyət davası aparan antimilli qüvvələr bu işğallardan öz ambisiyalarını həyata keçirmək üçün istifadə etməyə çalışırdılar. Ölkənin məqsədli şəkildə böhrana sürüklənməsi, ordu quruculuğu sahəsində heç bir iş aparılmaması daxildə AXC-Müsavat cütlüyünün olduğu kimi, xaricdə də Azərbaycan düşmənlərinin işinə yarayırdı. Məhz bunun nəticəsində ermənilər öz çirkin niyyətlərinə nail ola bildilər, torpaqlarımızın 20 faizi işğal edildi...

Elə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də avqustun 16-da düşməndən azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən bu mövzu ilə bağlı bir sıra mühüm məqamlara toxunub və qeyd edib ki, AXC-Müsavat cütlüyünün xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi.

Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında işğal altına düşəndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər oldu. Şuşa və Laçının işğalı ilə bağlı artıq Azərbaycanda çox dəqiq təsəvvür var. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Cənab Prezident çıxışında tarixi torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinin səbəbləri haqqında danışaraq qeyd edib ki, Şuşa və Laçının işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş verib: “O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi, AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı və onların nəzarəti altında olan bəzi qüvvələr, bəzi satqınlar Şuşanı demək olar ki, ermənilərə təhvil verdilər və Şuşa demək olar ki, müdafiə olunmadı. Şuşada olan bəzi silahlı dəstələr Şuşadan çıxdı və faktiki olaraq Şuşa ermənilərə təslim edildi. Məhz bunun nəticəsində Azərbaycanda hakimiyyət böhranı yaşandı və AXC-Müsavat cütlüyü bundan istifadə edib qanunsuz yollarla hakimiyyəti uzaqlaşdırıb, hərbi çevriliş törədib hakimiyyətə gəldi. Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi. Təxminən bir ilə yaxın hakimiyyətdə idi. Kəlbəcər 1993-cü il aprel ayının əvvəlində işğal altına düşmüşdü və bunun da günahkarı AXC-Müsavat cütlüyüdür, AXC-Müsavat hakimiyyətidir…”

Dövlətimizin başçısı təsadüfən hakimiyyətə gəlmiş səriştəsiz, satqın AXC-Müsavat cütlüyünün ölkəni xaosa sürükləyən fəaliyyəti haqqında danışaraq, həmin dövrü xalqımız üçün milli faciə dövrü adlandırıb: “1992-ci ilin bahar-yay aylarından onlar demək olar ki, hakimiyyətə gəlmişdilər və bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idilər. İndi bir çoxları bunu unudur. Gənc nəsil isə bundan xəbərsizdir. O dövr bizim milli faciəmiz, milli rəzalət dövrü idi. AXC-Müsavat hakimiyyəti dünya miqyasında bəlkə də ən biabırçı hakimiyyətlərdən biri idi, bəlkə də birincisi idi. Ölkə əldən gedirdi, ölkədə vətəndaş qarşıdurması pik həddə çatmışdı, torpaqlar işğal altına düşürdü, ancaq onlar yalnız öz mənafelərini, öz maraqlarını düşünürdülər. Hakimiyyətə gəlmiş antimilli ünsürlər Azərbaycanı demək olar ki, bütün beynəlxalq tərəfdaşlardan, xarici tərəfdaşlardan təcrid etdilər və həm xarici, həm daxili siyasətdə kobud səhvlər buraxdılar və cinayətlər törətdilər. Kəlbəcərin işğala məruz qalması satqın AXC-Müsavat hakimiyyətinin əməlləridir…”

Kəlbəcər işğal altına düşəndən sonra Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında birbaşa coğrafi bağlantının yarandığını qeyd edən Azərbaycan Prezidenti bildirib ki, bundan sonra artıq digər torpaqların işğalı da labüd idi: “Çünki AXC-Müsavat hakimiyyəti ordu quruculuğuna fikir vermirdi, orduda heç bir islahat aparılmırdı. Əksinə, ordumuzu zəiflətmək üçün hər vasitədən istifadə edirdi".

Torpaqlarımızın işğal altına düşdüyü zaman AXC-Müsavat cütlüyünün laxlamış hakimiyyətini qorumaq üçün Gəncəni bombaladığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, onlar Azərbaycan əsgərlərini əsir götürmüşdülər: “Bu videokadrlar var. Burada ermənilər soyqırımı törədirdilər, şəhərlərimizi viran qoyurdular. Baxın, Kəlbəcər nə gündədir, digər şəhərlər nə gündədir. Onlar isə Azərbaycan əsgərlərini əsir götürüb, öz hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Görəndə ki, artıq bu da mümkün deyil, qaçdılar gizləndilər, dövlət səviyyəsində fərarilik etdilər. AXC-Müsavat hakimiyyəti, onun başında duranlar fəraridirlər, satqındırlar, qorxaqdırlar, xaindirlər və bu, əsl həqiqətdir”.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına Qalib Sərkərdə kimi səfəri, işğaldan azad edilmiş torpaqlarımızda bayrağımızı ucaltması ermənilərlə bərabər, həm də bütün xarici düşmənlərə, eyni zamanda, daxili antimilli satqınlara verilmiş ən kəsərli cavabdır. Azərbaycanı, onun möhtəşəm Qələbəsini, əsarətdən qurtarılmış torpaqlarımızda başlamış sürətli quruculuq işlərini gözü götürməyənlər anlamalıdırlar ki, biz bütün bu uğurlara daim xalqının yanında olan Prezidentimiz və onun ətrafında yumruq kimi birləşmiş xalqımızın gücü sayəsində nail olmuşuq. Bu gücün qarşısında heç kəs, heç nə dayana bilməz! Kəlbəcərdə ucaldılan bayrağımız isə düşmənlərə və satqınlara verilən ən yaxşı cavabdır!

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?