Vəli İlyasov |
Bununla sübut edirlər ki, Ermənistan da, Qarabağ da onların deyil və heç vaxt olmayıb
Birinci Qarabağ müharibəsinin havadarlarının köməyi sayəsində Ermənistanın qələbəsi ilə başa çatmasına baxmayaraq bir çox ermənilər bunun sonunun dəhşətli olacağını hiss edir və həm Xankəndidən, həm də Ermənistandan köçüb gedirdilər. Onlar təxmin edirdilər ki, gün gələcək Ermənistan Azərbaycanda törətdiyi bütün cinayətlərə görə cavab verəcəkdir. Otuz il müddətində Qarabağın şəhər və kəndlərini dağıdıb qarət etmələri bütün dünyaya göstərdi ki, bu yerlərin sahibi ermənilər yox, azərbaycanlılardır. Bir gün bu torpaqların əsl sahibi ayağa qalxacaqdır. Nəyahət, həmin gün 2020-ci il sentyabrın 27-də gəldi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu ilə təkbətək müharibədə darmadağın edilib diz çökdürüldü, işğalçı ölkə təhlükəli duruma düşdü.
Azərbaycan humanizm göstərərək terrorçulardan başqa ermənilərin Qarabağda qalıb yaşamalarına icazə verdi. Separatçıların yuva saldıqları Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə iş və rahat həyat təklif edilsə də onların əksəriyyəti xarici ölkələrə getməyi qətiləşdiriblər, ona görə də ev-eşiklərini, mülklərini, bir sözlə, nələri varsa hamısını satıb getməyi planlaşdırıblar. Ancaq pulu olanlar oradan getdiklərindən qalan imkansızlar da burada qalmağa heç maraq belə göstərmirlər. Hətta Ermənistan tərəfindən həmin ərazilərdə yaşamaq üçün xaricdəki ermənilərə pulsuz ev, mal-qoyun və aylıq müavinət veriləcəyi belə vəd olunsa da, heç bir erməni gəlib o ərazilərdə yaşamaq istəmir. Əhali aydan-aya azalmaqda davam edir. Gedənlərin çoxu I və II Qarabağ müharibələrində Azərbaycana qarşı döyüşənlər, soyqırımlarda, azərbaycanlılara ağlagəlməz üsullarla divan tutmaqda və digər qanlı cinayətlərdə iştirak edən “yazıq” və “əzabkeş” ermənilərdir.
Erməni siyasi şərhçisi Vahe Ohanisyan həyəcanla bildirir ki, miqrasiya bir ordu kimi Ermənistanı dağıdıb-parçalayır, hər gün qonşularımın köçüb getdiklərini görürəm, bu minvalla yaxın bir neçə ildə Ermənistan boşalacaq, biz suverenliyimizi və dövlətimizi itirəcəyik.
Ona görə də Ermənistan və onun havadarları tərəfindən ölkədə və Qarabağda yaşayan ermənilərin sayları süni şəkildə şişirdilsə də, real rəqəmlər bunu təsdiq etmir və tam fərqlidir. Yəni, onların sayı deyilən rəqəmlərdən çox aşağıdır. Çünki ermənilərin Qarabağdan köç etməsi və saylarının azalması, o ərazilərdəki sülhməramlıların missiyasının bitməsi və həmçinin həmin ərazilərdə yaşayan ermənilər üzərində nəzarətə lüzum qalmaması deməkdir. Ermənilərin evlərini satışa çıxarması ərazi iddiasından əl çəkmək istəməyənlərin məsədlərinin məhv olması deməkdir. Bu “işdə” marağı olanlar oradakı ermənilərdən dördəlli yapışıb getmələrinə mane olsalar da xeyiri yoxdur, axını saxlamaq mümkün deyil.
Qeyd etmək lazımdır ki, erməni satış saytlarında həmin ərazilərdəki evlərin birdən-birə baha qiymətə satışa çıxarılması isə başqa bir siyasətdir. İlk vaxtlarda ermənilər öz evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kimsənin gəlib o ərazilərdə ev almayacağını anladılar.
Bic ermənilər fikirləşib əlac tapdılar: mizer qiymətləri yığışdırıb buradakı evlərin və mülklərin qiymətini birdən-birə yüksək həddə artırdılar. Onlar xarici nömrələrlə başqa ölkələrə bu barədə məlumatlar ötürdülər. Bundan məqsədləri dünya ölkələrinə həmin ərazilərdəki əmlakların həqiqətən də bahalı olması kimi bir fikir formalaşdırmaqdır. Kənardan bu “əməliyyatların” süni surətdə və məqsədyönlü şəkildə idarə olunması açıq-aşkar görünür.
Uzun zamandır ki, erməni satış saytlarındakı araşdırmalar onu göstərir ki, onlar nəinki Qarabağda, hətta bütün Zəngəzur boyu ərazilərdəki evlərini, fermalarını və digər əmlaklarını çox ucuz qiymətlərə satışa çıxarırlar. 2020-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər erməni satış saytlarında aparılan araşdırmalar onu göstərdi ki, həmin ərazilərdəki əmlakların satış qiymətləri minimum 30 faizə qədər ucuzlaşıb. Dünya praktikasında daşınmaz əmlak bazarında ucuzlaşmanın baş vermə səbəbi isə müştəri qıtlığı ilə əlaqədar olur. Deməli, ermənilər nəinki Qarabağda, hətta Ermənistanın özündə belə daşınmaz əmlaklara yatırım etməkdən imtina edirlər.
Ermənilərin azərbaycanlılara qarşı etdikləri cinayətlər özlərini çıxılmaz vəziyyətə salıb. Yüz səksən il əvvəl dünyanın hər yerindən dişlərini qıcayaraq Azərbaycanı işğal etməyə gəldikləri kimi, indi dabanlarına tüpürüb həmin ölkələrə qaçırlar. Əlbəttə, insanlıqda payı, başında ağlı olmayanların, başqalarına zülm edənlərin sonu belə müsibətli olmalıdır. Özləri qazanıblar...