Vəli İlyasov |
Ay nənə, bir qırmızısaqqal kişi, ağzı dualı qoca baqqal kişi...
Allah Sabirə rəhmət eləsin, bu misra onundur. Şair bu şeirində ləbbadəyə bürünmüş əmmaməli qırmızısaqqal kişinin bəd əməllərini ifşa edir. Bu məşhur misranı ona görə xatırladıq ki, İranın indiki vəzifəli şəxslərinin ağılsız hərəkətləri satiradakı qırmızısaqqal kişinin əməlləri ilə çox oxşardır. Ancaq bir fərq var ki, şeirdəki kişi hiyləgər və tamahkar məişət pozğunudur, bunlar isə aqressiv siyasət dəllallarıdır.
Söhbətimizin məğzi ondan ibarətdir ki, qonşu ölkəyə yeni rəhbərlik “təşrif” gətirəndən sonra Azərbaycana qarşı yağdırılan yalan və heç bir fakta söykənməyən saxta ittihamlar ara vermir. Son günlər İranın dindarlarından, generallarından, diplomatlarından tutmuş bir çox dövlət rəsmiləri heç bir səbəb olmadan bizə qarşı “soyuq müharibə” aparmağa, necə deyərlər, “qaşınmayan yerdən qan çıxarmağa” kökləniblər. Hikkələrindən partlamağa başlayan əmmaməli və ləbbadəli, əbalı və qəbalı, saqqallı kişilər hətta 2-3 saatlıq səfərə getdikləri xarici ölkələrdə belə Azərbaycan haqqında dedi-qodulara vaxt ayırır, utanmazcasına arvad kimi qeybət edirlər.
Diplomatiyada çox naşı olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda imkan taparaq ona Azərbaycandan giley-güzar da edib. Lakin Lavrov onun dediklərinə əks-reaksiya verərək Azərbaycanın da İrana qarşı narazılığı olduğunu ifadə edib. Bundan dərs götürməyən Hüseyn Əmir Abdullahian jurnalistlər üçün birgə mətbuat konfransında da Azərbaycan barədə mənfi fikirlər səsləndirib və Lavrovu özünə qoşa biləcəyini zənn edib. Ancaq Lavrov bu dəfə narazı şəkildə üz-gözünü qırışdıraraq heç bir münasibət bildirməməklə diplomatcığazı başa salmağa çalışıb ki, bəsdir, zəhləmi tökdün, yığışdır bu mövzunu.
Rəsmi mənbələrin məlumatlarına görə, dünyada aqressiv, fundamentalist, inadkar və davakar kimi tanınan İranın hazırkı hökuməti Araz çayı sahillərinə, eyni zamanda, Xəzər dənizində Azərbaycana təhdid yaradaraq qoşun toplayır. Maraqlı və təəccüblüdür ki, bu kimi hərəkətlər Azərbaycanın öz ərazilərini azad etməsindən və həmin ərazilərdə qayda-qanun yaratmağa başlamasından sonra start götürüb. Gorus-Qafan yolunda İranın Qarabağ ermənilərinə mütəlif yüklər daşıyan çoxtonnajlı maşınlarının yoxlanması və onlardan gömrük rüsumu tələb edilməsi İran rəsmilərini əsəbiləşdirib və Azərbaycana qarşı geniş düşmənçilik təbliğatını işə salıblar. Bu, köhnə zamanlardakı “dəliyəm, zorluyam” prinsipinə oxşayır. Bəyəm Azərbaycanın İran ərazisindən keçən maşınları yoxlanmır, onlardan gömrük haqqı alınmır? Əlbəttə, yoxlanır və torpaqbasdı da alınır. Deməli, iranlıların ərköyünlükləri tamamilə yersizdir və heç bir əndazəyə sığmır. Dünyada təklənmiş və öz kölgəsindən belə qorxan İran başçıları qonşu ölkələrdə inkişaf və hərəkət görən kimi bunun onlara qarşı yönəldiyini iddia edirlər. İsrail şirkətinin Zəngilanda camış ferması tikməsini tərsinə yozaraq deyirlər ki, guya İsrail orada hərbi baza yaradır. Guya Araz qırağı ərazilər “sionistlərlə”, “terrorçularla” doludur.
Müqəddəs İslam dini pərdəsi arxasında gizlənib xalqlar arasında nifaq salmaq və terrorçulara dəstək vermək, günahsız insanların qanının axıdılmasına milyonlar xərcləmək, öz vətəndaşlarını din xofu, cəhalət və qapaz altında saxlamaq, baş-qulaq, əl-ayaq kəsmək, narkoticarətə qurşanmaq Allahın iradəsinə, Məhəmməd peyğəmbərin şəriətinə ziddir və şeytani əməllərdir. Yolunu azmışlar isə bir gün cəzalarına çatırlar. Bir sözlə, belə davam edərsə, o zaman qarşıda molla rejimini görəcəkli günlər gözləyir...