KÖŞƏ

Elçin Zaman

Dağıdıcı müxalifətin Qarabağ fiaskosu

15 oktyabr 2021 23:59
2256

İnkarçılıq və qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur gətirməyib

Azərbaycanın mövcud hakimiyyəti ölkəmizdəki sosial-iqtisadi inkişafla bərabər, siyasi sabitliyin və demokratik dəyərlərin bərqərar olmasında da maraqlıdır. Çünki şəffaf və açıq cəmiyyətin, müasir dünyagörüşün inkişafında bu amillərin ciddi rolu var. Ona görə də Prezident İlham Əliyevin bu istiqamətdəki siyasi iradəsinə uyğun olaraq müxalifətlə siyasi dialoqun davam etməsinə dair ciddi təşəbbüslər mövcuddur.

Son il yarımda müxalifətlə siyasi dialoqun bir neçə mərhələsi reallaşıb. Xüsusilə bu prosesə 2020-ci ilin  fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətin elan etdiyi genişmiqyaslı islahatlar paketi çərçivəsində start verilib. Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son ilyarımda partiya sədrləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Yalnız iki partiya -Müsavat və AXCP bu formatda dialoqdan imtina ediblər.

Düzdür, bu radikal partiyaların siyasi dialoqda iştirak etməmələri cəmiyyət həyatı üçün elə də önəmli deyil. Ancaq bununla belə hakimiyyətin belə bir dialoq çağırışında olmasının özü çox müsbət tendensiyadır. Çünki Azərbaycanda hakimiyyət və müxalifət partiyalarının bir sıra milli məsələlərdə daim dialoqda olmaları, vahid platformadan çıxış etmələri ölkəmizin siyasi nüfuzunun daha da yüksəlməsi və siyasi sabitliyin qorunması üçün vacib məsələlərdən biridir.

Belə milli məsələlərdən biri də Qarabağın 30 illik işğaldan azad edilməsi ilə bağlıdır. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra hakimiyyət ilə müxalifət partiyaları arasında yaranan əməkdaşlıq ölkəmizin və dövlətimizin siyasi və diplomatik imkanlarını qat-qat artırdı. Təbii ki, qazandığımız qələbələrdə bu əməkdaşlığın xüsusi yeri var. Belə bir əməkdaşlığın yaranmasında ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiyanın tutduğu doğru mövqe ilə yanaşı, hakimiyyətin «Siyasi partiyalar haqqında» qanunun tələblərinə uyğun olaraq müxalifət partiyaları ilə apardığı müzakirələrin, verilən təkliflərə diqqətlə yanaşmasının, torpaqlarımızın işğaldan azad edilməsi üçün vacib olan məsələlərdə hakimiyyət və müxalifət partiyalarının birgə bəyanatlarla çıxış etməsinin əhəmiyyəti çox böyük idi. Bununla da dövlət başçısı bəyan edib ki, siyasi dialoq ölkədə yeni qurulan iqtidar-müxalifət konfiqurasiyasının tərkib hissəsidir və davamlı olması vacibdir. 

Qeyd edək ki, məhz AXCP ilə Müsavat partiyalarının bu qeyri -konstruktivliyinə görədir ki, hər iki partiyadan qopmalar və ümumi narazılıqlar artmaqdadır.  Bu, onun göstəricisidir ki, həmin partiyalarda fəaliyyət göstərən insanlar da dərk etməyə başlayıblar ki, indiki avantürist ideoloji baxışlarla irəli getmək mümkün deyildir. Dağıdıcı müxalifət partiyalarının sıravi üzvləri etiraf edirlər ki, onlar partiya sədrlərinin şəxsi ambisiyalarının qurbanlarına çevriliblər. Bəli, görünən odur ki, dağıdıcı müxalifət partiyalarının lidercikləri həm ideoloji baxımdan, həm də apardıqları mübarizə metodları baxımından səhv yoldadırlar. Axı  inkarçılıq, qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur gətirməyib. Xüsusilə İkinci Qarabağ müharibəsindəki Qələbəmizə kölgə salmağa cəhd etmələri və milli mənafelərimizə antimilli münasibət sərgiləmələri onları iflas həddinə yaxınlaşdırıb.