KÖŞƏ

Mahir Rəsuloğlu

Qarabağa ilk eniş edən qardaş təyyarəsi!

26 oktyabr 2021 21:54
1265

Füzuli Beynəlxalq Hava Limanı dünyaya açılan sülh qapısı olacaq...

Tariximizin yeni, şərəf və qürur dolu daha bir səhifəsi yazılır, xəyallarımız gerçək olur. Bir il öncəyə qədər çoxlarının təsəvvür belə etmədiyi, gücümüzü, qüdrətimizi, qardaşlığımızı, nələrə qadir olduğumuzu, milli kimliyimizi bizi sevən və sevməyən hər kəsə nümayiş etdirdiyimiz, “olmaz”ları gerçəyə çevirdiyimiz günlər yaşayırıq. Elə möhtəşəm günlərdir ki, baş verənləri sakitcə seyr etmək mümkün olmur. Bəzən sevincdən gözlərimiz dolur, yaşadıqlarımız yuxu kimi gəlir insana...

Dünən daha bir əvəzi olmayan tarixi gün, rəsmi olmayan bayram yaşadıq. Gözəl Qarabağımızda, oktyabrın 17-də işğaldan azad olunmasının bir illiyini qeyd etdiyimiz, erməni vandalları tərəfindən tamamilə dağıdılmış, daşı-daş üstə qalmamış Füzulidə o yerlərin yenidən cənnətə çevriləcəyinin rəmzlərindən olan nəhəng layihənin açılışı gerçəkləşdi. Dünən 14 yanvarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu və cəmi səkkiz aya ən müasir tələblərə uyğun olaraq inşa edilən beynəlxalq aeroportun açılışı oldu. Üstəlik, xoş gündə də, dar gündə də bir olduğumuz, birlikdə olduğumuz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarə ilk dəfə olaraq azad Qarabağ torpağına, Füzuli Beynəlxalq Hava Limanına eniş etdi! Qarabağın səması şənləndi, torpağı sevindi, ən sevdiyi, ilk olmağı ən çox haqq edən qonağını qarşıladı. Və artıq dünəndən etibarən iki qardaş ölkənin dövlət başçılarının birlikdə açılışını etdiyi Füzuli aeroportu Qarabağın dünyaya açılan hava qapısı olaraq rəsmi fəaliyyətə başladı!

Bu, ötən il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən, şanlı Qələbəmizlə yekunlaşan Vətən müharibəsindən sonra R.T.Ərdoğanın Azərbaycana üçüncü, işğaldan azad edilmiş torpaqlarımıza isə ikinci səfəri oldu. Hər gəlişi möhtəşəm hadisələrlə yadda qaldı qardaş ölkənin dövlət başçısının. Müharibədən sonra ilk səfərində dekabrın 10-da Bakıda keçirilən Zəfər paradına qatılmışdı. Bundan sonra ikinci səfərini Şuşaya etmişdi və iyunun 15-ə təsadüf edən həmin səfərdə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Dünənki səfər isə daha bir tarixi hadisənin – Füzulidə aeroportun açılışı ilə yadda qaldı.

Rəcəb Tayyib Ərdoğanın Qarabağa növbəti səfəri ciddi siyasi əhəmiyyət daşıyır və bəzi region ölkələrinə və bölgədə maraqları olan digər dövlətlərə Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunun mesajıdır. Bu səfər həm də Azərbaycan Türkiyə dostluğunun, qardaşlığının, sarsılmaz birliyinin növbəti nümayişidir. Vətən müharibəsi zamanı bütün imkanları ilə yanımızda olan qardaş ölkə erməni vandallarının darmadağın etdikləri Qarabağda aparılan bərpa-quruculuq işlərində də əsas iştirakçıdır. Ərazilərin minalardan təmizlənməsində, yolların çəkilişində, digər layihələrdə Türkiyə şirkətləri çox önəmli rol oynayır. Elə dünən açılışı edilən Füzuli Beynəlxalq Hava Limanının tikintisində də türk qardaşlarımız bizimlə birlikdə iştirak ediblər.

Olduqca böyük geosiyasi, eyni zamanda, hərbi önəmə malik Füzuli Beynəlxalq Hava Limanının inşası təkcə vaxt baxımından deyil, digər amillərə görə də kifayət qədər çətin bir proses idi. 30 ilə yaxın işğal müddətində digər şəhər və kəndlərimizdə olduğu kimi, Füzulidə də evlər, tikililər, həmçinin bütün infrastruktur dağıdılaraq məhv edilmiş, torpaq külli miqdarda minalarla və partlamamış döyüş sursatı ilə çirkləndirilmişdi. Azərbaycan dünyanın heyrətli baxışları altında cəmi səkkiz aya, məhz bu şərtlər daxilində nəhəng layihəni gerçəkləşdirə bildi və güclü, dayanıqlı iqtisadiyyata, sarsılmaz iradəyə malik olduğunu hər kəsə sübut etdi.

Füzuli Beynəlxalq Hava Limanı Qarabağımızın dünyaya açılan sülh qapısı olacaq. Çünki biz ədaləti təmin edib, erməni işğalına son qoyub azadlığına qovuşdurduğumuz Qarabağımız üçün də, həmişə dostluq və mehriban qonşuluq arzulayan, bunun üçün çalışan bütün ölkəmiz üçün də, bölgəmiz üçün də sülh istəyən bir xalqıq. Dünya üçün açılan yeni hava limanımız – sülh qapımız millətimizə, xalqımıza, dostlarımıza, bizi sevənlərə xeyirli-uğurlu olsun! Bu tarixi, xoş günümüzdə hər zamankı kimi yanımızda olduğunuz üçün çox sağ olun, sayın Ərdoğan!