KÖŞƏ

Elçin Zaman

Dağıdıcı müxalifət Qarabağ Zəfərini niyə həzm edə bilmir?

26 oktyabr 2021 23:09
1907

AXCP və Müsavatın mövcud avantürist ideoloji baxışları ilə erməni xisləti eynidir

Etiraf edək ki, bu gün Azərbaycan kimlərinsə istəyib-istəməməsindən asılı olmayaraq beynəlxalq miqyasda tanınan, konkret məsələlərlə bağlı mövqeyi nəzərə alınan bir ölkədir. Xüsusilə 44 günlük tarixi İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra geosiyasi nüfuzumuz və iqtisadi gücümüz daha da artıb. Bütün bunlarla bərabər, Azərbaycan həm də demokratik dəyərlərin inkişaf etdiyi və bəşəri dəyərlərə fəal inteqrasiyanı sürətləndirən bir dünyəvi dövlət statusuna sahib olub.  Lakin bütün bu real siyasi mənzərənin əksinə olaraq Azərbaycanın dağıdıcı müxalifəti mövcud çoxşaxəli inkişafımızı görmək istəmir.

Bəli, bu gün AXCP və Müsavat partiyası inkarçılıq və dağıdıcılıq xislətlərini açıq şəkildə birüzə verirlər. Belə ki, dağıdıcılar həmişə olduğu kimi, indi də xaricdəki anti-Azərbaycan şəbəkələri ilə birləşib təxribat xarakterli fəaliyyətlərini genişləndirməyə cəhd göstərirlər. Xüsusilə Azərbaycan dövlətinin əleyhinə insanlığa, milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşmayan çirkin təbliğat aparırlar. Əsas məqsəd qalib Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaq, onun nüfuz dairəsini kiçiltməklə xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, ölkəmizdə siyasi sabitliyi pozmaqdır. Onlar bu məsələlərdə ermənilərlə eyni xarakter sərgiləyirlər.  Məhz ictimaiyyətin onların avantüralarına uymaması Əli Kərimli və Arif Hacılı kimi siyasi səbatsızları daha çox qıcıqlandırır.

Bu gün dağıdıcı müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zəruriliyini diktə edən daha bir amil isə sosial bazasının, elektoratının zəif olmasıdır. Qeyd edək ki, Azərbaycan hakimiyyəti güclü və konstruktiv müxalifətin olmasında maraqlıdır. Çünki belə müxalifətlə ölkəni və cəmiyyəti inkişafa aparmaq daha asan və sərfəlidir. Ona görə də bu istiqamətdə ciddi addımlar atılır. Xüsusilə Prezident İlham Əliyev bu istiqamətdə ciddi siyasi iradə sərgiləyir. Belə ki, Prezidentin tapşırığı ilə son ilyarımda müxalifətlə siyasi dialoqun bir neçə mərhələsi reallaşdırılıb. Xüsusilə bu prosesə 2020-ci ilin  fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra hakimiyyətin elan etdiyi genişmiqyaslı islahatlar paketi çərçivəsində start verilib. Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son ilyarımda partiya sədrləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Yalnız iki partiya –AXCP və Müsavat bu formatda dialoqdan imtina ediblər.

Düzdür, AXCP və Müsavatın siyasi dialoqda iştirak etməmələri cəmiyyət həyatı üçün o qədər də önəmli deyil. Ancaq bununla belə hakimiyyətin belə bir dialoq çağırışında olmasının özü çox müsbət tendensiyadır. Çünki Azərbaycanda hakimiyyət və müxalifət partiyalarının bir sıra milli məsələlərdə daim dialoqda olmaları, vahid platformadan çıxış etmələri ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsi və ölkədə siyasi sabitliyin qorunması üçün vacib məsələlərdən biridir. Belə milli məsələlərdən ən önəmlisi  İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə və tarixi Qələbəmizdən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların hakimiyyətlə eyni hədəfə vurması oldu. Hakimiyyətlə müxalifət partiyaları arasında yaranan əməkdaşlıq ölkəmizin, dövlətimizin siyasi və diplomatik imkanlarını qat-qat artırdı. Belə bir əməkdaşlığın yaranmasında ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiyanın tutduğu doğru mövqe ilə yanaşı, hakimiyyətin «Siyasi partiyalar haqqında» qanunun tələblərinə uyğun olaraq müxalifət partiyaları ilə apardığı müzakirələrin, verilən təkliflərə diqqətlə yanaşmasının, torpaqlarımızın işğaldan azad edilməsi üçün vacib olan məsələlərdə hakimiyyət və müxalifət partiyalarının birgə bəyanatlarla çıxış etmələrinin əhəmiyyəti çox böyük idi. Heç də təsadüfi deyildir ki, dövlətimizin başçısı cənab İlham Əliyev siyasi dialoqu ölkədə yeni qurulan iqtidar-müxalifət konfiqurasiyasının tərkib hissəsi adlandırıb v əvə bu prosesin və davamlı olması vacibliyini dönə-dönə vurğulayıb.

Məhz AXCP ilə Müsavatın bu qeyri -konstruktivliyinə görədir ki, hər iki partiyadan qopmalar və ümumi narazılıqlar gündən-günə artmaqdadır.  Bu, onun göstəricisidir ki, həmin partiyalarda fəaliyyət göstərən insanlar da dərk etməyə başlayıblar ki, indiki avantürist ideoloji baxışlarla irəli getmək mümkün deyildir. Dağıdıcı müxalifət partiyalarının sıravi üzvləri etiraf edirlər ki, onlar partiya sədrlərinin şəxsi ambisiyalarının qurbanlarına çevriliblər.