KÖŞƏ

Elçin Zaman

Dəmir yumruğun gücü və qüdrəti

11 noyabr 2021 01:14
3668

10 noyabr 2020-ci il tarixi 44 günlük müqəddəs savaşımızın Qələbə ilə bitməsindən və işğalçı Ermənistanın məğlub olaraq kapitulyasiya aktına imza atmasından bir il ötür. Qeyd edək ki, ötən il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı üçtərəfli Bəyanat imzalanmışdır.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib. Ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul etmişdir.

Bəyanata əsasən, işğaldakı Ağdam, Kəlbəcər və Laçın rayonları qeyd-şərtsiz Azərbaycan Respublikasına qaytarıldı. Bəyanatda Naxçıvanla Azərbaycan arasındakı Zəngəzur dəhlizinin açılması xüsusi bir maddə kimi göstərildi. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ilə müəyyənləşdi. O cümlədən, sülhməramlıların qalma müddətinin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi də ayrıca maddə kimi təsbit edildi. Eyni zamanda, tərəflərdən hər hansı biri çıxış etiraz etməzsə müddət avtomatik olaraq  daha 5 il uzadılır. Bəyanatda münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Ağdamda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də yaradılaraq fəaliyyət göstərir.

10 noyabr tarixi xalqımıza 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşatdı. Bakı küçələrində, respublikamızın kənd və qəsəbələrində böyük sevinc və təntənəyə səbəb olan bu hadisə Ermənistanda tam əksinə oldu. Küçələrə axışan qəzəbli ermənilər parlament binasına hücum etdilər. Həmin gecə o zamannkı parlamentin sədri, hazırda isə Ermənistanın xarici işlər naziri olan Ararat Mirzoyan qəzəbli kütlə tərəfindən İrəvanın mərkəzində ölümcül döyüldü.

Dövlət başçısı İlham Əliyev 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmişdi: «Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!».

Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamalar verən  və «qələbə» iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər. İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni generallarının məğlub duruma düşmələri idi. Müharibə dövründə qələbədən dəm vuran, «uğurlu həmlələr» etdiyini bəyan edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün əsl rüsvayçılıq idi.

Prezident İlham Əliyevin həm hərbi, həm də siyasi arenada qazandığı Qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistanın olmayan tarixinə silinməz rüsvayçılıqlar yazdı. Ermənilər gördülər ki, «məğlubedilməz erməni ordusu», «ölməz erməni ruhu» kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında iflas halına gətirildi. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara müqavimət göstərmək iqtidarında olmadıqlarını açıq şəkildə bəyan etdilər.

Bəli, bu gün artıq erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Bir sözlə, 10 noyabr tarixli Bəyanatın  imzalanmasından illər keçsə də bu sənəd Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Çünki bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığını, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.

Bu gün ölkəmiz üçün digər qürurverici məqam odur ki, işğaldan azad olunan rayonlar əsl tikinti-quruculuq meydanına çevrilib. Burada hava limanları, su elektrik stansiyaları inşa edilir və magistral yollar çəkilməklə Böyük Qayıdışa doğru sürətli addımlar atılır.