KÖŞƏ

Sevinc Azadi

Ermənistanın təxribatları ona baha başa gəldi

18 noyabr 2021 23:56
1777

Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, postmüharibə dövründə Ermənistanla əməkdaşlığa hazırdır. Əks addımlara, o cümlədən bəzi erməni dairələrinin revanş cəhdlərinə isə çox sərt cavab veriləcək. Ermənistanın bu həftə etdiyi hərəkət ötən ilin iyulunda və sentyabrında buraxdığı səhvlərlə eynidir. Hər üç halda xəbərdarlıqdan nəticə çıxarmadığı üçün başı dəmir yumruqla əzildi. İlk növbədə bir daha aydın oldu ki, ötən ilin 44 günlük müharibəsində darmadağın edilən Ermənistan hələ də məğlubiyyətindən ibrət götürmək və ya işğal siyasətindən əl çəkmək istəmir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıqlar yaranıb. Bu reallıqlar həm də Ermənistanın özünə qonşuları ilə münasibətləri normallaşdırmaq, yeni iqtisadi əlaqələr yaratmaq imkanı verir. Üçtərəfli Bəyanatda da bu barədə müddəalar yetərincə öz əksini tapıb. Amma görünən odur ki, ermənilər onilliklər boyu daşıdıqları xəstə təxəyyülü kənara qoymaq istəmirlər. Elə bu səbəbdəndir ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesə Ermənistan tərəfindən davamlı şəkildə maneçiliklər yaradılır. Bu ölkənin rəsmi dairələri sərhədlərin dəqiqləşdirilməsi proseslərinə üzdə tərəfdar olduqlarını bildirsələr də, reallıq bunun əksini göstərir. Elə noyabrın 16-da dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətlərində baş verənlər Ermənistanın delimitasiya və demarkasiya proseslərinin qarşısını almaq niyyətindən xəbər verir. Lakin buna baxmayaraq, Azərbaycan dövləti öz sərhədlərinin tam bərpa prosesini inamla davam etdirir və ötən ilin noyabrından bəri bununla bağlı ciddi uğurlar əldə olunub.

Xatırladaq ki, Ermənistan tərəfi artıq buna qədər davamlı şəkildə dövlət sərhədinin müxtəlif istiqamətlərində atəşkəsi pozmaqla və təxribatlar törətməklə məşğul idi. Bütün bunlar isə Ermənistanın ötən ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın bəndlərini sabotaj etmək cəhdlərindən irəli gəlir. Hələ bir neçə gün əvvəl Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbçilərimizə qarşı terror aktı törədilmişdi. Noyabrın 9-da isə Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışmışdı. Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınmış, onların bütün hərəkətləri məhdudlaşdırılmış, Ermənistanın hərbi təxribatının qarşısı qətiyyətlə alınmışdır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dəfələrlə sülhsevər və ədalətli mövqe nümayiş etdirsə də, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir.

Azərbaycan operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb. Noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib, ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Ermənistan ordusunun Kəlbəcər, Laçın və digər istiqamətlərdə son təxribatlarına bəzi beynəlxalq reaksiyalar da sübut edir ki, Azərbaycanın sülh sazişi və delimitasiya danışıqları barədə apardığı siyasət kursu başa düşülür və dəstəklənir. Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb.

Göründüyü kimi, ortada son 10 gün ərzində məqsədli şəkildə və miqyası genişlənən təxribatlar seriyası var. Düşmənə vurulan zərbənin nəticələri göz önündədir və məruz qaldıqları xeyli sayda canlı itkini, üstəlik mövqe itkisini etiraf etməkdədirlər. Beləliklə, Ermənistan heç bir nəticə əldə edə bilmədi, hərbi-siyasi rəhbərliyin növbəti təxribatı daha bir iflasla nəticələndi. Azərbaycan Ordusunun sərt tədbirləri Ermənistandakı revanşist qüvvələrə tutarlı cavab oldu. Ən vacib məqam isə odur ki, Azərbaycan güclü, regional təhlükəsizliyi təmin edən ölkə olduğunu bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdi.