KÖŞƏ

Vəli İlyasov

Makronun üçüncü üzü...

25 noyabr 2021 00:57
1268

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın Azərbaycana ədalətsiz yanaşmaları uzun illərdir ki, səngimək bilmir. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatını “başı götürməyən” bu dövlətin prezidenti Emmanuel Makron sanki ermənilərə vəkillik edir. Daim “cəhənnəm ocağına talaşa atan” Fransa prezidenti planları boşa çıxdıqca daha da şirniklənir, ortaya yeni variantlar atılır. Prezident Makron dəfələrlə Ermənistanın yanında olduğunu bildirib və beynəlxalq təşkilatlarda işğalçı ölkəni müdafiə etməyə cəhdlər göstərib.

Separatçıların Fransa Senatına dəvət edilmələri isə dekabrın 15-də Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçiriləcəyi ehtimal olunan görüşdən əvvəl rəsmi Bakıya təzyiq xarakteri daşıyır. Rəsmi Paris bu təxribat xarakterli addımla görüşdə müzakirə olunması gözlənilən mövzuların istiqamətini indidən müəyyənləşdirməyə çalışır. Təbii ki, bunu öyrənməklə “böyük bacı” “kiçik bacı”sına hansı məqamda necə kömək edəcəyini müəyyənləşdirmək istəyir.

Bu addım, ilk növbədə,  şübhəsiz ki, təkcə rəsmi Bakıya deyil, eyni zamanda, Avropa İttifaqının təşəbbüsünə qarşı yönəlib. Fransa Senatının, həm də senatdakı çoxluğun formalaşdırdığı hökumətin bu təxribatı Brüssel görüşünün baş tutmamasına gətirib çıxara bilər ki, bu da Avropa İttifaqının bölgədəki nüfuzuna və maraqlarına ciddi zərbə vurar.

Bu ərəfədə indiyədək işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfər etməkdən müxtəlif bəhanələrlə yayınan Fransa səfirinin gözlənilmədən Ağdama getməsi də senatdakı təxribatın arxasında Fransa hökumətinin dayandığını təsdiqləyir. Fransa səfirinin Ağdama səfəri separatçılarla bağlı təxribatın qarşılığında guya Bakının reaksiyanının mümkün qədər yumşalmasına xidmət edir və balansyaratmaya uğursuz cəhd kimi də qiymətləndirilə bilər. Yenə də ikili standart!...

Aydındır ki, Ermənistan yolunda özünü “oda-közə” vuran Fransa rəhbərinin çıxardığı bütün oyunların bir məqsədi var. Məlumdur ki, qarşıdan prezident seçkiləri gəlir. Yeni seçkidə qalib gəlmək üçün Makron Fransadakı 700 min erməninin dəstəyini qazanmaq istəyir. Ona görə də hər yerdə ermənilərə canfəşanlıq göstərməklə onların səsini əldə etməyə çalışır. Bununula da o, siyasəti iyrənc bir oyuna çevirir. Erməniləri qəlbən sevən, ancaq bir milyona qədər doğma yurdundan didərgin salınmış azərbaycanlı məcburi köçkünün və qaçqının əzablı taleyi Makronu heç vaxt maraqlandırmayıb. O, Ermənistanın Azərbaycana qarşı haqsız torpaq iddialarına qarşı nəinki etirazını bildirməyib, əksinə, işğalçılara dəstək olub. Əsrin dəhşətli Xocalı soyqırımı, azərbaycanlılara tutulan divanlara qarşı səssiz qalan Makron öz karyerası üçün yüz minlərlə insanın haqq və hüquqlarının Ermənistan tərəfindən ayaqlanmasına həmişə  göz yumub. Nəyə görə? Hakimiyyətdə daha bir neçə il qalmağa naminə.

İndi “qahmarlıq” prinsipi ilə çıxış edən ikiüzlü Makronun ən azı seçkilərdən sonra sakitləşəcəyinə də inam yoxdur. Onun məqsədi Ermənistanı əldə dəstəvuz tutaraq Qafqaz regionunda “ayağına yer” eləməkdir. Ancaq qarşısında Rusiya və Türkiyəni görən Makron hökuməti  “köhnə inventar” kimi yanaşdığı Ermənistana görə belə böyük güclərlə qarşı-qarşıya gəlmək istəmir. Buna görə də məqsədinə çatmaq üçün fürsət düşəndə sancmaq, yeri gələndə xoş davranmaq siyasətinə keçib. Bu, əsl ikiüzlü siyasətdir və normal siyasətçilər buna ikrahla baxırlar. Sürüşkən siyasət aparan Emmanuel Makron işdi-şayətdi prezident seçkilərində qalib gələndən sonra Ermənistandan üz döndərsə?.. Əgər elə olsa, onda biz Emmanuel Makronun üçüncü üzünü də görəcəyik. Bu, qətiyyən istisna deyil, çünki iki sifəti olanın üçüncü sifəti də ola bilər.