KÖŞƏ

Vəli İlyasov

Kafel oğrusu seçkidən it kimi qovuldu

30 noyabr 2021 00:58
1422

Özünü dünyada rüsvay edən bu ölkədə üç ildir ki, tragikomik tamaşalar oynanılmaqdadır. Nikol Paşinyanın başçılıq etdiyi Ermənistanda keçən bütün seçkilər və hətta  ən ciddi tədbirlər qalmaqalsız və məzəli  sərgüzəştlərsiz ötüşmür. Yeni sərgüzəşt isə o qədər maraqlı olub ki, artıq İrəvanda bunu bilməyən yoxdur. Söhbət illər əvvəl kafel oğurluğu və alverlə məşğul olan indi isə rəsmi vəzifə əldə etməyə can atan şəxsiyyətsiz bir şəxsin arzu və niyyətlərindən gedir.  Tipik ermənidir, çünki boyundan yuxarı hoppanmaq istəyib, amma bəxt üzünə gülməyib bu bədbəxtin. Xırdalayaq.

Ermənistanda arxada qalan bələdiyyə seçkilərində Dərələyəz mahalının Soylan rayonunda (ermənilər Vayk deyirlər) Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyasının parlamentdəki təmsilçisi  "Mənim addımım" blokunun namizədi Mxitar Matevosyanın qələbə çala bilməməsinin bəzi gülünc səbəbləri ortaya çıxıb.

Bununla bağlı erməni mediasında məlumat verilir. Bildirilir ki, Mxitar Matevosyan erudisiyası olmayan, qeyri-ciddi, daha doğrusu lağlağı, özünü layiq olmadığı vəzifələrdə görmək iddiasında olan qəribə bir tipdir. Yəni, o, sadə xalq arasında kafel oğrusu kimi tanınır. Hətta ermənilər vaxtilə ona şeir də qoşublar, alverini belə “vəsf” ediblər:

Biri ördək satır, biri qaz satır,

Mxitar küçədə unitaz satır.

Ancaq bunlara baxmayaraq biznesdə gözüaçıq olan Mxitar çoxlu pul qazanıb və həmin pullar onun bir çox eyiblərini örtüb. Sonra vəzifə pillələrində irəliləyən Mxitar rüşvətxorluğa qurşanıb. O, "Mavşin" şirkətinin direktoru olarkən dövlət büdcəsindən 4 milyard dramdan artıq vəsaiti müxtəlif yollarla mənimsəməkdə ittiham edilib. Hətta 2000-ci illərin əvvəllərində o, gurultulu  rüşvət qalmaqallarına görə məhkəmə qarşısına da çıxıb. Ancaq sırtıq Mxitarda utanan üz hardaydı?! O, qulağının dibində çalınan bu qədər zurna-balabanın səsini eşitsə də özünü karlığa vurub haram pullar qamarlamaqdan əl çəkməyib.

Üstəlik, Mxitar Matevsyanın kriminal keçmişinin olduğu da vurğulanır. Dərin ağıla, sağlam düşüncəyə malik olmayan bu adamın Ermənistandakı kriminal dairələrlə oturub-durduğu bildirilir. Mxitarın şəxsən bəzi cinayət əməllərində əli olduğuna eyhamlar vurulur. Bütün bunlar  barədə Ermənistanda nəşr edilən "Hraparak" qəzetinin araşdırmasında da qeyd olunub.

Yerli camaat Nikol Mxitar Matevosyanın "çapıb-talamaq ustası" olduğunu, Soylanın kiçik büdcəsinin Mxitarın iti iştahası üçün yetərli olmadığını deyərək ironiya və rişxəndlə Nikol Paşinyanın özünəoxşar namizədini ələ salırlar: - Bələdiyyə büdcəsi çox kiçikdir, Mxitarın qarnını doyurmaz- deyirlər. Mxitar Matevosyan əslində “patavalı siyasətçi”dir və rəsmi dövlət qulluğuna soxulmaqla illərdir oğurladığı və çalıb-çapdığı pulları və bahalı mülkləri qorumaq məqsədilə başının üstünə etibarlı “krışa” təmin etmək istəyir. Deyildiyi kimi, atdığı bütün oxlar daşa dəyib, yerli camaat onu seçkidən süləngi it kimi qovub.

Lakin bunları bilməyən, amma Mxitarın cikini-bikini yaxşı  bilənlər bildirirlər ki, Paşinyanın bu cür insanlarla seçkilərə qatılması baş nazirin acizliyinin və kadr çatışmazlığının göstəricisidir. Bəziləri də istehza ilə bildirirlər ki, Nikol Vovayeviç özü tipli adamları başına yığır. Bir sözlə, ağası gülüm olanın başına külüm olub.