KÖŞƏ

Sevinc Azadi

Azərbaycan İranı oyundankənar vəziyyətdən xilas edəcək

01 dekabr 2021 01:14
735

Qonşularla normal iqtisadi əlaqələr ölkəmizin xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir

Məlum olduğu kimi, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə Toplantıda iştirak etdi. Ölkə başçısı Aşqabadda bir neçə Dövlət başçısı ilə də ikitərəfli görüşlər keçirdi. Toplatının ən maraqlı anlarından biri uzun zamandır gözlənilən Azərbaycan və İran dövlət başçılarının görüşü oldu. Görüşdə iqtisadi əməkdaşlıq və enerji mübadiləsi ilə bağlı razılaşmalara imza atıldı. Razılaşmaya görə, Azərbaycan İran üzərindən Türkmənistan qazını idxal edəcək. Sözügedən razılaşmanı şərh edən İranın neft naziri Cavad Ovci mətbuata bildirib ki, bu il dekabrın 22-də türkmən qazının İran ərazisi ilə Azərbaycana SWAP tədarükü başlayacaq: “Bu müqavilədə biz Türkmənistandan və Sərəxs rayonundan hər il təxminən 1,5-2 milyard kubmetr qaz alacaq və Astaradan Azərbaycan Respublikasına çatdıracağıq.” İranın Xəzər regionunda qaz müqavilələrində iştirakı gələcəkdə bu ölkənin Avropa qaz şəbəkəsinə qoşulmasına və qitəyə qaz ixracının başlamasına səbəb ola bilər. Yəni, İran Azərbaycanla əməkdaşlıq sayəsində illərdir təcrid olunduğu Qərblə yenidən ticari tərəfdaşlıq əlaqələri qura və daxilindəki iqtisadi böhranı aradan qaldıra bilər.

İran həm də SWAP müqaviləsi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə 5 əyalətinin qaza tələbatını ödəyə biləcək. Daha əvvəl İranın neft naziri bildirmişdi ki, noyabrın 22-də Tehranda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə aparılmış danışıqların yekunları üzrə qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi haqqında razılıq əldə olunub. Beləliklə, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın bu yeni layihə tərkibində fəaliyyəti daha da stimullaşacaq. Tehranın isə regionda tranzit imkanı artacaq və bu, İranı Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmağa sövq edəcək.

İran Azərbaycanla sərhədyanı ticarəti də inkişaf etdirməkdə maraqlıdır. Bu məqsədlə İran sərhəddə bir neçə azad ticarət zonası yaradıb. Digər tərəfdən, İran nəhəng qaz ehtiyatlarına malik dövlət kimi özü Avropaya qaz satmaqda maraqlıdır, lakin ABŞ-ın sanksiyaları ucbatından Avropa şirkətləri onunla bu sahədə əməkdaşlıqdan çəkinir, nəticədə İran ehtiyac duyduğu texnologiyaları əldə edə bilmir. Məsələn, Fransanın “Total” şirkəti sanksiya qorxusundan İrandakı Cənubi Pars layihəsində iştirakını dayandırıb. Belə bir şəraitdə İranı oyundankənar vəziyyətdən ancaq Azərbaycan xilas edə bilər.

Qeyd edək ki, bu saziş Türkmənistanı da uzaq, bitərəf bir ölkədən müttəfiq bir ölkəyə çevirəcək. Hazırda Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, əczaçılıq və turizm sahələrində əməkdaşlıq uğurla davam etdirilir. 2008-ci ildən etibarən iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. 2017-ci ildə Azərbaycan, Türkmənistan, Əfqanıstan, Gürcüstan və Türkiyə arasında Nəqliyyat və tranzit üzrə əməkdaşlıq Sazişi (Lapis Lazuli Marşrutu Sazişi) imzalanmışdır. Həmçinin 2019-cu ildə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya xarici işlər nazirləri arasında “Qara dəniz-Xəzər dənizi” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə ilk xüsusi görüşü baş tutmuş və bəyannamə qəbul edilmişdir. Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Siyəzən-Türkmənbaşı fiber-optik kabel xəttinin inşası ilə bağlı 28 noyabr 2019-cu il tarixində Türkmənistanla saziş imzalanmışdır. Azərbaycan və Türkmənistan arasında 21 yanvar 2021-ci il tarixində imzalanmış Xəzər dənizindəki “Dostluq” yatağındakı karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu enerji sahəsində regional əməkdaşlıqda yeni mərhələnin başlanğıcı hesab edilir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?