KÖŞƏ

Vəli İlyasov

Xəyanətinin qurbanı da, günahkarı da özü olacaq

09 dekabr 2021 00:58
1301

"Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər".

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşü zamanı deyib.

"Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun.”

Ancaq Ermənistan tərəfi bizim sülh təkliflərimizə öz davakar mövqeyini ortaya qoyduğundandır ki, bu da yeni müəmmalar doğurur.

Belə ki, 15 dekabrda Brüsseldə keçiriləcək görüş ərəfəsi İrəvandakı revanşist qüvvələr vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Bunun üçün hərbi təxribatlar törədir və Qarabağa qanunsuz səfərlər edirlər.

Məlumdur ki, Ermənistan parlamentinin deputatlarının qanunsuz olaraq Xankəndiyə səfəri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Stokholmdakı görüşünün baş tutmaması ilə nəticələndi. Azərbaycan bu təxribatçı hərəkətə görə görüşü keçirmədi.
Qanunsuz səfər heyətinə Ermənistan parlamentinin deputatları Sisak Qabrielyan, Taqui Kazaryan, Lilit Qalstyan, Asmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan, Knyaz Həsənov və ekspertlər daxildir. Məlumat üçün deyək ki, Knyaz Həsənov Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan kürd deputatdır. O, çıxışlarında həmişə bildirib ki, erməni və kürd toplumlarının ortaq düşməni Türkiyədir. Bəs, Brüssel görüşü ərəfəsi gərginlik Paşinyan hökumətinin və ya revanşist qüvvələrin nəyinə gərəkdir? Bu sualın geniş izahatı var.

Qeyd etməliyik ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand deyib ki, Bakı Qarabağ məsələsini müzakirə etməyə lüzum görmür: “Azərbaycan gündəliyə Dağlıq Qarabağ məsələsinin salınmasından imtina edir”. Avropa Parlamentinin əksər deputatları həmişə anti-Azərbaycan mövqeyində olublar və bu yenilik deyil.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya mediasına müsahibəsində “Qarabağın təhvil verilməsini” Rusiya ilə əlaqələndirməsi ciddi rezonans doğurub. Simonyan jurnalistlərlə söhbətində “...siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burda “Lavrov planı” da daxil bir neçə variantlar vardı”, deyib.

Görəsən, döyüşüb biabırçılıqla məğlub olan ermənilər niyə məğlubiyyəti Rusiyanın boyuna biçirlər? Onlar niyə hesab edirlər ki, ermənilərin əvəzinə rus əsgərləri döyüşməliydi?

Bunların hamısı “keçinin suyu bulandırmasına” oxşayır. Əsas məsələ Ermənistanın Rusiyanı rədd edib Qərbi özünə yeni ağa seçməsidir. Bizdə buna “qızın iki adaxlısı var” deyirlər. Qərbin Ermənistana verdiyi 2,6 milyard dollar ermənilərin gözlərini qamaşdırıb. Son illərdə Rusiyadan belə “yağlı pay” görməyən Paşinyan Qərbdən dördəlli yapışıb. İki ölkə arasında münasibətlər sürətlə soyumaqda və pisləşməkdədir. İrəvanda Rusiya və prezident Putin əleyhinə mitinqlər keçirilir, ruslar vəzifələrdən qovulur, rusdilli məktəblər bağlanır və nəhayət, Rusiyanın bayrağı tapdalanıb yandırılır. Bütün bunlar Rusiya mediasında qəzəblə qarşılanır və sərt reaksiyalar verilir. Bu ölkənin telekanallarında və mətbuatda çıxış edən siyasətçilər, politoloqlar və ekspertlər müftəxor Ermənistana ayrılan bütün yardımların dayandırılmasını tələb edir, “bəsdir ermənilərin bizə boğaz ortağı olduqları” deyirlər. Onların bir çoxu qəzəb hissi ilə Ermənistanın yerində oturdulmasını istəyirlər. Ancaq Kremlin səbri nə qədər geniş olsa da, bir gün o da daşacaq və Ermənistan sərt şəkildə cəzalandırılacaq. Həmin məqamda çox güvəndiyi qərbli dostları da ona kömək edə bilməyəcəklər. Nəhayət, Ermənistan xəyanətkar əməllərinə görə üç yüzillik dostundan da öldürücü zərbə alacaqdır. Bunun günahkarı da, qurbanı da özü olacaqdır.