KÖŞƏ

Mahir Rəsuloğlu

Adın nədir? Daşdəmir...

22 dekabr 2021 22:57
1405

Paşinyan erməni ictimai fikrini yeni reallıqlara hazırlamaqla məşğuldur

Soçi və Brüssel görüşlərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşması ilə bağlı mövqeyi daha loyal görünür. Hiss olunur ki, ölkəsində ciddi siyasi təzyiqlərdən qaçmağa çalışan Paşinyan əldə edilmiş razılaşmalar və 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr bəyanatlarında, eləcə də Belçika paytaxtında Ermənistanın üzərinə götürdüyü öhdəliklər barədə hissə-hissə, necə deyərlər, erməni ictimai fikrini reallıqlara hazırlayaraq “alışdıra-alışdıra” məlumat verir. Səbəb bəllidir, düşmən ölkə rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsində üzləşdiyi acı məğlubiyyətdən keçən bir ildən artıq müddət ərzində hələ də siyasi sabitliyi bərpa edə bilməyib, qarşılıqlı ittihamlar, etiraz aksiyaları səngimir. Üstəlik, erməni siyasilər və tərəfdarları arasında revanşizm meyilləri ilə yaşayanlar da az deyil. Bütün bunları nəzərə alan Paşinyan ehtiyatlı davranmağı, qəbul etməyə məcbur olduğu öhdəliklər haqqında ictimaiyyəti birbaşa deyil, dolayısı ilə məlumatlandırmağı üstün tutur. Onun dekabrın 20-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşündəki çıxışı, ardınca isə Gürcüstana səfəri zamanı verdiyi açıqlamalar bu baxımdan diqqət çəkir. Təhlükəsizlik xidməti əməkdaşlarına əvvəlki fəaliyyətləri üçün təşəkkür edən Paşinyan bildirib ki, bundan sonra onların üzərinə daha çox iş düşəcək. Bununla da erməni baş nazir götürdükləri öhdəliklərin icrası istiqamətində atacağı addımlar zamanı ona müxalif fikirdə olanlarla yumşaq davranmayacağının, güc strukturlarının xidmətlərindən də istifadədən çəkinməyəcəyinin mesajını verib. Erməni baş nazir ardınca Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yarandığını deyib: “Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək.”

Dekabrın 21-də Gürcüstana rəsmi səfəri zamanı isə N.Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib.

O, Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi-ticari əməkdaşlıq komissiyasının iclasında çıxışı zamanı bildirib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. “Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq” deyən erməni baş nazir,

həmçinin Azərbaycanla avtomobil yolunun bərpasının mümkünlüyünü də vurğulayıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb”.

Beləliklə, Nikol Paşinyan dolayısı ilə postmünaqişə dövrü üçün konkret addımların atılması mərhələsinin yetişdiyini bildirib və bunun Ermənistana da yeni imkanlar açacağını qeyd edib.

Cənubi Qafqazda nəqliyyat-iqtisadi kommunikasiyaların açılması problemi, iqtisadi əlaqələrin bərpası perspektivləri dekabrın 22-də İrəvanda Paşinyanın Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən də əsas müzakirə mövzusu olub. Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinin də iştirak etdikləri görüşdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı cari məsələlərə də toxunulub. Qeyd edək ki, A.Overçuk  İrəvana səfərindən öncə Bakıda olub. Görüş barədə danışan Ermənistan baş nazirinin müavini M.Qriqoryan bildirib ki, üçtərəfli İşçi Qrupu Arazdəyən-Horadiz dəmir yolunun mərhələli şəkildə açılması variantını müzakirə edir. Onun sözlərinə görə, müzakirələrə çıxarılan variantlardan biri də Mehri və Mincivan-Horadiz hissələrində yeni dəmir yolunun çəkilməsini gözləmədən Naxçıvandan İrana kommunikasiyanın açılması məsələsi olub: “Mövcud infrastrukturdan istifadə etməklə gerçəkləşdirilə biləcək hər hansı kommunikasiya xəttinin açılması imkanı, əlbəttə ki, bizim üçün arzuolunandır. Amma bu, danışıqların mövzusudur və hansı razılığa gələcəyimizi hələ deyə bilmərəm.”

Göründüyü kimi, Paşinyan və komandası yekun sülh müqaviləsinə aparacaq razılaşmaların və öhdəliklərin yerinə yetirilməsindən yayınmağın artıq mümkünsüz olduğunu anlayır və nəhayət ki, lazımi addımlar atmağa başlayıb. Necə deyərlər, adın nədir? Daşdəmir...